Ermənistanın bu əraziləri işğalı və həyata keçirdiyi etnik təmizləmə nəticəsində 20 min azərbaycanlı öldürüldü, ümumilikdə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi
Arannews - Kaliforniyanın “Sacramento Bee” qəzetində azərbaycanlı icmasının fəalı Elnur Aydınovun Ermənistanın işğalçılıq siyasətindən bəhs edən məqaləsi dərc olunub. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun yaydığı xəbərə görə, məqalədə Ermənistandan azərbaycanlıların kütləvi şəkildə didərgin salınması, Azərbaycan torpaqlarının işğalı, bu torpaqlarda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə barədə geniş söhbət açılır.
1988-ci ildən öncə öz ailəsi də daxil olmaqla yüz minlərlə azərbaycanlının Ermənistanda yaşadığını bildirən müəllif qəfildən ermənilərin azərbaycanlılara qarşı aqressivləşdiyini və azərbaycanlılardan öz doğma obalarından çıxmasını tələb etdiyini yazır. Bundan sonra bütün azərbaycanlıların Ermənistandakı yurd-yuvalarından didərgin salındığını bildirən Elnur Aydınov onların böyük əzab-əziyyətlərə məruz qaldığını vurğulayır. Müəllif yazır ki, acı tale ilə Dağlıq Qarabağ və ətraf yeddi rayonda yaşayan azərbaycanlılar da üzləşməli olublar: “Ermənistanın bu əraziləri işğalı və həyata keçirdiyi etnik təmizləmə nəticəsində 20 min azərbaycanlı öldürüldü, ümumilikdə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi”.
Müəllif qeyd edir ki, bütün bunlardan sonra erməni lobbisinin təsiri altında Kaliforniya Ştat Assambleyasının Azərbaycan ərazilərində yaradılmış qondarma bir rejimə dair qətnamə qəbul etməsi ABŞ xarici siyasətinə və beynəlxalq birliyin iradəsinə qarşıdır. Elnur Aydınov bildirir ki, bununla erməni lobbisi qanunsuz hərbi işğalı unutdurmaq niyyəti güdür. Hazırda qətnamənin Kaliforniya Senatında baxılmaqda olduğunu söyləyən müəllif Senatın erməni yalanlarına uymayacağına və qətnaməni rədd edəcəyinə ümid etdiyini vurğulayır.