Q.Nəzirovun sözlərinə görə, artıq lazım olan materiallar alınıb, bəzi ərazilərdə yolun torpaq yatağı hazırlanıb. Podratçı şirkət tikinti işlərində istifadə olunacaq texnikaları əraziyə gətirib.
AZƏRBAYCAN SERVİSİ /ARAN AGENTLİYİ
ARAN AGENTLİYİ / AZƏRBAYCAN SERVİSİ : Yaxın günlərdə Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Gürcüstan ərazisində tikinti işlərinə başlanılacaq. Bu barədə “APA-Economics”ə Azərbaycan Dövlət Dəmir Yolunun baş mühəndisi Qurban Nəzirov məlumat verib.
Q.Nəzirovun sözlərinə görə, artıq lazım olan materiallar alınıb, bəzi ərazilərdə yolun torpaq yatağı hazırlanıb. Podratçı şirkət tikinti işlərində istifadə olunacaq texnikaları əraziyə gətirib.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.
Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın “Azərinşaatservis” şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.
Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.