Arannews - Bunu indi həm də əcnəbi təhlilçilər deyir; işğalının itirəcəyi isə təkcə Dağlıq Qarabağla bitməyə bilər; Bakı-Ceyhanı, Mingəçevir su anbarını vurmaqla hədələyən erməni generalları, görəsən, Msamor AES-in aqibəti haqda düşünürlərmi?..
Ümidlər indi də Soçi görüşünə bağlanıb. Ancaq əksər analitiklərin, o sırada bır sıra tanınmış rusiyalı ekspertlərin proqnozu belədir ki, Soçidən də ciddi nəticə gözləməyə dəyməz. O səbəbə ki, sülh danışıqlarında irəliləmək, uğur qazanmaq üçün ilk öncə münaqişə tərəfləri arasında minimum səviyyədə qarşılıqlı etimad atmosferi hökm sürməlidir. O isə yoxdur. Nəinki yoxdur, son bir həftə ərzində işğalçı ölkənin diversiya hərəkətləri, hücumları nəticəsində qarşılıqlı nifrət 21 illik atəşkəs dövründə pik həddə qalxıb. Paralel surətdə görüş ərəfəsində düşmən ölkənin Azərbaycan əleyhinə qarayaxma və təbliğat kampaniyası güclənib.
Bu xüsusda ola bilsin heç Moskvanın da edə biləcəyi bir şey yoxdur, qalmayıb. Hərgah, belə durumun özü Kremlin strateji maraqlarına tam cavab verir, çünki Azərbaycanla Ermənistan arasından konfrontasiya vəziyyətinin qalması və davamı ixtilafın həllini daha uzaq “qutuya” atır ki, bu da hələlik Rusiyanın Güney Qafqaza yönəlik neoimperiya maraqlarına uyğundur.
Eyni zamanda müharibənin başlanması da Moskvaya sərf eləmir. Ona görə ki, o halda Rusiya Azərbaycanla Ermənistan arasında açıq şəkildə seçim eləməli olacaq. Geniş miqyaslı hərbi əməliyyatların başlaması bu iki ölkənin Avrasiya Birliyinə üzvlük perspektivini də həmişəlik dəfn edə bilər. Odur ki, Qarabağ məsələsində Moskvanın “qamçı və kökə” siyasətinin hələ bir müddət, daha dəqiqi, Putinin Avrasiya layihələri reallaşanacan davam edəcəyini təxmin eləmək mümkündür.
Soçi görüşünə gəlincə, bu təmas daha çox Rusiyanın və ya Putinin özünü reklamı, bir qədər də Qərbə güc nümayişi kimi Kremlə lazım ola bilərdi. Ukraynadakı hərbi-siyasi uğursuzluqlar fonunda bu “əzələ nümayişi” indi Moskvaya çox lazımdır. Yeri gəlmişkən, Dağlıq Qarabağ probleminin həlli mümkünlüyü indi tez-tez Ukraynadakı proseslərin kontekstində, sağdan-soldan qiymətləndirilməkdədir.
***
Qarabağ məsələsi o sırada ukraynalı analitiklər tərəfindən də analiz edilməkdədir. Məsələn, politoloq Yuri Romanenkoya görə, Ermənistan Dağlıq Qarabağı tezliklə itirəcək. Politoloq özünün facebook səhifəsində müxtəlif faktlara əsaslanaraq rəsmi İrəvanın vəziyyətinin çox çətin olduğunu yazıb: “Ermənistanın mövqelərinin zəifliyi ən əvvəl onun öz qonşuları ilə münasibəti ilə bağlıdır: Türkiyə - düşmən, Azərbaycan - düşmən, Gürcüstan isə Türkiyənin orbitindədir. O, daim burada öz mövqelərini möhkəmləndirir. Rusiya Ermənistanın əsas müttəfiqi və donorudur”.
Ekspert bu və digər səbəblərdən işğalçını yaxşı gələcək gözləmədiyinə əmindir: “Perspektivlərə gəlincə, yaxın müddətdə Türkiyənin regional təsiri daha da artacaq. İranın regional təsiri bu dəqiqə müəyyənləşdirilməmiş mərhələdədir. Ermənistanın əsas müttəfiqi olan Rusiya yaxın gələcəkdə Ukraynaya görə ağır daxili böhrana girəcək. Beləliklə, Rusiya labirintə daxil olur və özü uğursuzluğa düçar olur. Bunun nəticəsində Ermənistan Azərbaycan və Türkiyə ilə baş-başa qalacaq. Bəs onun hansı şansları olacaq? Heç bir. Bəs Ermənistanın hansı variantı ola bilər? Avropa Birliyi və ABŞ-da olan erməni lobbisindən kömək istəmək. Məsələnin qiyməti necə olacaq? Qarabağ itiriləcək. Əks təqdirdə, ABŞ və Avropa Birliyi Türkiyə ilə Azərbaycana qarşı münasibətlərində hansı vasitələrdən istifadə etməlidir ki, onları dayanmağa məcbur etsin?”
***
Heç şübhəsiz, özünün gerçək sonluğunu yaxşı bilən, Krım olaylarının Dağlıq Qarabağın ilhaqını da yavaş-yavaş dünyanın gündəminə gətirdiyini fərq edən Ermənistanın isteblişmenti son vaxtlar Azərbaycana qarşı xeyli əsəbi və aqressivdilər. Elə olmasaydı, düşmən dövlətin müdafiə naziri Seyran Ohanyan Azərbaycanı Mingəçevir su anbarını vurmaqla hədələməzdi.
“Rusiyalı politoloq: “Müharibə elə də uzaqda deyil...”
Amma nahaq yerə. Gərək şüşəli otaqda oturub başqalarını daş atmaqla hədələməyəsən. Bəs birdən Azərbaycanın raketlərindən biri təsadüfən Msamor AES-ə düşsə, onda erməniərin halı necə olar görəsən? Ermənistanın olan-qalan əhalisi də Ohanyan cə Sərkisyanla birgə qırılıb qurtarmazmı?
Qurtarar. Xatırladaq ki, az öncə başqa bir erməni generalı müharibənin başlayacağı təqdirdə Bakı-Ceyhan kəmərini vura biləcəyi ilə hədələmişdi. Aydındır ki, belə hədələri ermənilərin dilindən Moskva səsləndirir. O Moskva ki, bu dəqiqə heç də yaxşı durumda deyil və faktiki surətdə Ukraynada onun geosiyasi taleyi həll olunur.
***
Rusiyanın tanınmış analitiklərindən olan Stanislav Belkovskinin bu xüsusda fikirləri də yetərincə maraqlıdır və işğalçı ölkəyə yaxşı bir şey vəd eləmir. “Bizim Yol”a açıqlamasında o, Qarabağda yeni müharibənin alovlanması ehtimalları, savaşın kimə sərf etməsi və həmçinin, Prezidentlərin Soçi görüşü barədə mülahizələrini bölüşüb.
Politoloqun qənaətincə, müharibə o qədər də uzaqda deyil: “Barıt qoxusu hər gün keçdikcə Azərbaycan-Ermənistan sərhədini daha çox bürüyür. İndi əsas sual ”baş verənlərdən sonra məsələni öz məcrasına qaytarmaqla status-kvonun bərpası mümkündürmü" sualıdır. Ukraynada baş verən son hadisələr, onlardan doğan iqtisadi sanksiyalar fonunda Vladimir Putinə sülhməramlı əbası geyinmək olduqca vacibdir. Odur ki, Putin Soçi görüşü zamanı mütləq hansısa real nəticənin əldə olunması üçün imkanı daxilində olan hər şeyi edəcək. Bu nəticə xırda belə olsa, Putin səy göstərəcək. Yəni öz maraqları üçün Putin Qarabağ məsələsinə ciddi girişib".
Politoloqa görə, hazırkı situasiyada həm dünya, həm də ölkə ictimaiyyətinin diqqətinin bir müddətlik olsa belə, Ukraynadan başqa səmtə yönəldilməsi Kreml başçısı üçün çox vacibdir: “Putin Ukraynanın cənub-şərqində uğur əldə edə bilmir, sanksiyalar artır və indi onun daha uğurlu fəaliyyət göstərəcəyi bir istiqamət lazımdır. O da ki Ermənistan-Azərbaycan münaqişəsidir. Bu münaqişənin həlli zamanı Putini heç olmasa, mülki sərnişin təyyarələrini vurmaqda ittiham etməyəcəklər. Mənə də çox maraqlıdır: qarşısına qoyduğu məqsədə o, nail ola biləcəkmi?
Azərbaycanın işğal olunmuş torpaqlarının mərhələli qaytarılması variantına münasibət bildirən rusiyalı analitik bunun Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması üçün yaxşı kompromis hesab edir: “Buna nail olsa, bu, Putinin böyük uğuru sayıla bilər. Putin bilir ki, o halda dünya birliyi ona ayrı gözlə baxacaq. Hazırda dünya ona yalnız Ukraynada baş verənlərlə bağlı aqressor kimi baxır. Putin bu imici dəyişmək üçün səy göstərəcək. Yəni Dağlıq Qarabağ münaqişəsinin həlli Putin üçün ”xilas yolu" ola bilər".
Ancaq Belkovskiyə görə, heç də hər şey Kreml başçısından asılı deyil: “Unutmaq lazım deyil ki, artıq qlobal dünyada Putin bu münaqişənin həllində Rusiyanın münasibətləri yaxşılaşan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dəstəyinə də ümid edir. Bu fikirləri demək üçün kifayət qədər əsas var. Yaddan çıxarmayaq ki, Krım hadisələri zamanı yarımadada alovlana biləcək Krım tatarlarının üsyanının genişlənməməsinə məhz Ərdoğan kömək etdi”.
Politoloqun zənnincə, əgər söhbət konkret rayonların azad edilməsindən gedəcəksə, onda Azərbaycandan da ciddi güzəştlər tələb ediləcək: “Bu güzəştləri isə Putin birbaşa yox, Ərdoğan vasitəsilə reallaşdıra bilər. Doğrudur, söhbətin hansı güzəştlərdən getdiyini bu gün söyləmək olmaz, amma Soçidə Putin davamlı atəşkəsin bərpasına nail olsa, bunun özü də uğur sayılacaq. Dediyim kimi, Ukrayna böhranının vurduğu ziyanlar fonunda istənilən irəliləyiş mətbuat tərəfindən nəhəng uğur kimi qiymətləndiriləcək. Təkrar edirəm, Putin üçün indi köhnəlmiş hansısa konfliktin fonunda sülhməramlı əba geyinib diqqəti Ukraynadakı uğursuzluqlardan yayındırmaq çox vacibdir. Bu məqsədlə Soçi görüşündə minimum plan davamlı atəşkəsə nail olmaq və tərəfləri kompromisə hazır olmağa çağırmaqdır. Əgər Putin böyük müharibənin qarşısını alan sülhməramlı kimi qələmə verilsə, onda Qərblə qlobal problemlərin həllini sonraya da saxlamaq olar. Qarabağ məsələsində xırda da olsa, irəliləyişə nail olmaqla Putin: a) özünün sülhpərvər olduğunu, b) Qərblə loyal münasibətlərin bərpasına hazır olduğunu göstərmək istəyir. Bəs Bakı və İrəvan buna gedəcəklərmi? Əsl sual elə budur”.
***
Lakin bu yerdə politoloqla razılaşmaq çətindir. Ona görə ki, Ermənistan çoxdan Rusiyadan asılıdır və məsələdə müstəqil söz sahibi deyil. Bu gün münaqişədə faktiki, iki tərəf var - Azərbaycan və Rusiya. O üzdən Putin gerçəkdən də məsələdə irəliləyiş olmasını, dünyadakı imicinin yaxşılaşmasını istəməkdə səmimidrsə, o zaman onun müharibəsiz-filansız, işğalçı ölkəyə sadəcə, göz ağartması yetər.