Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov daha 7 gün karserdə qalacaq.
Arannews- Sentyabrın 24-də “Media forum”a açıqlama verən partiya sədri Elçin Manafov deyib ki, Penitensiar Xidmətdən belə məlumat alıblar: “Biz karser cəzasının səbəblərini də öyrənmək istədik. Bu haqda heç nə deyilmədi. Mövsüm Səmədova təzyiqlərin qarşısının alınması üçün müraciət yaymışıq. Əgər müraciətə heç bir reaksiya olmasa, başqa sivil yollara əl atacağıq. Çünki Mövsüm Səmədovun vəziyyəti getdikcə daha da ağırlaşır. Ondan xəbər tuta bilmirik. Vəkili ilə görüşünə də icazə verilmir”.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
Partiya lideri sentyabrın 18-də 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5 sutkalıq karser cəzası verilib.