Ölkədə fəaliyyət göstərən bəzi KİV-lər və media orqanları müsəlman ölkələrin baş bəlasına çevrilən terrorçu İŞİD-lə bağlı məlumat verərkən sözügedən qruplaşmanı İslam dövləti yaraqlıları kimi təqdim etməyə çalışırlar.
Qulu Məhərrəmli: “İŞİD”ə rəğbəti olan bəzi siyasi qüvvələr onu dövlət adlandırırlar”.
Zeynal Məmmədli: “Media qurumları, qələm sahibləri bu mövzuda yazılarında və ifadələrində diqqətli olmalıdırlar”.
Arannews- Lakin bütün cinayətləri və terror əməlləri ilə dünyaya gün kimi aydın olan “İŞİD”-in belə bir formada cəmiyyətə sırınması maraq doğurur. Yəni insanların başlarını diri-diri kəsən, günahsız insanları əllərini bağlayaraq güllələyən, müsəlman qadınları bazarlarda qul kimi satan bir qruplaşmanı İslam dövləti adı altında yaraqlı kimi təqdim edən media qurumlarının məqsədi nədir?
Mövzu ilə bağlı AzadXeber.az-a açıqlama verən tanınmış telejurnalist, professor Qulu Məhərrəmli və media eksperti, “Azadlıq” radiosunun Bakı ofisinin rəhbəri Zeynal Məmmədli müxtəlif fikir səsləndirdilər.
Qulu Məhərrəmli açıqlaması zamanı bildirdi ki, bu qruplaşma özü-özünü İslam dövləti adlandırır:
“Amma bizim mətbuatda bu necə adlandırmalıdır? Hansı platformanı əsas götürərək sözü gedən qruplaşma haqqında danışmalıyıq? Bütün bunlara aydınlıq gətirmək üçün onu deyə bilərəm ki, Azərbaycan hər zaman terrora qarşı mübarizə aparan bir dövlət olub.”
Ekspertin sözlərinə görə, “İŞİD”ə rəğbəti olan bəzi siyasi qüvvələr onu dövlət adlandırırlar: “Eyni zamanda bəzi dövlətlər də terror qruplaşması kimi tanıyır. Biz də bir dövlət olaraq hər zaman terroru pisləmişik. Ona görə münasibətimiz birmənalı olmalıdır. Bir qruplaşma ki, insanları qətlə yetirir, zorakılıq törədir bunun bir adı vardır ki, o da terrordur. Məhz ona görə hesab edirəm ki, bunların bir çoxu məsələnin mahiyyətini dərk etməməkdən irəli gəlir.”
Qulu bəy onu da əlavə etdi ki, müəyyən dəstəklə silahlı qruplaşmaya çevrilən və həmçinin bütün regionda gərginlik yaradan dəstəyə dövlət demək olmaz:
“Ümumiyyətlə ölkəmizdə təkcə İŞİD yox, eyni halda bir çox qruplar vardır ki, adları yanlış təqdim olunur. Bir sözlə bütün bunların hamısı qeyri-peşəkarlıqla bağlıdır. Ümumiyyətlə əlinə qələm alan adam öncə maariflənməli, sonra nəyisə yazmalıdır. Hazırda bir qrup öz fəaliyyət dəstəsi meydana çıxıb. Bir çox media qurumlarını da həmin qeyri-peşəkarlar idarə edirlər. Ümumiyyətlə peşəkar insan məsələyə də peşəkar yanaşır. Verilən ifadələr arasında çox böyük siyasi fərq var. Ona görə hər kəs öz ifadəsinə diqqət etməlidir. Əks halda həmin insanları peşəkar hesab etmək olmaz.”
Kütləvi İnformasiya Vasitələrinin İslam dəyərləri ilə heç bir bağlılığı olmayan və özünü İslam Şam İraq Dövləti (İŞİD) kimi təqdim edən qruplaşmanın adı ilə əlaqədar ehtiyatla davranmalı olduğunu söyləyən Zeynal Məmmədli bildirdi ki, belə bir dövlət olmadığı halda cəmiyyətə qəbul etdirməyə çalışırlar.
Zeynal bəyin sözlərinə görə, bununla bağlı bir çox dövlətlərdən fərqli olaraq, müsəlman dövləti olan Azərbaycan məsələyə həssas yanaşmalıdır:
“Media qurumları, qələm sahibləri bu mövzuda yazılarında və ifadələrində diqqətli olmalıdırlar. Ona görə təqdimatda “mediada terrorçu təşkilat” kimi tanınan və yaxud da “özlərini “İŞİD” kimi tanıtdıran bir qrup şəxslər” ifadəsini işlətməklə həm özümüzü, həm də dinimizi qorumuş oluruq.”
Ümumiyyətlə bu insanları hüquqi baxımdan terrorçu kimi adlandırmaqda heç bir yanlış ifadə və yaxud da etikadan kənar bir şey yoxdur: “Çünki həmin təşkilatın yetərincə baş kəsmələri, müxtəlif zorakılıqları hər kəsə məlumdur.
Hətta BMT də sözügedən qruplaşmanı terrorçu təşkilat kimi tanıyıb. Amma dünya praktikasında belə bir təcrübədə vardır ki, uzun illər əvvəl dünyada bir nəfəri və ya təşkilatı terrorçu kimi tanındıqdan sonra həmin ad sonradan üstündən götürülüb. Eyni fonda mediaya qərəzliyini nəzərə alaraq, həm də bunlar haqqında tam mənbəyə malik olmadığımız üçün bir az ehtiyatlı olmaq lazımdır. Türklər “İŞİD” militanları dediyi halda bizdə buna “İŞİD” yaraqlıları deyirik. Burada elə bir ciddi ifadə yoxdur. Çünki yaraqlılar dedikdə silahlıları nəzərdə tutulur. Önəmli olan media işçilərinin hər dəfə istinad verməlidir. Burada jurnalisitin və yaxudda qazetin mövqeyi olmamamalıdır.”
Sonda Zeynal bəy bildirdi ki, İŞİD üzvləri özlərini İslam dövləti kimi adlandırsa da, bu qəbul edilmir: “Burada sanki belə bir dövlətin mövcudluğunu sübut etmək istəyirlər.”