Tarix : 2014 Sep 19
Kod 44008

Qarabağın "ŞEYX BABI TÜRBƏSİ" + Foto

Bir neçə saatlıq yoldan sonra Bakıdan təxminən, 300 km məsafədə yerləşən Füzuli rayonunun Babı kəndinə çatdıq. Məqsədimiz kəndin yaxınlığındakı qəbiristanlıqda yerləşən Şeyx Babı türbəsini görməkdi. Köhnə qəbirlərin, uçub dağılmış baş daşılarının arası ilə gedib türbəyə yaxınlaşdıq. Türbənin yaxınlığında böyük bir məscidin qalıqları ilə rastlaşdıq. Uzaqdan baxanda minarənin elə türbəyə aid hansısa tikili olduğunu güman edirdik. Məsciddən sonra danışacağam. Əvvəl, türbə haqqında...

Müqəddəs ziyarətgah

Türbənin içərisinə daxil oluruq. Ortada səkkizguşəli oyuqdan aşağı mərtəbəni görmək mümkündür. Burada Şeyx Babının dəfn olunduğu ehtimal edilir. Divarlarda  his ləkələri var. Bu ləkələrdən məscidin divarlarında da görmək mümkündür. Kənd sakinləri deyir ki, camaat buranı müqəddəs məkan kimi ziyarət edir. Dualar oxuyur, pambıq yandırırlar. Yanan pambıqları divarlara basırlar. Bu izlər də həmin ziyarətlərdə meydana gəlir.

Tarixi mənbələrdə də türbənin müqəddəs ziyarətgah kimi Qarabağda şöhrət qazandığı qeyd olunur.

 

Bəs Şeyx Babı kim idi?

Kənd sakinlərinin Şıxbaba adlandırdıqları Şeyx Babı mötəbər şəxsiyyət olub. Yerli camaat ona, əsasən, dini xadim kimi münasibət bəsləsə də, tarixi mənbələrdə Şeyxin siyasi fəaliyyətlərindən də geniş bəhs edilir.

 

Monqollara boyun əyməyən azərbaycanlı

Monqolların Azərbaycanı işğal etdiyi dövrlərdə fəaliyyət göstərən Şeyx Babı yadellilərə heç vaxt boyun əyməyib. Tarixçi Fəzlullah Rəşidəddinin yazdığına görə, 1256-cı ildə Azərbaycanda qurulan Elxanilər dövlətində hökmdarlar həmişə Şeyx Babı Yaqubla hesablaşmalı olublar. Onun əhali arasındakı nüfuzundan xəbərdar  Elxani hökmdarları istər dini, istər siyasi məsələrlərdə çıxarılan qərarları onunla məsləhətləşiblər. Buna görə də, Babı kəndi həmin dövrdə mühüm siyasi mərkəzlərdən biri kimi şöhrət qazanıb. Türbənin yaxınlığındakı məscid də  ibadət yeri olmaqla yanaşı, həm də siyasi məsələlərin müzakirə olunduğu məkana çevrilib.

Şeyx Babı ətrafında topladığı müridləri ilə dini fikirlərini əhali arasında yaymaqla məşğul imiş. Onun yaratdığı mühit o qədər güclü olur ki, Səfəvilər dövrünə qədər yaşayır. Həmin dövrdə Füzuli rayonunda və Qarabağın digər bölgələrində sufiliyin yayılması Şeyx Babı və onun müridləri ilə əlaqələndirilir.

 

Mermar Məcidəddinin sənət əsəri

Mənbələrdə maraqlı məqamlardan bir də, türbənin tikilməsi ilə bağlıdır. Tarixi qaynaqlarda qeyd olunur ki, Şeyx Babı sağ olarkən türbənin tikilməsinə özü göstəriş verir. Yaxın adamları şeyxə bu işi Memar Məcidəddinə həvalə etməyi təklif edirlər. Şeyx də bununla razılaşır. Dövrünün sayılıb seçilən memarlarından olan Məcidəddin isə Şeyxə onun könlünü oxşayacaq bir sənət əsəri bəxş edəcəyinə söz verir. Nəticədə, ağ daşdan hörülmüş səkkizguşəli möhtəşəm bir sənət əsəri yaradılır.

Abidənin tikilmə tarixi mübahisə mövzusu olsa da, 1271-1275-ci illər aralığında ərsəyə gəlməsi güman edilir.

Türbənin kitabəsində belə yazılıb: “Bu müqəddəs türbə Zahid, Kamil, Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilib”. Bəzi mənbələrdə Şeyx Babı Yaqubun İsmayıl Qur Xər oğlu kimi göstərilməsi onun İsmaililər hərəkatı ilə bağlı olması ilə əlaqələndirilir. Lakin Arxeologiya və Etnoqrafiya İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xaqani İmranoğlu bu faktı təkzib edir: “Onun İsmayıl Qur Xər oğlu kimi göstərilməsi Şeyx Babının İsmaililər hərəkatının nümayəndəsi olması demək deyil”, - deyən tarixçi, onun sünni məzhəbinə xidmət etdiyini deyir.

 

Heyrətləndirici məscid divarları

Türbədən çıxıb, digər bir möhtəşəm tikiliyə - məscidə yaxınlaşırıq. Tarixi mənbələrdə məscidin türbədən sonra XIII-XV əsrlərdə tiklildiyi qeyd olunur. İlk növbədə, bildirim ki, keçmiş məsciddən yalnız 1 metr hündürlükdə qalın divarlar qalıb. Amma bu divarlar o qədər qalındır ki, onların dağılmasına heyrətlənməmək mümkün deyil.

Bəs belə divarlar necə olub ki, uçub? Bu sualın cavabı bir qədər sonra...

İndi isə məscidin daxilində gördüklərimdən danışım. Məsciddə bir neçə sütun və otaqlar olub. Nə qədər dağıntı olsa da, bunu indi də ayırd etmək mümkündür. Sonradan öyrənirik ki, bu otaqların hamısı, heç də, ibadət üçün deyilmiş. Bəzi otaqlarda siyasi məsələlər müzakirə olunurmuş. Hətta sığınacaq funksiyasını yerinə yetirən otaqlar da var imiş.

Məscidin arxa hissəsində isə qazıntı işləri zamanı aşkar edilmiş yeraltı sərdabələr və hamam qalığına da rast gəlirik. Ətrafdakı qəbirlər isə həmin dövrdən deyil. Bu qəbirlər daha çox, XIX əsrin sonu XX əsrin əvvəllərinə aiddir. Arxeoloqlar isə belə düşünürlər ki, bu məkan elə həmin dövrdən qəbiristanlıq kimi istifadə edilib. Lakin həmin dövrün qəbirləri itib.

Onu da deyim ki, türbədə bərpa işləri aparılıb. Hazırda məsciddə  də bu işlər davam etdirilir.

Mədəniyyət və Turizm Nazirliyindən  bildirdilər ki, bərpa prosesinin sona qədər aparılması planlaşdırılıb. Yəni, ola bilsin, yaxın illərdə məscid bütünlüklə rekonstruksiya edilmiş şəkildə tarixi abidə kimi fəaliyyət göstərsin.

Məscidin qalın divarların öz-özünə dağılmasına inanmadığımızı yazmışdım.

 

Yeraltı yollar mifi

Kənd sakinlərinin dediyinə görə, türbədən qonşuluqda yerləşən Əhmədalılar kəndinə və İrana gizli yol var. Düşmən hücumu zamanı bu yollardan təxliyə məqsədi ilə istifadə edilirmiş. Bu yolların, həm də azuqələrin və silahların daşınması üçün istifadə edildiyi ehtimal olunur. Tarixçi Xaqani İmranoğlu isə bunun, sadəcə, mif olduğunu deyir: “Mən 2011-2012-ci illərdə həmin ərazidə təşkil edilmiş qazıntı ekspedisiyasının rəhbəri olmuşam. Qazıntı prosesində iki yeraltı sərdabə aşkar etdik”, -  deyən tarixçi, yeraltı yollarla rastlaşmadıqlarını bildirdi.

 

Sonda...

Abidə ilə vidalaşırıq. Bu ərazilərdə hələ öyrənilməmiş tarixi abidələr, qədim yaşayış məskənləri var. Əcdadlarımızın yaşayış tərzini, mədəniyyətini özündə qoruyub saxlayan tarixi diyara bir daha qayıtmaq ümidi ilə...



  • Yazılıb
  • da (də) 2014 Sep 19