Rusiya tərəfi deyir ki, üş həftədir ki, həmin yükün Azərbaycanda ləngiməsi nəticəsində Buşəhr atom elektrik stansiyasında aparılacaq işlər yubana bilər
Azerbaijan Servisi/Aran Agentliyi
Rusiya mətbuatının bu gün yaydığı məlumatlarda, İranda Buşəhr atom elektrik stansiyasının inşaatının başa çatdırılması üçün nəzərdə tutulan və Rusiyadan göndərilən avadanlığın Azərbaycanda sərhəd və gömrük xidmətləri tərəfindən hələ mart ayının sonundan saxlanıldığı deyilir.
Rusiya tərəfi deyir ki, üş həftədir ki, həmin yükün Azərbaycanda ləngiməsi nəticəsində Buşəhr atom elektrik stansiyasında aparılacaq işlər yubana bilər.
Bakıdakı həmkarımız Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahimdən Rusiaydan İrana göndərilən yükün saxlanması səbəblərinə aydınlıq gətirməyi xahiş edib:
Xəzər İbrahim: Biz artıq Rusiya səfirliyinə müraciət etmişik ki, həmin yükün mahiyyəti barədə bizə tam və dolğun məlumat versinlər. Çünki Rusiya tərəfinin ilk məlumatı belə olmuşdu ki, həmin yük Buşəhr atom-elektrik stansiyası üçün nəzərdə tutulub. Lakin materialların həssaslığını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə və sanksiyalarını nəzərə alaraq, həmin materialların tam mahiyyəti barədə məlumata malik olmaq çox vacibdir. Biz bilməliyik ki, həmin materilallar sanksiyalar altına düşür, ya yox.
Sual: Rusiya tərəfi deyir ki, Azərbaycan yükün saxlanılması barədə Moskvaya heç bir məlumat verməyib.
Xəzər İbrahim: Biz bu barədə Rusiya səfirliyinə müraciət etmişik və onlardan tam məlumat istəmişik.
Sual: Bu çoxdan olub?
Xəzər İbrahim: Dəqiq vaxtı deyə bilmərəm. Ancaq biz belə bir müraciət etmişik.
Sual: Rusiya tərəfi deyir ki, bu yük martın 29-dan orada saxlanılır.
Xəzər İbrahim: Başa düşürəm. Lakin biz Rusiya tərəfinə müraciət etmişik. Vaxtı isə indi dəqiq deyə bilmərəm.
Sual: Sizin müraciətinizə Rusiya tərəfi cavab veribmi?
Xəzər İbrahim: Hələ detallı cavab verilməyib. İlk olaraq bizə məlumat verilib ki, həmin yüklər Buşəhr atom-elektrik stansiyası üçün nəzərdə tutulub.