Armenia servisi/ARAN AGENTLİYİ
Ermənistan prezidenti Serj Sarkisyan Seyran Ohanyanı ölkənin yeni müdafiə naziri təyin edib.
Prezident deyib ki, əslən Şuşalı olan cənab Ohanyanı iyirmi ildir ki, şəxsən tanıyır və hələ bir dəfə də onun barəsində şərəfsizlik gətirəcək hadisə baş verməyib.
Serj Sarkisyan Ohanyanın ordu quruculuğu işindəki fəaliyyətini də tərifləyib.
Cənab Ohanyanın tərcümeyi-halı olduqca maraqlıdır.
Seyran Ohanyan 1 iyul 1962-ci ildə Dağlıq Qarabağın Şuşa şəhərində anadan olub.
1979-cu ildə Erməmnistan SSR-in Nairi rayonunda Mrqaşen kənd orta məktəbini bitirib.
Bundan sonra Bakı Ali Ümumqoşun Hərbi Məktəbində təhsil alıb.
Ordu xidmətini Almaniyadakı Sovet qoşunları qrupunda keçirib.
1988-ci ilin iyulunda xidmətini davam etdirmək üçün SSRİ Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilib və 366-cı qvardiya motoatıcı alayında rota komandiri təyin olunub.
Bu alay Qarabağ müharibəsinin tarixinə ən qanlı səhifələrdən birini yazmış hərbi birləşmə kimi tanınır.
Qarabağ münaqişəsinin başlanğıcında artıq zabitlərinin əksəriyyətini Qarabağ erməniləri təşkil edən bu motoatıcı alayı Azərbaycan Xocalı əhalisinin qətliyamında başlıca müqəssir bilir.
1989-cu ildə Ohanyan Xankəndində mənzillənən bu alayın artıq komandanı təyin edilib.
Seyran Ohanyanın bioqrafiyasında yazıldığına görə 1992-ci ildə 366-cı motoatıcı alayı Azərbaycan ərazisindən çıxarıldıqdan sonra qalaraq xidmətini, Dağlıq Qarabağ ermənilərinin silahlı dəstələrində davam etdirib.
Seyran Ohanyan döyüşçü zabit kimi tanınır. O, 1992-ci ilin sentyabrında Ağdərə rayonunun Çaldıran kəndi yaxınlığındakı döyüşdə ağır yaralanıb.
1992-ci ilin dekabrıbda Dağlıq Qarabağ müdafiə komitəsi qərargahının rəisi təyin edilib.
1994-1998-ci illərdə Qarabağ ermənilərinin silahlı dəstələrinə rəhbərlik edən qurumda komandanın birinci müavini kimi çalışıb.
1999-cu ildə Dağlıq Qarabağ ermənilərinin separatçı hökumətində müdafiə naziri təyin olunub.
2007-ci il mayın 11-dən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsində çalışırdı.