Tarix : 2014 Aug 17
Kod 43764

Naxçıvanı hərbi baxımdan hər cür möhkəmləndirmək lazımdır

Bunu Rusiyaya qarşı yox, Rusiyanın Ermənistan vasitəsilə hücumunu dəf etmək üçün etməliyik

Arannews -  “Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin görüşündə Rusiyaya qarşı heç bir şey yoxdur”.

Bu sözləri politoloq Vəfa Quluzadə Gürcüstan müdafiə nazirinin Azərbaycana səfərini şərh edərkən söyləyib. Buna baxmayaraq, politoloq hər üç ölkənin ittifaq yaratmasının vacib olduğunu bildirib:

“Bu, o zaman Rusiyaya qarşı ola bilər ki, ruslar Azərbaycanı işğal etmək istəsin. Məsələ ondan ibarətdir ki, Gürcüstanın və Azərbaycanın maraqları çox sıx sürətdə üst-üstə düşür. Biz açıq-aşkar Putinin yaratdığı Avrasiya İttifaqının əleyhinə olan Gürcüstan və Azərbaycandan ibarət Cənubi Qafqaz İttifaqı yarada bilərik. Əməkdaşlıq edəcək iki ölkədən hansısa birinə hücum olarsa, digərləri onun müdafiəsinə qalxmalıdır. Bax bu, çox gözəl təşəbbüs olardı.

Müdafiə nazirlərinin Naxçıvana getməsi məsələsi də çox gözəl addımdır. Çünki Naxçıvan kövrək bir zonada yerləşir. Hazırda Naxçıvanı hərbi baxımdan hər cür möhkəmləndirmək lazımdır. Bunu Rusiyaya qarşı yox, Rusiyanın Ermənistan vasitəsilə hücumunu dəf etmək üçün etməliyik”.

Politoloq Naxçıvanda türk diviziyasının yerləşdirilməsinin vacibliyini vurğulayıb:

“Cənubi Qafqazda ittifaqların bundan öncə reallaşdırılmamasının əsas səbəbi, görünür, o zaman real təhlükənin gözlənilməməsi ilə bağlı olub. O zaman Qərb də, Rusiya da rahat idi. Hətta Moskva o zaman Qərblə hərbi əməkdaşlıq da edirdi. Onlar əmin idilər ki, maraqlarına zərbə dəyməyəcək və Qarabağ məsələsi də tezliklə həll olunacaq. Son hadisələr isə onu göstərdi ki, Rusiya hansısa bir məqamda Qarabağ konfliktindən Azərbaycana hücum etmək və burada Qərbin, Türkiyənin maraqlarını puça çıxarmaq üçün istifadə edəcək. Bu təhlükəni onlar bilirdilər. Türkiyə mütləq Azərbaycan və Gürcüstanla hərbi müqavilə bağlamağa cəhd etməlidir. Dəfələrlə demişəm ki, Naxçıvanda bir türk diviziyası yerləşdirilməlidir. Əgər bu reallaşsa, Naxçıvana konkret dəstək yaranmış olardı. Naxçıvanı ona görə möhkəmlətməliyik ki, Qarabağdan bizə hücum olduqda Naxçıvandan cavab verə bilək”.

  • Yazılıb
  • da (də) 2014 Aug 17