dinşünas alim, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevlə müsahibəsi də bu məsələlər haqqındadır.
Xarici ölkələrdə radikal islamçı qruplaşmalara qoşulanlar arasında azərbaycanlıların olduğu yeni xəbər deyil. Ancaq sentyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyinin yaydığı xəbər bu problem haqda bir daha düşünməyə, onun səbəb və nəticələrini araşdırmağa ciddi əsas verir. MTN-in məlumatında ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşından bəhs olunur, onların Pakistan, Suriya, İraqdakı qanunsuz silahlı birləşmələrə qoşulub radikal dini və hərbi təlimlər keçdiyi, döyüşlərdə iştirak etdiyi bildirilir.
- Rafiq müəllim, son vaxtlar xüsusən İraq və Suriyada radikal qüvvələr hesabına cərəyan edən hadisələrdə azərbaycanlıların sayının durmadan artdığı müşahidə olunur. Sizcə, Azərbaycan vətəndaşlarını həmin qüvvələrə doğru nə, hansı şərait və problem sürükləyir?
- Məncə, vətəndaşlarımızın başqa ölkələrə döyüşə yollanması faktı xarici amillərlə yanaşı, onların Azərbaycan cəmiyyətində, ümumilikdə hazırkı bazar iqtisadiyyatı çərçivəsində dövlət strukturlarında özlərinə uyğun olan yeri tapmamalarının nəticəsidir. Həmin insanlar öz ölkələrində əlverişli iş şəraiti tapmadıqda onlara bu fürsəti başqa insanlar və təşkilatlar yaradır. Onları tapırlar, himayə edib yedizdirir, geyindirir, oxudur, cihad ideyası ilə silahlandırır və “firavan gələcəyə ümid” verirlər. Nəticədə həmin şəxslər bizim iqtisadi və siyasi sistemdə tapa bilmədikləri məqsədə, amala başqa ölkələrdə qovuşacaqlarına inanaraq münaqişə, müharibə olan zonalara üz tuturlar.
Bu gün Azərbaycanda dinlə bağlılığı olmayan problemlər də mövcuddur. Yəqin ki, diqqəti sosial problemlərə yönəltmək lazımdır, belə mürəkkəb həyat şəraitinə məruz qalanlarla sakit, başadüşülən, ümidverici söhbətlər aparmaq, onlara daha yaxşı ideya təklif etmək sərfəli olardı. Vətəndaşlarımızın münaqişə ocağı olan Suriya, İraq, Livan və Əfqanıstan kimi ölkələrə axın etməsinin başlıca səbəblərindən biri də belə münasibətlərdə qüsurların olmasıdır. Nəticədə gənclərin böyük əksəriyyəti heç bir konkret məqsədi və gələcəyə real ümidi olmadan küçələrdə boş-bekar veyllənir. Sovet dövründə pioner və komsomol təşkilatları vardı - gənclər başlarını qatır, bekar qalmırdılar. İndi belə deyil. Kapitalizm şəraitində dövlət cəmiyyət üçün vacib olan bu məsələ ilə məşğul olmağa əslində heç borclu da deyil. Amma bu məqam sülhün, əmin-amanlığın və ölkəmizdə sabitliyin qorunması üçün çox mühümdür.
- Hökumət bu istiqamətdə bir qədər sakit görünsə də, bir neçə gün öncə MTN-in keçirdiyi əməliyyatlar nəticəsində tutulan 26 nəfərin siyahısı bunun əksini göstərir. Necə hesab edirsiniz, hökumətin həmin şəxslərə qarşı keçirdiyi tədbirlər adekvatdırmı?
- Dövlət qurumları, o cümlədən hüquq mühafizə orqanları son vaxtlar ölkədə dinlə bağlı vəziyyət üzərində təsirlərini nəzərəçarpacaq dərəcədə gücləndirib. Bu, yəqin ki, dünyada baş verən olaylarla daha çox bağlıdır. Təbii ki, baş verənlər bizdə narahatlıq doğurmaya bilməz. Bununla mübarizədə gücdən istifadə etmək ağıllı addım olmazdı. Situasiyanın qaydaya salınması üçün gərək ölkədə güclü, cəlbedici ideoloji sistem olsun. Kobud desək, insanların daima məşğul olduğu və boş vaxtlarının qalmadığı ciddi mənəvi və fiziki məşğulluq sistemi hələ yaradılmayıb. Asudə vaxt təkcə pozitiv işlər deyil, eyni zamanda neqativ informasiyanın, bədbin əhval-ruhiyyənin yaranması, onların sonradan cəmiyyətdə və ümumilikdə ölkədə mövcud vəziyyətə vahid müqavimət sisteminə çevrilməsi üçün münbit şəraitdir.
- Sizcə, bu gün Suriya və İraqda cərəyan edənlər haradan qaynaqlanır, hansı beynəlxalq köklərə söykənir? Məqsəd nədir?
- Heç kimə sirr deyil ki, bir qrup güclü dövlət özlərinin yaratdığı, təlim keçdikləri, amma son dövrdə onların təsirindən çıxmış islamla bağlı bütün qurumlara, kobud da səslənsə, xaç yürüşü təşkil edib. Nəticə heç də könül oxşayan olmayacaq. Şəxsən mən bu gün baş verən hadisələri dinlə, islamla bağlamıram. Yaxın Şərqdə baş verənlər qlobal nəzarət planının vacib hissəsidir. İslam artıq onların əlində təsirli “döyüş” alətinə çevrilib.
Əlbəttə ki, dövlətçiliyimizin əleyhinə yönələn qruplaşmaları xaricdən dəstəkləyənlər də var. Bəzi ölkələr əslində öz adamları vasitəsilə Azərbaycandakı prosesləri idarə etməyə cəhd göstərməkdədir. Üstəlik, həmin dövlətlər bir-birlərinə də ədavət bəsləyir, düşmənçilik edirlər. Bu isə öz növbəsində, az da olsa, yerli radikal islam qruplaşmalarına həvəsləndirici təsir göstərir. Belə halların qarşısını almaq üçün ən məntiqli addım dövlətimizin bütün dini icmaları ilə daha sıx əlaqə yaratmaq olardı.