Milli Mənəvi Dəyərlər İctimai Birliyi hacı Möhsün Səmədova qarşı olan təzyiqlərlə bağlı müraciət yaydı
Arannews - Milli Mənəvi
Dəyərlər İctimai Birliyi hacı Möhsün Səmədova qarşı olan təzyiqlərlə bağlı
müraciət yaydı. MMDİB İslami Cameənin tanınmış simalarını və islami təşkilatları
bu qanunsuzluğa səssiz qalmamağa çağırıb.
- Milli Mənəvi Dəyərlər
İctimai Birliyinin mətbuat xidmətindən daxil olan müraciətdə deyilir:
“AİP sədri Hacı
Möhsün Səmədovun 11 saylı CÇM-dəki neqativ halları mətbuat vasitəsilə tənqid
etdikdən sonra ona qarşı təzyiqlər gündən günə artır. Əldə olunan məlumatlara
görə, o, 11 saylı CÇM-dən 12 saylı CÇM-nə köçürülmüş, orada bir müddət cəza
kamerasına salınmışdır. Bu gün isə, AİP liderinin Qobustandakı qapalı tipli həbsxanaya
köçürülməsilə bağlı məlumatlar yayılıb. MMDİB bu təzyiqləri qanunsuz hesab edir
və bu təzyiqlərin vətəndaş cəmiyyətində səssiz qəbul edilməyəcəyini bildirir.
MMDİB bildirir ki, Dr. Möhsün Səmədova qarşı “qanun pozan” damğası qəbuledilməzdir,
çünki İslami cameə onun əxlaq ustadı olduğunu bilir və əxlaqi baxımından necə
yüksək dəyərlərə sahib olduğunu unutmamışdır. Bundan öncə də bu növ təzyiqlər
Hacı Abgül Süleymanova qarşı həyata keçirilmiş və cəmiyyət Penitensiar Xidmətin
bu addımlarını qınamışdır. Hər iki ruhaniyə qarşı belə məkrli addımları
dindar-dövlət əlaqələrinin pozulmasına hesablandığını hesab edirik. Əxlaq təbliğ
edən alimlərə qarşı əxlaq normalarını pozmaq ittihamı gülünc və sarsıdıcıdır.
Bu Təşkilat həmçinin,
Penitensiar Xidmətdən Möhsün Səmədova qarşı olan bütün təzyiqlərin
dayandırılmasını və əvvəldən pozulmuş hüquqlarının məhdudlaşdırılmasına son
qoyulmasını tələb edir. MMDİB İslami Cameənin tanınmış simalarını və islami təşkilatları
bu qanunsuzluğa səssiz qalmamağa çağırır.”