Tarix : 2014 Oct 06
Kod 44218

AİP sədrinə qarşı təzyiqlər gündən günə artır

Milli Mənəvi Dəyərlər İctimai Birliyi hacı Möhsün Səmədova qarşı olan təzyiqlərlə bağlı müraciət yaydı

Arannews - Milli Mənəvi Dəyərlər İctimai Birliyi hacı Möhsün Səmədova qarşı olan təzyiqlərlə bağlı müraciət yaydı. MMDİB İslami Cameənin tanınmış simalarını və islami təşkilatları bu qanunsuzluğa səssiz qalmamağa çağırıb.

- Milli Mənəvi Dəyərlər İctimai Birliyinin mətbuat xidmətindən daxil olan müraciətdə deyilir:

“AİP sədri Hacı Möhsün Səmədovun 11 saylı CÇM-dəki neqativ halları mətbuat vasitəsilə tənqid etdikdən sonra ona qarşı təzyiqlər gündən günə artır. Əldə olunan məlumatlara görə, o, 11 saylı CÇM-dən 12 saylı CÇM-nə köçürülmüş, orada bir müddət cəza kamerasına salınmışdır. Bu gün isə, AİP liderinin Qobustandakı qapalı tipli həbsxanaya köçürülməsilə bağlı məlumatlar yayılıb. MMDİB bu təzyiqləri qanunsuz hesab edir və bu təzyiqlərin vətəndaş cəmiyyətində səssiz qəbul edilməyəcəyini bildirir. MMDİB bildirir ki, Dr. Möhsün Səmədova qarşı “qanun pozan” damğası qəbuledilməzdir, çünki İslami cameə onun əxlaq ustadı olduğunu bilir və əxlaqi baxımından necə yüksək dəyərlərə sahib olduğunu unutmamışdır. Bundan öncə də bu növ təzyiqlər Hacı Abgül Süleymanova qarşı həyata keçirilmiş və cəmiyyət Penitensiar Xidmətin bu addımlarını qınamışdır. Hər iki ruhaniyə qarşı belə məkrli addımları dindar-dövlət əlaqələrinin pozulmasına hesablandığını hesab edirik. Əxlaq təbliğ edən alimlərə qarşı əxlaq normalarını pozmaq ittihamı gülünc və sarsıdıcıdır.

Bu Təşkilat həmçinin, Penitensiar Xidmətdən Möhsün Səmədova qarşı olan bütün təzyiqlərin dayandırılmasını və əvvəldən pozulmuş hüquqlarının məhdudlaşdırılmasına son qoyulmasını tələb edir. MMDİB İslami Cameənin tanınmış simalarını və islami təşkilatları bu qanunsuzluğa səssiz qalmamağa çağırır.”

  • Yazılıb
  • da (də) 2014 Oct 06