Arannews - Bu gün ilk hicab şəhidi, hacı Vaqif Abdullayevin şəhadətindən 2 il ötür.
Azərbaycan İslam Partiyasının fəallarından biri, hicab məhbusu və şəhidi, zindanda dünyasını dəyişmiş Hacı Vaqif Abdullayevin şəhadətinə səbəb olanlar hələki cəzasız qalıblar və günahkarlar hələdə məsuliyyətə cəlb olunmayıblar.
Şəhidlik zirvəsinə ucalmış Vaqif Abdullayev haqda dostları, əqidə yoldaşları və hicab müdafiəçiləri bu gün Bakıda Mərhumun adına hüzn məclisi təşkil edəcəklər.
Hicab müdafiəçisi, Hacı Vaqif Abdullayev 2011-ci il oktyabrın 7-də 11 il azadlıqdan məhrum edilmiş, 2012-ci il iyulun 12-də isə Penitensiar Xidmət İdarəsinin Müalicə Müəssisəsində vəfat etmişdir.
Ötən il Azərbaycan Respublikasında ictimaiyyətinin 100-dən çox tanınmış siması hicab şəhidi Hacı Vaqif Abdullayevin şəhadəti ilə bağlı bəyanatda bildirmişdilər: “Biz hesab edirik ki, İslam partiyasının sədr müavini olan Hacı Vaqif Abdullayev, öz baxışlarına görə təqibə məruz qalıb və qeyri-obyektiv keçirilən məhkəmənin əsassız və qeyri-hüquqi hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilib. Azadlıqdan məhrumedilmə yerlərində onun xəstəliyinin şiddətlənməsinə baxmayaraq, barəsində yetərli tibbi tədbirlər görülməmiş, kompetent həkim nəzarəti və ciddi müalicə təmin edilməmişdir. Bu azmış kimi, xəstəliyinin son dərəcə şiddətlənməsi mərhələsində belə, vəkilinin həyəcan təbili çalmasına baxmayaraq, Hacı Vaqif Abdullayevin xilası üçün heç bir zəruri və kafi addımlar atılmamışdır.”