“Mövsüm Səmədovun 12 saylı CÇM-nə köçürülməsinin səbəbi, həbsxanada olduğu müddətdə çoxlu sayda məhbusu ilahi yola dəvət etməsi olub”
Arannews- Bu barədə Anar Qasımlı məlumat verib. Vəkilin sözlərinə görə, məhkəmə prosesi oktyabr ayının 9-da baş tutacaq: “Səbəb isə Mövsüm Səmədovun guya bir neçə dəfə xəbərdarlığın edilməsinə baxmayaraq daxili nizam intizam qaydasını pozmasıdır. Təqdimatda AİP liderinin 3 il müddətinə Qobustanda saxlanılması istənilib. “
Onu da qeyd edək ki, bu günlərdə AİP funksionerləri Mövsüm Səmədova ərzaq və digər zəruri əşyalar aparmaq istəməsinə baxmayaraq, həbsxana rəhbərliyi aparılan sovqatın içəri buraxılmasına imkan verməyib.
Mövsüm Səmədovun 12 saylı CÇM-nə köçürülməsinin səbəbi, həbsxanada olduğu müddətdə çoxlu sayda məhbusu ilahi yola dəvət etməsi olub:
“O, həbsxanada olduğu müddətdə, onlarla cinayət törətmiş məhbusun namaz qılmasına, nəticədə məhbuslar arasında günü-gündən nüfuzunun artmasına səbəb olub. Görünür cinayətkarların islah edilməsi kimlərəsə sərf eləmir, ona görə də Mövsüm Səmədovla bu cür rəftar edirlər.”
Belə bir şəxsin daxili nizam qaydalarını pozması ittihamı ilə bu təzyiqlərə məruz qalması təbii ki, absurddur. Hacının özü də həbsxanada şəxsinə qarşı olunan təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başlaması təzyiqlərin və qanunsuzluqların nə dərəcədə amansız olmasından xəbər verir. Demək Hacı Mövsüm Səmədov sadəcə oradakı qanunsuzluqlara etiraz etdiyinə görə, onları mətbuatda işıqlandırdığına görə onu qapalı həbsxanaya göndəriblər.
Təbii ki, bu rəftar Hacıya qarşı növbəti işgəncə və təzyiq hesab olunur. Biz bu işgəncə və amansızlıqlara, onun qanunsuz həbsinə bir daha etirazımızı bildiririk və ona qarşı belə bir rəftarı qətiyyətlə pisləyirik. Üzümü aidiyyatı orqanlara tutub deyirəm: Elə bilməyin ki, zindanda yatanlarla istədiyiniz rəftarı edə bilərsiniz.
Allahdan başqa hakimi olmayan qiyamət günündə Allah sizinlə dustaqlar arasında, xüsusilə haqqı deyərək zindana düşənlər arasında hökm edəcək. Bilin ki, onların yeganə vəlisi Allahdır. O, hər şeyi görür və qiyamət günü sizdən hesab götürəcək. O gün uzun-uzadı həsrət və peşmançılıqla, nəticədə isə əbədi cəhənnəmlə üz-üzə qalan zaman kimə pənah aparacaqsınız? O gün sizin sığınacaq yeriniz olmayacaq. Heç kəsi köməyə çağıra bilməyəcəksiniz! Etdiklərinizdən peşman olub tövbə edin və haqqını tapdaladıqlarınız adamlarla halallaşın! O gün sizin işgəncə etdiyiniz insanlar Allahdan istəyəcəklər ki, sizdən intiqam alsın. Allah ən yaxşı intiqam alandır. Hacıya da bu yolda səbir, müqavimət, sabitqədəmlik arzu edirik! Allah hacıya və digər haqq uğrunda zindanlara düşən qardaşlarımıza xeyirli mükafat nəsib eləsin və tezliklə qapılarını açsın. amin