insanlar 20 il ərzində müharibədən yorulublar və onlar maliyyə resurslarının xərcləndiyini bilirlər
Arannews - ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik Ermənistan və Azərbaycan prezidentlərinin yaxın gələcəkdə görüşünün əhəmiyyətini vurğulayıb .
“Danışıqlar prosesində yeni mərhələyə daxil olmağa ehtiyac var. İntensiv danışıqların yeni mərhələsinə başlamaq və əhəmiyyətli irəliləyişə nail olmaq lazımdır” – deyə, Uorlik Amerikanın Səsi Azərbaycan bölməsinə müsahibəsində bildirib .
Diplomat qeyd edib ki, insanlar 20 il ərzində müharibədən yorulublar və onlar maliyyə resurslarının xərcləndiyini bilirlər .
Uorlik cəbhə xətti və Ermənistan-Azərbaycan sərhədində bu yaxınlarda baş verən gərginliyə görə narahat olduğunu bildirib .
O, əlavə edib ki, həmsədrlər bu gərginliyin azalmasının şahidi olmaq istəyirlər .
Rusiyanın mövqeyi barədə danışan Uorlik Rusiyanın xarici işlər naziri Sergey Lavrov regiona səfəri zamanı tərəfləri Fransa prezidenti Fransua Ollandın dəvətini qəbul etməyə səsləməsini vurğulayıb .
“Biz bununla razılaşırıq. Prezidentlər dəvət qəbul etməli və məhsuldar danışıqlara başlamalıdırlar. Biz Rusiya tərəfi ilə yaxşı anlaşırıq. Mən Rusiya və Fransadan olan həmsədrlərlə birgə işləyirəm. ABŞ ATƏT-in Minsk qrupunun fəaliyyətinə sadiqdir. Lakin biz bacardığımız qədər ikitərfli qaydada da kömək etməyə hazırıq” – deyə, Uorlik bildirib.