Arannews - İtaliyada
keçirilən beynəlxalq turizm sərgisində Azərbaycanın işğal olunmuş ərazilərində
yaradılan separatçı rejimin iştirak etməsinə imkan verilməyib.
Azərbaycan XİN-in mətbuat
katibi Hikmət Hacıyevin verdiyi məlumata görə, məsələ ilə bağlı rəsmi
Romaya və beynəlxalq sərginin təşkilatçılarına xəbərdarlıq olunub.
“İtaliyadakı səfirliyimiz
tərəfindən öncədən həyata keçirilmiş qəti və ardıcıl tədbirlər nəticəsində
İtaliyanın Rimini şəhərində oktyabrın 9-11-də keçirilən “TTG İncontri - The
İnternational B2B Fair for the Tourism” sərgisində Ermənistan pavilyonun tərkib
hissəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma
rejimin təmsil olunmasının qarşısı alınıb”, - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə,
Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən bu narahatedici məqamla əlaqədar
İtaliyanın Xarici İşlər Nazirliyinə və sərginin təşkilatçısı olan şirkətə
müraciətlər edilib və Dağlıq Qarabağ adlanan qondarma rejimin Ermənistan
pavilyonunda və ya ayrıca şəkildə sərgidə təmsil olunmasının qeyri-qanuni
olduğu izah olunub: “Ermənistan tərəfi ənənələrinə sadiq qalaraq, bu kimi beynəlxalq
tədbirlərin təşkilatçı şirkətlərini aldatmağa cəhd göstərir və Dağlıq Qarabağı
Ermənistan ərazisi kimi göstərməyə çalışır. Ermənistan tərəfindən adətən tədbirin
təşkilatçılarına əvvəlcədən xəbər vermədən tədbir başlayan günü “Dağlıq
Qarabağ” adı altında bir neçə təbliğat materialları Ermənistana aid pavilyona
qoyulur və bu da qondarma rejimin “təmsil olunması” kimi təqdim olunur. Ermənistanın
bu kimi cılız təxribatçı əməllərə yenidən əl ata biləcəyinin istisna
olunmadığını nəzərə alaraq, sərginin gedişi diqqətdə saxlanılır”.