Azərbaycanın hazırda güzəştə meyilli olmayan mövqe sərgiləməsi danışıqlar prosesində yaxın zamanda böhranın yaşanacağına işarədir
Azerbaijan Servisi/Aran Agentlyi
«Azərbaycan Praqa prosesindən imtina etməyə hazırlaşır» Zəfər Quliyev: «Azərbaycanın hazırda güzəştə meyilli olmayan mövqe sərgiləməsi danışıqlar prosesində yaxın zamanda böhranın yaşanacağına işarədir» Ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında bildirib ki, Praqa prosesində öz müqədəratını təyin etmə prinsipi əksini tapsa da, Kosovoyla bağlı baş verən olaylar ölkəmizin mövqeyində bir sıra dəyişikliklərə səbəb ola bilər. “Kosovonun müstəqilliyinin tanınması ikili standartlarla bağlı ciddi şübhələr yaradıb. Çünki BMT Təhlükəsizlik Şurasının qərarına baxmayaraq Kosovonun müstəqilliyi tanındı”,- deyə E.Məmmədyarov bildirib. Bundan başqa Ermənistanda baş verən bir sıra kadr dəyişiklikləri də diqqət çəkməyə bilməz. Belə ki, xocalıların cəlladı kimi tanınan general Seyran Ohanyan Ermənistanın müdafiə naziri təyin olunub. Eyni zamanda Ermənistanın sabiq və indiki dövlət başçılarının Qarabağın müstəqilliyinin tanına biləcəyilə bağlı səsləndirdiyi bəyanatlarÿYerevanın mövqeyindəki müəyyən sərtləşmədən xəbər verir. Ekspert Zəfər Quliyevlə müsahibənin ilk sualı da E.Məmmədyarovun açıqlamasıyla bağlı oldu: - Kosovo presedentindən sonra rəsmi təbliğat baş verən hadisənin Qarabağ üçün nümunə ola bilməyəcəyi üzərində quruldu. Amma hər halda Qarabağ üçün real təhlükə yaranır və Azərbaycan bu təhlükədən suğortalanmalıdır. Son hadisələr göstərdi ki, Azərbaycan hakimiyyəti Kosovo presedentinin Qarabağa tətbiq olunmaması üçün bir sıra addımlar atmağa çalışdı. BMT-də müzakirələri bu istiqamətdə atılan addım kimi qiymətləndirmək olar. Proseslərin məntiqi ardıcıllığı kimi güman etmək olardı ki, Azərbaycan Praqa prosesindən əl çəkməyə çalışacaq. Elmar Məmmədyarovun açıqlamalarında bir cümlə də var ki, o da diqqətə layiqdir. O bəyan edir ki, ola bilsin ki, danışıqlar prosesi sıfırdan başlasın. ATƏT-in Minsk Qrupunun tərkibinin dəyişdirilməsiylə bağlı bəyanatların intensiv səslənməsi və bu istiqamətdə atılan addımlar da bu baxımdan təsadüfi deyil. - Ermənistanda baş verən bir sıra kadr dəyişiklikləri də diqqət çəkməyə bilməz. Belə ki, xocalıların cəladı kimi tanınan general Seyran Ohanyan Ermənistanın müdafiə naziri təyin olunub... - Köçəryanın özü də məhz Qarabağ müharibəsi dalğasında hakimiyyətə gələn bir şəxs idi. Onun da əli qana bulanmış idi. Ona görə Ermənistan hakimiyyətində bu ardıcıllıq hiss olunur. Köçəryan, gördüyünüz kimi hakimiyyəti birbaşa Sərkisyana təhvil verdi. Bu baxımdan güman etmək olardı ki, Sərkisyan da öz komandasını formalaşdırarkən əvvəlki iqtidarın siyasətini rəhbər tutacaq. Yeni prezidentin də məhz Qarabağ klanına güvənməsi, Köçəryana yaxın kadrlardan istifadəsi bunu bir daha sübut edir. Seyran Ohanyanın Ermənistanın müdafiə naziri təyin olunması da bir daha deyilənlərin təsdiqidir. Əslində hazırda hakimiyyətə gələn qüvvələr Rusiyapərəst olsalar da, onlar daxili siyasətdə daha sərt mövqedən çıxış etməyə məcburdurlar. Çünki hazırkı hakimiyyətin Ermənistanda manevr imkanları faktiki daralıb. Bu amilin ciddi təsir qüvvəsinə malik olması Ermənistandakı son prezident seçkisinin nəticələriylə bağlıdır. Yeni hakimiyyətin Qarabağ məsələsində də sərt mövqedən çıxış edəcəyini gözləmək olar. Artıq bu istiqamətdə bir sıra sərt bəyanatlar da səslənib. Azərbaycanın da hazırkı güzəştə meyilli olmayan mövqe sərgiləməsi danışıqlar prosesində yaxın zamanda böhranın yaşanacağına işarədir. - Ermənistanın yeni prezidenti dünən açıqlamasında bildirib ki, Azərbaycanın neft gəlirləri onları qorxutmur və rəsmi Bakının münaqişəni neft pulları hesabına çözməyə çalışması əbəsdir... - Əslində bunu siyasi açıqlama kimi qiymətləndirmək lazımdır. Ermənistan prezidenti başqa bəyanat verə bilməz. Amma indiki mərhələdə Qarabağ danışıqlarında ölkəyə neft pullarının daxil olması baxımından Azərbaycanın mövqeləri güclənir. Ermənistanın danışıqlar prosesində uğur əldə etməsini bir amil sürətləndirə bilərdi. O da Ermənistanın son seçkidə demokratiya sahəsində daha irəli gedə bilməsi ola bilərdi. Yəni Ermənistanın neft dollarları olmasa da, o demokratik imic məsələsində Azərbaycanı üstələyə bilərdi.