Tarix : 2014 Aug 24
Kod 43826

Azərbayjanda hüquq müdafiəçisi ölümünə döyüldü

Naxçıvan Şəhər Polis İdarəsi isə jurnalistin döyülməsi ilə bağlı təhqiqat aparır

Arannews - İlqar Nəsibov tanınmaz hala salınıb; ona hücum edənlərdən biri məlum olsa da faktla bağlı cinayət işi açılmayıb; “bununla hakimiyyət hər kəsə göz dağı vermək istəyir

Avqustun 21-də Naxçıvanda hüquq müdafiəçisi, jurnalist İlqar Nəsibova qarşı tükürpədici cinayət hadisəsi baş verib. Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisi olan İ.Nəsibovu axşam radələrində Fərid adlı şəxs evdən çağıraraq mərkəzin ofisinə gəlməyini istəyib. Bu zaman Fəridlə birlikdə naməlum şəxslər ofisdə ona hücum çəkərək vəhşicəsinə döyüblər. Ölümcül vəziyyətdə olan İ.Nəsibov dərhal xəstəxanaya yerləşdirilib .

Hüquq müdafiəçisi özü ona hücum edənlərdən birini - Fərid adlı şəxsi tanısa da, faktla bağlı cinayət işi başlanmayıb. Naxçıvan Şəhər Polis İdarəsi isə jurnalistin döyülməsi ilə bağlı təhqiqat aparır. Təhqiqata Naxçıvan Şəhər Polis İdarəsi İstintaq və Təhqiqat bölməsinin rəisi Nemət Cəfərov rəhbərlik edir .

Hüquq müdafiəçisinin həyat yoldaşı Məlahət Nəsibova AzadlıqRadiosuna deyib ki, onlara dəfələrlə MTN əməkdaşları hədə-qorxu gəliblər: “İlqarın bədəni və sifəti qan içindədir. Sifəti tamamən tanınmaz haldadır. Həkimlərin ilkin olaraq dediyinə görə İlqarın burun sümüyü, üz nahiyəsində almacıq sümükləri iki tərəfdən sınıb, alın sümüyündə, beyin sümüyündə, sinəsində körpücük sümüyündə çatlar var. Kürək nahiyəsi və ayaqlarında ciddi zədələr var, gözü görmür. Hazırda reanimasiyadadır ”.

Hüquq müdafiəçisi qeyd edib ki, müstəntiq onlardan izahat alıb: “Ofisdə hal şahidləri ilə birgə ekspertiza apardı. Müstəntiqdən soruşdum ki, biz necə, hansı qisimdə cəlb olunmuşuq işə? Mənə bildirildi ki, hələ istintaq gedir. Biz düşünürük ki, baş vermiş hadisə sırf fəaliyyətimizlə bağlıdır. Paytaxtda başlanan kampaniya artıq bölgələrə də keçib. Naxçıvan sınaq meydanıdır. İndi bizim yaşadıqlarımızın ağırını Bakıda yaşayırlar. Hər an hər şey gözləmək olar bu insanlardan ”.

M.Nəsibova “Yeni Müsavat”a ətraflı açıqlamasında qeyd etdi ki, yoldaşını iki dəfə tomoqrafiya ediblər: “İki qaşında üç tikiş, gözünün altında bir tikiş var. Burnu sınıb, almacıq sümüyü, üst çənəsinin yuxarısı sınıb. Boğazının altında körpücük sümüyü sınıb. Həkimlər deyir ki, yataq şəraitində olmalıdır. Pis vəziyyətdədir, ağrıları çoxdur ”.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu döyülmə faktını görənlərin hər biri dəhşətə gəlir: “Müşahidəçilər bu zorakılığı sıradan birisinin yox, hazırlıqlı şəxsin edə biləcəyini düşünür. Mən özüm Naxçıvan MTN-dən şübhələnirəm. Çünki onlar dəfələrlə bizə ziyan vurublar. Düşünülmüş bir addım idi ”.

M.Nəsibova həyat yoldaşını döyənlərdən Fərid adlı şəxs haqda da danışıb: “Fəridi əvvəldən tanıyır. O, həmişə özünü müxalifətçi kimi göstərib. Görünür, sonradan ələ alıblar. İlqara ilk zərbəni vuran da o olub. Bu haqda izahatında da yazıb. Hazırda ofisdə qan izlərinin ekspertizası aparılır ”.

Baş verən bu dəhşətli zorakılıq faktı sosial şəbəkələrdə ciddi etiraz doğurub. Facebookda olan ictimai fəallar, müxalif partiyaların üzvləri, jurnalistlər, hüquq müdafiəçiləri həmkarımızın ölümcül həddə döyülməsini pisləyiblər .

Hətta üz-gözü partladılmış, tanınmaz hala salınmış jurnalistə qarşı bu cinayətin İŞİD terrorçularının etdiyi əməllərdən fərqlənmədiyini qeyd ediblər. Əksəriyyət İ.Nəsibovun fotosunu yayımlayarkən “ürəyi zəif olanlar izləməsin” başlığı ilə paylaşıblar. Bu isə son dövrlər Azərbaycanda misli görünməmiş ən tükürpədici cinayətlərdən biridir .

Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Meydan TV”-yə bildirib ki, bu, Salyan rayonunda Emil Məmmədovun, Gəncədə Həsən Hüseynlinin həbsləri, o cümlədən, Bakıda QHT-lərə təzyiqlər aparılan siyasətin tərkib hissəsidir: “Naxçıvanda isə bu proses daha qəddar formada özünü göstərir. İndiyə qədər cinayət işi açılmayıb. Deməli, bu özbaşınalığın arxasında hakimiyyət dayanır. O cür vəhşicəsinə adamı döyüblər və İlqar Nəsibov konkret ad çəkir, ancaq fakt üzrə hələ cinayət işi açılmayıb. Hakimiyyət bu hadisə ilə bunu demək istəyir ki, biz beləyik, kim bizə qarşı danışırsa onu bu aqibət gözləyir .

Hadisə Siyasi Partiyaların Birləşmiş Hüquq Müdafiə Mərkəzində müzakirə olunub. Toplantının leytmotivi ondan ibarət olub ki, insan haqları sahəsində vəziyyət getdikcə ağırlaşır. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, partiyalar bu məsələni qəti şəkildə pisləyiblər .

Jurnalistin döyülməsinin səbəbləri ilə bağlı əldə etdiyimiz məlumata görə, Nəsibovlara uzun müddətdir təzyiqlər davam edirmiş. Bu yaxınlarda İ.Nəsibovu maşınla vurublar, daha sonra yaşadığı mənzilin qapısını açıb içəri keçməyə cəhd olunub .

M.Nəsibovanın adının 100 qəhrəman jurnalist siyahısında olması, Naxçıvan MTN-də ölən Turac Zeynalov işini araşdırması, nəhayət, son günlər QHT-lərə qarşı repressiyaların şiddətlənməsi sonda bu cinayətə gətirib çıxarıb. Bu ailədən Naxçıvanı tərk etmək tələb edilirdi. Çünki bölgədə hüquqları pozulan bütün vətəndaşlar bu mərkəzə müraciət edirdilər .

İ.Nəsibovun həmtəsisçisi olduğu təşkilat Norveç İnsan Haqları Evinin dəstəyi ilə fəaliyyət göstərir. Mərkəzin rəhbəri Məlahət Nəsibova 2009-cu ildə Norveç Rafto Fondunun mükafatını alıb. AzadlıqRadiosu Norveç səfirliyinin də hadisəyə münasibətini öyrənməyə çalışıb. Səfirlikdən bildiriblər ki, səfir Bakıda olmadığından bu məsələ ilə bağlı rəy verə bilməyəcəklər.

  • Yazılıb
  • da (də) 2014 Aug 24