Tarix : 2014 Jun 25
Kod 43284

Məmmədyarovu «mühasirə»yə saldılar

Elmar Məmmədyarov əsəbləşməyə başlayıb və həmini məlumatsızlıqda ittiham edib

Arannews - Öncədən qeyd etmişdik ki, AŞPA-nın yay sessiyasında  Azərbaycan hakimiyyəti çətin suallarla üz-üzə qalacaq. Həqiqətən də gözlənilən hal baş verdi və hakimiyyət sual yağışına tuş gəldi. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi AŞPA-nın yay sessiyasında çıxış etdi və müxtəlif ölkələrdən olan jurnalistlərin suallarına cavab verməli oldu.

Elmar Məmmədyarov çıxışı zamanı bildirib ki, Avropa ilə yaxınlaşma Azərbaycan üçün prioritetdir, bu siyasət davam etdiriləcək və korrupsiya ilə mübarizə tədbirləri davamlı olacaq. Daha sonra nazir qeyd edib: “Sədrliyimiz Avropa Şurasının hər bir insanın ayrı-seçkiliyə məruz qalmadan sosial hüquqlardan istifadə etməsi istiqamətində gördüyü işləri dəstəkləyəcək. Qadın haqları da heç bir halda diqqətdən kənarda qalmamalıdır”.

Görünür, Elmar Məmmədyarovun Azərbaycanda olmayan dəyərlər haqqında iştahla danışması tədbir iştirakçılarını da qəzəbləndirib ki, nazirimizi ağır suallarla sınağa çəkiblər.

 

“Lazım”sız Qarabağ

Nazirimiz Avropalı deputatın Qarabağ məsələsinin çözümü haqqında sualını cavablandırıb və yalnız dinc yolu məqbul sayıb: “Rəsmi Bakı işğal olunan torpaqların azad edilməsi üçün dinc varianta üstünlük verir. Biz ümid edirik ki, Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi dönəmində Qarabağ probleminin çözümü üçün müəyyən addımların atılması mümkün olacaq. Sülhün bərqərar olması, münaqişənin çözülməsi təkcə Azərbaycan üçün deyil, bütün region üçün son dərəcə önəmli məsələdir” - deyə Məmmədyarov bildirib.

Bir qayda olaraq hakimiyyət sözçüləri ölkə xaricində olanda “lazım gəlsə hərbi yolla torpaqlarımızı ala bilərik” ifadəsindən istifadə etmirlər. Görünür, “lazım” yalnız ölkə əhalisinin hüzurunda lazımlı olur. Ona görə də Məmmədyarov  suala cavab verərkən sülh yolundan “sallaşmaq”la məşğul olub və yükü başqalarına şələlləməyə cəhd edib. Çünki, beynəlxalq aləm bu hakimiyyətin müharibə edəcək qədər cəsarətli olmadığını bilir. Hakimiyyət də başa düşür ki, böyük tribunalardan, “liliput” cəsarət sərgiləmək gülməli görünür.

 

Neftdən söhbət düşəndə

Deputat Oqramundun sualı isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu ilə bağlı olub. Deputatın “Azərbaycan Avropanın təbii qaz idxalında Rusiyadan asılılığını azalda bilərmi” sualına cavab verən Elmar Məmmədyarov deyib ki, Azərbaycanın bu sahədə bütün strategiyası milli maraqlar üzərində qurulur: “Azərbaycan Gürcüstan və Türkiyədən keçməklə öz neftini Avropa bazarlarına çıxarır. Bu kəmər, Azərbaycan üçün sadəcə iqtisadi layihə deyil, eyni zamanda müstəqilliyinin təminatıdır. Indi eyni marşrutla Transanadolu qaz kəmərinin tikintisi gedir. 2018-2019-ci illərdə bu projenin həyata keçəcəyi planlaşdırılır. Kəmərin son nöqtəsi Italiyadır. Türkiyədən Italiyaya olan hissəni bildiyiniz kimi, Avropa Ittifaqı maliyyələşdirir. Kəmərin ümumi dəyəri 45 milyard avrodur. Bu xətlə ilkin mərhələdə ildə 16 milyard kubmetr qazın idxalı gerçəkləşəcək. Daha sonra isə biz bu təbii qaz idxalının həcmini 2 dəfəyə artırmağı planlaşdırırıq” - deyə Məmmədyarov bilidirib.

Diqqət etsəniz şahidi olarsınız ki, neftdən, qazdan söhbət düşəndə, hakimiyyətin bütün sözçüləri bülbülə çevrilirlər. Hansı kəmərdən nə qədər gəlir gələcəyini, hansı yatağın tikintisinə nə qədər pul ayrılacağını, tikintini hansı ölkənin maliyyələşdirəcəyini əzbər bilirlər və bu söhbətlərdən həzz alırlar. Saçı yalnız keçəl qırxa bilən bərbər kimi, bunlar da yalnız bu tipli suallara cavab verə bilirlər.

 

Əjdahaya çevrilən suallar və cavabsızlıq

Fransalı parlamentar B.Brua Elmar Məmmədyarovdan Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslar məsələsinin hansı səbəbdən çözülməməsini soruşub.

Deputat Estavera isə Azərbaycandakı siyasi azadlıqlar məsələsini qaldırıb, siyasi məhbusların azad edilməsi prosesini yubandığını vurğulayıb: “Azərbaycan artıq Avropadan nələrsə öyrənməlidir. Azərbaycanda bütün vətəndaşların siyasi bərabərliyi təmin olunmalıdır, heç bir şəxs siyasi baxışlarına görə təqiblərə məruz qalmamalıdır”.

Moldovadan olan deputat isə nazirə “Oliqarxlarla necə mübarizə aparırsız?” sualını verib. 

Nazir bildirib ki, Azərbaycan problemləri aradan qaldırmaq üçün səy göstərir: “Heç kim Azərbaycanın demokratik, təmiz, ideal ölkə olduğunu iddia etmir. Biz demokratiyanı inkişaf etdirməyə çalışırıq. Əsas məqam da budur. Zamanla bütün problemlər yoluna qoyulacaq. Biz 2014-2016-cı illər üçün tədbirlər planı hazırlamışıq. Hesab edirəm ki, dediyiniz məsələlərlə bağlı bir sıra tədbirlər görüləcək. Həmin tədbirlər planına baxsanız aydın olacaq ki, Azərbaycanın məqsədi demokratiyanı təkcə Azərbaycanda deyil, regionda inkişaf etdirməkdir” - deyə Məmmədyarov bildirib.

Göründüyü kimi cənab Məmmədyarov cavab verərkən “ağ bayraq” qaldırıb və Azərbycanın ideal ölkə olmadığını bildirib.  Yəni, qəbul edib ki, bu iradlarla razıyıq və həll etməyə çalışacağıq. Sonrakı ifadələrində isə nazir mətləbdən qaçmağa çalışır. Siyasi məbusları azad etmək, məcburi köçkünlərə şəhərcik tikmək deyil ki, 2016-cı ilə qalsın. Söhbət hansı tədbirlər planından gedir? Plan qurub həbs etdiyiniz adamları azad etmək üçün, hansısa plana ehtiyac varmı?

Elmar Məmmədyarov məqsədin regionu demokratikləşdirmək olduğunu söyləyib. Hansıki, həmin regionda yerləşən Gürcüstan demokratik islahatlara çoxdan start verib və Avropa Ittifaqa ilə məlum sazişi imzalayacaq. Ermənistan prezidenti isə 3-cü dəfə prezident olmağı qanunsuz hesab edir. Digər ölkələrdən də misal gətirmək olar.  Ona görə də yaxşı olar ki, cənab nazir regiona demokratiya gətirmək əziyyətinə qatlaşmasın, öz ərazisində demokratiyaya işıq yandırmağa çalışsın.

Əsas odur ki, Məmmədyarov səslənən ittihamları dana bilməyib. Sadəcə olaraq ənənəvi manevrlərlə demokratiyadan qaçmağa çalışıb.

 

Həqiqət acı olsa da

Elmar Məmmədyarova bu tipli suallar verildikcə o əsəbləşməyə başlayıb və həmin şəxsləri məlumatsızlıqda ittiham edib. Çünki, beynəlxalq tribunadan nə hər şeyi danmaq, nə də “yaxşı eləmişik” demək mümkün deyil. Yəqin ki, bundan sonra heç vaxt, hakimiyyət sədrlik məsələsinə görə qürurlanmayacaq. Bu sual-cavabdan sonra AŞPA-dakı sədrlik dövrü hakimiyyət üçün matəm günləri olacaq.

Həqiqət nə qədər acı olsa da, bir gün mütləq dadmalısan. Yəqin, hökumətimiz indi şirin qida axtarır.


  • Yazılıb
  • da (də) 2014 Jun 25