Arannews - Siyasi qaynağların Bakı və İrəvan arasında yeni saziş planından məlumat verdiyi bir vaxt Bakıda bəzi media xəbər yayıb ki, Azərbaycan ordusu Ermənistana yaşıl rəngdə raket atıb.
Bakı mediasına görə, Tovuz rayonunun Ermənistanla sərhəd Əlibəyli kəndinin erməni qüvvələri tərəfindən şiddətli atəşə tutulmasına cavab olaraq Azərbaycan ordusu ötən gecə ermənilərin mövqelərinə güclü zərbələr endirib.
Ermənistanın Azərbaycanla həmsərhəd Ayqepar kəndinin başçısı Andranik Aydınyan "A1+” telekanalına açıqlamasında bildirib ki, iyunun 27-də axşam saat 22:30-da Azərbaycan ordusunun mövqelərindən kəndə tərəf yaşıl rəngdə raket buraxılıb.
"Yaşıl rəngdə raket buraxdılar ki, kənd işıqlansın. Ardınca iriçaplı silahlardan saat 01:30-a qədər aramsız atəş açdılar” - deyə Aydınyan bildirib.
ANS telekanalı isə xəbər verib ki, Ermənistan ordusunun mövqelərindən dünən axşam saat 23:00 radələrindən başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi yenidən güclü atəşə tutulub.
Son bir neçə gün ərzində ermənilər Tovuz rayonunun Əlibəyli kəndinin dörd dinc sakinini, o cümlədən bir azyaşlı uşağı yaralayıblar. Qazax rayonunda isə bir leytenant erməni gülləsindən yaralanıb.