Azərbaycana dini azadlıqlar məsələsi üzrə Əfqanıstan, Qazaxıstan, Kuba və başqa bu kimi ölkələrlə birlikdə “2-ci səviyyə”yə aid edilib.
Arannews- USCRF-in baş analitiki Ketron Kozman müsahibəsində Azərbaycandakı dini vəziyyətə baxışını paylaşarkən bildirib ki, Azərbaycan hökumətinin tolerantlıq haqqında bəyanatlarına baxmayaraq, son bir neçə ildə ölkədə dini azadlıqlar pisləşib: “Hesabat dövründə (aprel 2013 – aprel 2014) dini təşkilatların bağlanması, vətəndaşlardan dini fəaliyyətə görə saxlanılması və cərimə olunması faktları olub”. Onun sözlərinə görə, Azərbaycan hökuməti 2009-cu ildə din haqqında dini fəaliyyət dairəsini məhdudlaşdıran repressiv qanun tətbiq edirdi. Sonradan din haqqında qanunun pozulmasına görə cərimələr artırılıb (2010 və 2011-ci illərdə). Qeydiyyatsız dini fəaliyyət qadağan edilib, qeydiyyatdan keçmiş qrupların fəaliyyətinə isə din haqqında qanun çərçivəsində ciddi nəzarət olunur. Ekspert onu da vurğulayıb ki, 2014-cü ilin yazında Azərbaycan parlamenti din, QHT haqqında qanunlara və digər qanunlara guya dini ekstremizmin qarşısının alınması üçün əlavə məhdudlaşdırıcı düzəlişlər edib. 2010-cu ildə pozuntulara görə cərimələr 16 dəfə artırılıb: “Ölkənin müsəlman icmaları xüsusi nəzarət altındadır: onların bütün liderləri dövlətin nəzarəti altında olan Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilib.
2010-cu ildə Təhsil Nazirliyi standart məktəb forması tətbiq edərək, məktəblərdə hicabı qadağan etdi ki, bu da 2012-ci ilin oktyabrında etirazlara və 72 islamçının həbsinə səbəb olub. 2014-cü ilin yazında hicab qadağası universitet tələbələrinə də şamil edilib.
2009-cu ildən etibarən Azərbaycanda bir sıra sünni məscidi bağlanıb ki, bu da etirazlara səbəb olub”. Ekspertin iddiasına görə, Naxçıvanda dini məhdudiyyətlər Azərbaycanın başqa regionlarında olduğundan daha ciddi xarakter daşıyır: “Hakimiyyət qeyri-loyal dini icmaların təqibi üçün dövlət qeydiyyatından istifadə edir. Dövlət qeydiyyatı olmayan dini icmalar qeyri-qanuni hesab olunur və istənilən növ təqiblərə məruz qala bilər.
Son illər polis müntəzəm olaraq reydlər aparır, dini yığıncaqlar təşkil edən və ya “zərərli” ədəbiyyat saxlayan vətəndaşları həbs edir. Bu hadisələr təkcə müsəlmanlara qarşı deyil, baptistlərə, adventistlərə, İeqova şahidlərinə qarşı da baş verir.
Dini ədəbiyyat da ciddi nəzarət altındadır. Son vaxtlar türk ruhani Səid Nursinin əsərləri də qadağan edilib”.
Azərbaycanda dini məhbuslar kimdir? Bu suala cavabda Ketrin Kozman deyir ki, Azərbaycan Hüquq Müdafiə Mərkəzinin məlumatına görə, 2005-2011-ci illərdə 220 Azərbaycan vətəndaşı dini ekstremizm ittihamı ilə mühakimə edilib.
2013-cü ilin yanvar ayında AŞPA məruzəçisi Azərbaycanda insan hüquqları haqqında məruzə yayıb, məruzədə 23 nəfər islamçı qruplara, təşkilatlara və siyasi partiyalara üzv olduğuna görə mühakimə olunub. Onlar arasında İslam Partiyasının lideri Mövsüm Səmədov var.
http://www.uscirf.gov/sites/default/files/Azerbaijan 2011-ci ilin avqustundan Azərbaycanda dini səbəblərdən həbs edilmiş 51 məhbusun siyahısı dərc edilib.
Onlar arasında 31 hicab məhbusu, 10 nəfər azadxaberaz dini saytı ilə əlaqədar həbs edilmiş dindar, xeber44.com saytında nəşrlərlə bağlı Masallıdan 6 dindar, ilahiyyatçı Taleh Bağırzadə, müəllim Əbdül Nemət Süleymanov var”.
Dini icmalar bundan sonra da təqib edilərsə, onların radikallaşması riski nə dərəcədə realdır. Bu suala cavabda Kozman bildirib ki, hakimiyyət xarici dini təbliğatçıların radikal qruplar yaratmağa çalışdığını, onların qarşısının alınmalı olduğunu iddia edir: “Lakin müstəqil analitiklər hesab edirlər ki, hakimiyyət Qərbə yalançı təhlükə nümayiş etdirərək, hər şeyi böyüdür. Halbuki son illər Azərbaycan hökumətinin məhdudlaşdırıcı qanunları və rəsmi siyasəti yerli icmaların radikalizm riskini xarici təsirdən daha çox artırır”.
Fətullah Gülə və “Hizmet” hərəkatı amili Azərbaycanda necə rol oynayır? Bu suala cavabda Kozman deyib ki, Gülən təlimi mistik islam, türk milliyyətçiliyi, humanizm və vətəndaş xidmətinin sintezidir: “Gülən məktəbi Azərbaycanda yüzlərlə tələbəyə təhsil verib və bəzi məzunlar dövlət idarələrində, elmi dairələrdə və özəl sektorda mühüm mövqelər tutub. Ekspertlər qeyd edirlər ki, Gülən məktəblərinin məzunları, bir qayda olaraq, yaxşı təhsillidirlər və cəmiyyətə yaxşı inteqrasiya ediblər, kosmopolitik dünya baxışları var. Lakin 2013-cü ilin sonlarında Türkiyədə siyasi böhran belə bir sual doğurdu: “Hizmet” hərəkatı əslində nə edir, onun siyasi məqsədləri varmı?.
2014-cü ilin iyununda Azərbaycanda Gülənin bütün məktəbləri, SOCAR-ın bəyanatına görə, guya bahalı olduğu üçün bağlanıb. Bir il əvvəl bu şirkət Gülən tərəfdarlarından bu məktəbləri alıb.
Azərbaycanda Gülən məktəblərinin bağlanması o deməkdir ki, insanlar artıq yaxşı təhsil ala bilmirlər. Ümid edək ki, bu uğursuz qərarın Azərbaycanda azlıq təşkil edən sünnilər üçün mənfi nəticələri olmayacaq”.