Prezidentlərin Soçi görüşündə sülh danışıqlarının davam etdirilməsi barədə razılığa gəlindiyi deyilsə də, faktiki olaraq bu görüşü nəticəsiz hesab etmək daha məntiqlidir
Arannews - Soçi görüşündən sonra düşmən ölkənin rəsmiləri və ictimaiyyət nümayəndələri sərsəm açıqlamalar verməyə başlayıblar; ermənilər Azərbaycanın müharibə edəcəyindən qorxuya düşüblər
Prezidentlərin Soçi görüşündə sülh danışıqlarının davam etdirilməsi barədə razılığa gəlindiyi deyilsə də, faktiki olaraq bu görüşü nəticəsiz hesab etmək daha məntiqlidir. Çünki sülh danışıqlarının özünün bir nəticəsi yoxdur. Bu görüşdə də sülh danışıqları istiqamətində bir irəliləyiş olmaması, əslində öncədən də deyildiyi və gözlənildiyi kimi, müharibə ehtimalını artırıb.
Düzdür, hələlik Azərbaycan dövlətinin buna yönəlik konkret açıqlaması yoxdur, eyni zamanda beynəlxalq təşkilatlar da sülh danışıqlarının davam etməsinin zəruriliyini vurğulayırlar. Ancaq ortada ciddi bir fakt da var ki, deyəsən, həm Ermənistan, həm Rusiya, həm də Qərb, Avropa qurumları Azərbaycanın müharibə haqqından yararlanacağından ciddi narahatdırlar.
Soçi görüşündən sonra Ermənistan prezidenti Serj Sərkisyanın verdiyi təlaş və narahatlıq ifadə edən açıqlamaları bu kontekstdə diqqəti ilk cəlb edir.
Sarkisyan yerli telekanallardan birinə müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli gündəmdə deyil.
Münaqişənin sülh yolu ilə həllinin vacib olduğunu deyən Sarkisyan Ermənistanın məsələnin həlli üçün istənilən danışıqlara getməyə və görüşlərdə iştirak etməyə hazır olduğunu bəyan edib: “Hesab edirəm ki, qoşunların təmas xəttində əvvəlki tək gərginlik olmayacaq”.
Sərkisyan qeyd edib ki, hazırda Qarabağ nizamlanmasına dair danışıqlar 2011-ci il Kazan sənədi ətrafında aparılır. Xatırladaq ki, Azərbaycan həmin sənədlə razı deyil: “Kazan sənədi Madrid prinsiplərinə əsaslanır və münaqişənin həllinin üç əsas prinsip üzərində həllini nəzərdə tutur-millətlərin öz müqəddəratını təyin etməsi,ərazi bütövlüyü və güc tətbiqindən imtina. O vaxt Azərbaycan prezidenti son anda sənədi imzalamaqdan imtina etdi”.
Bununla belə, Sərkisyan erməni xislətinə uyğun şəkildə qorxudan doğan hədələyici bəyanatlar da verib: “Ermənistan 300 kilometr məsafəni vura biləcək elə ballistik raketlərə sahibdir ki, onlar çox qısa zaman ərzində Azərbaycanın istənilən inkişaf etmiş yaşayış məntəqəsini Ağdam kimi xarabalığa çevirə bilər”.
O, Azərbaycan ordusunun nəyə qadir olduğunu yaxşı bildiklərini söyləyib: “Azərbaycan prezidenti çox gözəl bir şey söylədi ki, tərəflər bir-birilərinin imkanlarını yaxşı tanıyırlar. Həqiqətən, biz yaxşı bilirik ki, Azərbaycan Silahlı Qüvvələri hansı imkanlara sahibdirlər. Azərbaycanın rəhbərliyi də bizim haqqımızda yaxşı məlumata sahibdir. Mən bunu çəkinmədən deyirəm ki, əgər müharibə başlasa, Azərbaycan Silahlı Qüvvələri Naxçıvandan İrəvan sərhədlərinə çata bilərlər. Amma bu şeylər cəzasız qalmayacaq və Azərbaycan rəhbərliyi bunu çox yaxşı bilir. Bu seçim məsələsidir. Əgər bu insanlar taleyi yoxlamaq istəyirlərsə, əgər onlar genişmiqyaslı əməliyyatlardan qaçıb Ermənistanın sərhədyanı yaşayış məntəqələrini nişan seçməyi qərara alıblarsa, o zaman gərək bunun cavabdehliyi barədə də düşünsünlər”.
Maraqlıdır, Sərkisyan gah sülh yalvarışları edir, ardınca “hədələyici” bəyanat verir, gah da Azərbaycanın güclü olmasını etiraf edərək, “bunlar cəzasız qalmamaq” kimi absurd açıqlamalar verir. Azərbaycan torpaqlarını işğal edən və buna görə cəzasız qalan Ermənistan prezidentinin məlum açıqlaması tamamilə məntiqsizdir və heç bir hüquqi əsası yoxdur. Azərbaycanın öz torpaqlarını azad etmək haqqına malikdir və buna görə, heç bir cəzadan, məsuliyyətdən söhbət belə gedə bilməz!
Görünən budur ki, bütün bunlar qorxudan, təlaşdan doğan açıqlamalardır və Ermənistanda təkcə prezident yox, bütövlükdə ictimaiyyət narahatdır. Onlar Azərbaycanın öz müharibə haqqından yararlanmaq əzmində olduğunu anlayırlar, ancaq yenə də öz işğalçılıq siyasətindən çəkilmək əvəzinə, fitnəkarlıqlarını davam etdirməyə çalışırlar.
“Azərbaycanı müharibəyə Amerika sövq edir”. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın müdafiə nazirinin sabiq müavini Vaan Şirxanyan deyib.
Şirxanyan Rusiyanın Qarabağ münaqişəsi zonasına öz sülhməramlılarını göndərmək üçün cəbhədə gərginlik yaratmaq istəyini ciddi hesab etmədiyini də söyləyib. “Bu, olduqca uzun bir təmas xəttidir. Rusiyanın bu xətt boyu 15-20 min hərbçi yerləşdirmək imkanı varmı? Bu, mümkün deyil, heç təsəvvürə də gəlmir”, - deyə o bildirib.
Erməni hərbçisi vəziyyətin gərginləşməsinə gətirən bir neçə səbəb sadalayıb. Onlardan biri də onun fikrincə, Ermənistanın Gömrük və Avrasiya ittifaqlarına girməsinin əngəllənməsidir: “Aydın məsələdir ki, situasiya qarışsa, Ermənistanın üzvlük məsələsi təxirə düşəcək. Bunun isə açıq-aşkar bir sifarişçisi var - ABŞ. Amerika Ermənistanın həmin birliklərə girməsini istəmir. Azərbaycanın vəziyyəti gərginləşdirməsinin səbəblərindən biri də budur”.
Faktiki olaraq düşmən ölkə artıq ABŞ-a da ittihamlar yağdırmağa başlayıb. Bu onun göstəricisidir ki, Azərbaycanın haqlı mövqeyinin bütün dünyada qəbul olunması ermənilərin işğalçılıqdan öz xoşları ilə əl çəkməyə yetmir, bu mərhələdə onlar hətta Amerikanı belə şantaj etməkdən çəkindirmir.
***
Bu arada beynəlxalq ictimaiyyət də Azərbaycanın müharibə variantına əl atmaqdan başqa yolunun qalmamasının fərqindədirlər və bundan narahatdırlar. “The Sydney Morning Herald” qəzeti yazır ki, iyulun 26-dan bu günə kimi Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi zəminində 24 hərbçi itirib. Soçidə danışıqlar gedən ərəfədə də bir Azərbaycan əsgəri öldürülüb.
ABŞ-ın Karnegi Sülh Fondunun proqram direktoru, sabiq britaniyalı jurnalist Tomas de Vall isə adıçəkilən qəzetin sualına cavab olaraq deyib ki, heç bir halda Ermənistana və Azərbaycana Qarabağda müharibə lazım olmamalıdır: “Rusiya münaqişənin yenidən alovlanmasının qarşısını öncədən almaqda güclü istəyə malikdir. Rusiya müqavilə öhdəliyinə görə Ermənistana hərbi yardım etməlidir, digər tərəfdən isə Rusiya Azərbaycanla inkişaf etdirdiyi münasibətləri darmadağın etmək istəmir”.
Qəzet onu da yazıb ki, BP başda olmaqla bir çox şirkət indiyə qədər Azərbaycanın neft və qaz yataqlarına 40 milyard dollar sərmayə qoyub. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (2010-2011) Metyu Brayza deyib ki, Rusiya Ukraynadakı mürəkkəb duruma görə keçmiş sovet ölkələrində öz maraqlarını yetərincə qoruya bilmir.
Rusiya hökuməti şərqi Ukraynada yaranmış böhranda əlinin olması faktını kəskin şəkildə rədd edir.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə deyib: “Nə qədər ki, prezident Putin Ukraynada yeritdiyi siyasətdən geri çəkilməyib, onun cənubi Qafqazda hərbi gərginliyi azaltmasına göstərdiyi cəhdlərə daha az etibar ediləcək”. Qəzet qeyd edir ki, hazırda Metyu Brayza Estoniyanın paytaxtı Tallin şəhərində Müdafiə Araşdırmaları üzrə Beynəlxalq Mərkəzə başçılıq edir.
“Dağlıq Qarabağ münaqişəsini həll etmək yox, məhz idarə etmək Rusiyanın maraqlarına daha çox uyğun gəlir”. Bunu isə Londonda fəaliyyət göstərən “IHS Global Insight” təşkilatının aparıcı analitiki Lilit Qevorqyan (Lilit Gevorgyan) belə deyib. O, həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ konflikti Rusiyaya Ermənistana və Azərbaycana təzyiq rıçaqları verir. Ona görə də demək olar ki, Rusiyanın araçılıq etdiyi Soçi görüşü Dağlıq Qarabağda status kvonu saxlamağa xidmət edəcək.
***
“Əvvəlki onlarla üçlü formatdakı görüşlərə baxanda bu tip açıqlıq xarakterik deyildi”.
Bu sözləri də axar.az-a rusiyalı politoloq Qriqori Trofimçuk Soçi görüşünün nəticələrini şərh edərkən söyləyib.
O, Bakının Qarabağ konfliktinin həllində əllərinin tamamən açıldığını bildirib: “Mən bundan öncəki açıqlamamda da proqnoz vermişdim ki, Soçi görüşü çox təəssüf ki, Qarabağ konfliktinin həllində inkşaf nöqtəsi olmayacaq. O əvvəlki görüşlərə daha çox bənzəyirdi. Nəzərə alınmalıydı ki, Qarabağın astanasında artıq yeni müharibə dayanır. Məhz bu görüşün ərəfəsində kifayət qədər çox insan öldürülmüşdü. Azərbaycan və Ermənistan prezidentlərinin çıxışı da müəyyən qədər tanış idi. Əliyev bir şeyə diqqət çəkdi ki, problemi ”sülh yolu" ilə həll etmək istəyir (başqa sözlə desək, əgər bu gün sülhlə həll olunmasa, sabah müharibə ilə həll ediləcək - Q.Trofimçuk). Serj Sərkisyan açıq bəyan etdi ki, konfliktdə eskalasiyanı azərbaycanlılar edib.
Əvvəlki onlarla üçlü formatdakı görüşlərə baxanda bu tip açıqlıq indiki prosesə xarakterik deyildi. Görüşün nəticələrinə uyğun olaraq bunu demək olar ki, hazırda Bakının əlləri sözün bütün mənalarına uyğun olaraq açılıb. Ona görə də problemin sülh yolu ilə həllini birbaşa Soçidə danışıqlar zamanı edilən təklifləri məqsədyönlü şəkildə, praktiki detallarına qədər dəqiqləşdirmək lazım idi. Görünür bu, Rusiyanın Qarabağ probleminə təsir etmək üçün son şansı idi. Hətta Azərbaycan Prezidentinin özü də açıq şəkildə bu şansı ona verdi. Prezident Putin Soçi görüşünün təşəbbüskarı olaraq ondan asılı olan hər bir şeyi etdi ki, Rusiyanın yaxınlığında yaranacaq ikinci müharibənin qarşısını alsın. Amma bu dəfə daha çox şey tələb olunurdu. Belə ssenarinin qarşısının alınması üçün tələb olunan zəmanətin verilməsi qeyri-mümkün idi".
Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanın haqlı mövqeyini artıq kimsə inkar edə bilmir, onun müharibə etmək haqqından yararlanacağı isə tam real məsələ kimi qəbul olunub. Ermənistan indi seçim qarşısındadır; ya müharibə olacaq və onlar tamamilə məhv olacaqlar. ya da torpaqlarımızı boşaltmalıdırlar. Soçi görüşünün doğurduğu nəticə bunu ehtiva edir.