QAT : Biz bu hadisə ilə bağlı dərin narahatçılığımızı bildirir, bu hərəkəti bütün Türkiyə üçün rüsvayçılıq hesab edirik
Arannews - Qarabağ Azadlıq Təşkilatı Türkiyə şirkətinin ermənilərlə əməkdaşlığına etiraz olaraq qardaş ölkənin Azərbaycandakı səfirliyinə məktub göndərib
Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib .
Məktubda bildirilir: "Mətbuatda gedən məlumatlara görə, qardaş Türkiyənin “Öztürklər Holdinq” deyilən şirkəti Ermənistanda yaşayış binalarının inşasına başlayıb, bu işə külli miqdarda vəsait qoyub. Şirkətin rəhbəri Yusif Öztürk isə bu hərəkətindən “qurur duyduğunu” bildirib. Xahiş edirik, bu məsələyə aydınlıq gətirəsiniz. Doğrudanmı, Türkiyə şirkətləri artıq işğalçı Ermənistana vəsait qoymağa başlayıblar? Doğrudanmı, Türkiyə şirkətlərinin artıq işğalçı Ermənistanla əməkdaşlığa ehtiyacı var, yoxsa erməni lobbisinin sifarişini yerinə yetirirlər? Biz bu hadisə ilə bağlı dərin narahatçılığımızı bildirir, bu hərəkəti bütün Türkiyə üçün rüsvayçılıq hesab edirik. Hesab edirik ki, Türkiyə höküməti bu məsələni dərhal araşdırmalı, qarşısının alınması üçün tədbirlər görməidir. Biz Azərbaycan hökümətinə də müraciət edir, bu şirkətin azərbaycanda hər hansı fəaliyyətinin, əlaqələrinin dayandırılmasını tələb edirik.