Arannews - Bu gün Qaradağ Rayon Məhkəməsində Hacı Mövsüm Səmədovun məhkəməsi olacaq .
Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun qapalı rejimə - Qobustan həbsxanasına köçürülməsinə saxlandığı müəssisənin təqdimatı əsasında baxılacaq.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
2014-cü il sentyabrın 18-də Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib. Sentyabrın 30-da o, karserdən çıxıb. Mövsüm Səmədovun 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülən gündən aclıq etdiyi deyilir.
Ötən gün Anar Qasımlı bildirib ki, partiya liderinin qapalı rejimə - Qobustan həbsxanasına köçürülməsi üçün hansı əsasların gətirildiyini hələ bilmir: “Bu, Qaradağ Rayon Məhkəməsində oktyabrın 9-na təyin edilmiş prosesdə bəlli olacaq. Məhkəmə 12 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatı ilə qurulub. Təqdimatda Mövsüm Səmədovun 3 il qapalı rejimdə saxlanması tələbi qoyulub”.