Tarix : 2014 Jul 02
Kod 43370

Azərbaycanın Ermənistana açıq mesaji

Azərbaycan göstərmək istəyir ki, konfliktin həllinin uzanması xəbərdarlıqdan konkret addımlara da keçə bilər

Arannews - “Ali Baş Komandanın iştirakı ilə Azərbaycanın keçirdiyi son təlim Ermənistana yönələn açıq mesaj idi”.

Bu sözləri Axar.az-a politoloq Ərəstun Oruclu iyunun 26-da Azərbaycanda baş tutmuş hərbi təlimləri şərh edərkən söyləyib. O, cəbhədə hərbi əməliyyatların başlayacağına inanmadığını bildirib:

“İstənilən hərbi təlim mesaj xarakteri daşıyır. Azərbaycanın Silahlı Qüvvələr Günündə keçirdiyi güc strukturkarının genişmiqyaslı hərbi təlimi də mesaj idi. Bilirsiniz ki, son bir ay ərzində cəbhədə gərginlik müşahidə olunur. Bununla yanaşı, Rusiyanın Azərbaycana üç rayon qaytarması ilə bağlı müəyyən informasiyalar eşidirik. Mənə elə gəlir ki, bu daha çox manevr xarakteri daşıyır. Azərbaycan göstərmək istəyir ki, konfliktin həllinin uzanması xəbərdarlıqdan konkret addımlara da keçə bilər”.

Politoloq son hadisələrin ortada çox ciddi gərginliyin mövcudluğunu hiss etməyə əsas verdiyini vurğulayıb:

“Son hadisələr göstərir ki, atəşkəs ciddi şəkildə pozula bilər. Əgər diqqət yetirirsinizsə, artıq erməni tərəfi bu təhlükəni hiss edib və daxili auditoriyadakı narahatlığı nizamlamaq üçün hədələrə keçib. Doğrudur, hələlik biz bunu dövlət başçısı və müdafiə nazirinin dilindən eşitmirik. Amma Ermənistan elə bir dövlətdir ki, orada hansısa məmur öz fikirlərini ifadə edə bilməz. Erməni məmurları danışırsa, demək, hakimiyyətlə razılaşdırılıb. Bu, xüsusilə Qarabağla bağlı mövzuları əhatə edir”.

Bütün bu aqressiv ritorikaya baxmayaraq, politoloq genişmiqyaslı hərbi əməliyyatların başlayacağını istisna etdiyini bir daha bildirib.


  • Yazılıb
  • da (də) 2014 Jul 02