Tarix : 2014 Sep 04
Kod 43915

İran və Azərbaycan arasında problem yaratmaq istəyənlər var

“Azərbaycan və İran İslam Respublikası arasında tarixi, mədəni və dini bağlılıqlar mövcuddur

Arannews - Dünən saat 16:00-da İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzində mətbuat konfransı keçirilib.

Mətbuat konfransında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Dr. Seyid İbrahim İbrahimi çıxış edib.

Çıxışında mətbuat nümayəndələrini salamlayan İbrahim İbrahimi hər iki ölkə arasında mədəniyyət, tarix və din sahələrində müştərək bağlılıqların olduğunu vurğulayıb.

İbrahim İbrahimi bildirib ki, “Azərbaycan və İran İslam Respublikası arasında tarixi, mədəni və dini bağlılıqlar mövcuddur. Azərbaycan dünyanın 2-ci ən çox şiə müsəlmanlarının yaşadığı ölkədir. Bu bizim üçün önəmli məsələdir. Hər iki ölkə arasında dostluq və əməkdaşlıq yüksək səviyyədə olmalıdır. Mən düşünürəm ki, mətbuat bu sahədə daha çox fəallıq etməlidir.”

Yaxın günlərdə Azərbaycanda İran mədəniyyət günlərinin keçiriləcəyini bildirən İbrahim İbrahimi çıxışında qeyd edib ki, “Yaxın günlərdə Azərbaycanda İran mədəniyyət günləri, İranda isə Azərbaycan mədəniyyət günləri keçiriləcək.”

Mədəniyyət günləri çərçivəsində Məhəmməd Hüseyn Şəhriyar və Məhəmməd Füzuliyə aid konfransların keçiriləcəyini qeyd edən İbrahim İbrahimi bildirib ki, “17 sentyabr tarixində Bakıda Məhəmməd Hüseyn Şəhriyarla bağlı konfrans olacaq. Bundan əlavə Təbrizdə Məhəmməd Füzuli ilə əlaqədar tədbirlər baş tutacaq. Azərbaycan və İran hər ikisi müharibə görmüş ölkələrdir. Çox istərdik ki, bu sahədə bir çox film və seriallar ərsəyə gətirilsin. Azərbaycandakı universitetlərdə şərqşünaslıq fakultələrindəki İran bölmələrində gözəl işlər gedir. Biz istəyirik ki, bu barədə işlər daha da sürətlənsin. Turizm sahəsində də müxtəlif işlər aparılmalıdır. Həm İran İslam Respublikasının vətəndaşlarına, həm də Azərbaycan Respublikasının vətəndaşlarına hər iki ölkənin gəzməli, görməli yerləri tanıtdırılmalıdır.”

İbrahim İbrahimi İran və Azərbaycan arasında problem yaradanların olduğunu da deyib. O, qeyd edib ki, “İranla Azərbaycan arasında problem yaratmaq istəyənlər var. Gərək kütləvi informasiya vasitələrinin nümayəndələri bu məsələdə ayıq-sayıq olsunlar.”

  • Yazılıb
  • da (də) 2014 Sep 04