Son günlər, siyasi motivlərlə həbs edilərək 12 il azadlıqdan məhrum edilmiş AİP sədri, dr. Mövsüm Səmədovun adı və həyatı ətrafında cərəyan edən xoşagəlməz hadisələri böyük narahatlıqla izləməkdəyik
Arannews - İslamçıların Hüquqlarını Müdafiəsi Komitəsi bəyanat yaydı.
Bəyanatı diqqətinizə çatdırırıq:
"Son günlər, siyasi motivlərlə həbs edilərək 12 il azadlıqdan məhrum
edilmiş AİP sədri, dr. Mövsüm Səmədovun adı və həyatı ətrafında cərəyan edən
xoşagəlməz hadisələri böyük narahatlıqla izləməkdəyik. Belə ki, bu günə kimi
heç bir səbəb göstərilmədən cəza çəkdiyi 11 saylı CÇM-dən qəfil, gecə yarı 12
saylı CÇM-nə köcürülməsi və elə həmin gündən etibarən 5 gün müddətinə “kars”a
salınması, cəzası bitməmiş daha 7 gün müddətinə artırılması və eyni zamanda,
bütün bu haqsızlıq və qanun pozuntularına qarşı etiraz əlaməti olaraq aclıq
aksiyası keçirməsi və nəhayət, bu günə kimi bütün bunlara heç bir rəsmi
reaksiyanın verilməməsi, Ombudsman və Qızıl Xac Cəmiyyətinin nümayəndələri ilə
görüş tələbinin həyata keçirilməməsi, bizim onun həyatı və sağlamlığı
haqqındakı əndişə və təşvişimizi artırmaqdadır.
Əlbəttə, siyasi, xüsusilə də inanclı-siyasi məhbuslara qarşı münasibət və
rəftar əvvəl gündən zorakılıq və işgəncələrlə müşayiət olunub. Lakin son günlər
onlara qarşı edilən zorakılıqlar, həyata keçirilən qanun pozuntuları və
qeyri-insani rəftar bir xeyli intensivləşib. Bunu nəzərə alan İHMK
aşağıdakıları bəyan edir:
1. Həbsinin motivi
kimi, dr. Mövsüm Səmədova (həmçinin ilahiyyatçılar Tale Bağırov və Abgül
Süleymanov) qarşı sərgilənən bu amansız rəftar da siyasi səciyyə daşıyır və
onlara qarşı siyasi qisasçılıq və tədrici fiziki terror niyyətindən xəbər
verir. Əgər belə olmasaydı, həbsdə olduqları bu 2-3 il ərzində bu cür amansız və
qəddar münasibətə, zorakılıqlara məruz qalmazdılar.
2. Sifariş verən və
sifarişi icra edənlərin kimliyindən asılı olmayaraq, dr. M.Səmədova (habelə digər
adı çəkilən iki şəxsə) qarşı dərhal məlum siyasi, fiziki və mənəvi terror hərəkətlərini
dayandırmağı, təcili və təxirəsalınmaz surətdə M.Səmədovun səhhətində yaranmış
ciddi problemlərin aradan qaldırılmasına başlamağınızı tələb edirik. Əks təqdirdə,
baş verə biləcək istənilən xoşagəlməz hal və hadisənin məsuliyyətini birbaşa
olaraq Penitensiar Xidmət daşıyacaq.
3. Eyni zamanda, xəbərdarlıq
edərək bildiririk ki, məhbusların saxlanmasına, sağlamlığına və həyatına cavabdeh
olan Penitensiar Xidmət başda olmaqla, ölkədə ictimai ədalətin təmin olunmasına
cavabdehlik daşıyan Ədliyyə Nazirliyi kimlərinsə əlində oyuncağa çevrilməməli və
dövlət qanunlarının, konstitusion və fundamental insan hüquqlarının
tapdanmasına imkan verməməlidir.
4. Bütün bu kimi
hallar hakimiyyətlə vətəndaş arasında arzuolunmaz uçurum yaradır ki, nəticədə
dövlətçiliyimiz xələl görür. Qıraqda düşmən axtarmaq əvəzinə, vətəndaşı idarəçiliyi
altında olan hökumətinə qarşı düşmənə çevirən anti-milli və anti-insani əməllərinizdən
əl çəkin və yaddan çıxarmayın ki, bir gün bu əməllərinizə görə Qanun və Tanrı
qarşısında cavab verəcəksiniz.
5. Sonda, ölkədə və
ölkə xaricində insan hüquqlarının müdafiəsi ilə məşğul olan yerli və beynəlxalq
təşkilatlardan məsələni nəzarətə götürməyə və Mövsüm Səmədovun həyatı üçün
yaranmış təhlükənin aradan qaldırılması üçün səylərini artırmağı rica edirik .
İslamçıların Hüquqlarını Müdafiəsi Komitəsi