AXCP sədri Əli Kərimli Leyla Yunusun həbsinin irticanın, repressiyanın yeni dalğasının kluminasiyası olduğunu vurğulayıb
Arannews - “Baş verənlər təpədən dırnağa siyasi sifarişdir”
“Sülh və Demokratiya İnstitutu”nun ofisində hüquq müdafiəçisi, sözü gedən ictimai birliyin hal-hazırda həbsdə olan rəhbəri Leyla Yunusun həbsi ilə bağlı ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə ictimai siyasi xadimlər, hüquq müdafiəçiləri, media və səfirlik nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan tarixçi, Milli Şuranın sədri Cəmil Həsənli vətəndaş cəmiyyətinə olan basqıları insan hüquqları təşkilatlarının repressiv qaydada ictimai həyatdan sıxışdırılması, eləcə də ölkədə avtoritar rejimin hökm sürməsi kimi qiymətləndirdiyini qeyd edib:
“Söz deyən, öz fikrini bildirən, hakimiyyəti tənqid etmək iqtidarında olan hər kəsin nəsibi ya narkotikadır, ya xırda xuliqanlıqdır, yaxud da polisə müqavimət göstərməkdir. Bütün bu saxta ittihamlarla vətəndaşlar, jurnalistlər susdurulur. Biz Leyla xanıma qarşı yönəlmiş bu saxta, hüquqa zidd ittihamlara qarşı birgə mübarizə aparmaq üçün görəcəyimiz işlər barəsində fikir mübadiləsi aparmalıyıq. Biz ölkənin ictimaiyyətini, beynəlxalq ictimaiyyəti, demokratiyanın yanında olan nümayəndələri bu məsələyə - Leyla xanımın və digər siyasi məhbusların işinə, müdafiəsinə cəlb etmək lazımdır”.
AXCP sədri Əli Kərimli Leyla Yunusun həbsinin irticanın, repressiyanın yeni dalğasının kluminasiyası olduğunu vurğulayıb:
“Son bir neçə gündə iyirmiyə qədər qeyri-hökumət təşkilatlarının hesabları bağlanıb. Daha bir hüquq müdafiəçisi Rəsul Cəfərovun ölkədən çıxmasına imkan verilmir. Bu günlərdə də iki sosial şəbəkə fəalı – Fərəc Kərimov və İlham Muradov qanunsuz olaraq “facebook” fəaliyyətinə görə həbs olunublar. Gəncədə vətəndaş cəmiyyətinin nümayənsədi Həsən Hüseynli həbs olunub. Bu İlham Əliyev hökumətinin Azərbaycanın demokratik düşərgəsinə qarşı növbəti repressiya dalğasıdır. Leyla xanımın həbs olunması sadə bir məsələ deyil. Biz Azərbaycan cəmiyyətində növbəti həbslərin qorxu yaratmasına, hökumətin cib müxalifətinin, cib QHT-nin meydan sulamasına imkan verməməliyik. Partiya olaraq, gənclər təşkilatları olaraq, sosial şəbəkələrdə növbəti mitinqlərin hazırlığının müzakirəsi getməlidir”.
Leyla Yunusun hüquqlarını müdafiə edən vəkil Xalid Bağırov isə Leyla xanıma qarşı irəli sürülən ittihamların gülünc arqumentlərə əsaslandığını bildirib:
“Leyla Yunusa dələduzluq ittihamı veriblər ki, bir hesabından digər hesabına pul köçürüb. Baş verənlər təpədən dırnağa siyasi sifarişdir. Eyni ittihamlarla Arif Yunus çöldə qalıb, eyni ittihamlarla Leyla xanım həbsə alınıb. Belə çıxır ki, Leyla Yunusu həbs etmədən də mühakimə edə bilərdilər. Leyla xanım indi Kürdəxanıya köçürülüb. onunla görüşəcəyəm.“
Çıxış edənlərdən sonra bir çox vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri Leyla Yunusun müdafiə komitəsinin yaradılması sahəsində əməli və birgə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.