İmam Hüseyn (ə) məktəbi Azərbaycanın milli mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, musiqisinə, hətta mətbəxinə belə daxil olub.
AranNews- Bu məktəb bu və ya başqa şəkildə elə günümüzdə də milli mədəniyyətimizin ayrılmaz hissəsi kimi cəmiyyətimizə təsirini göstərir.
"Doğrudur, təəssüflər olsun, 70 illik dinsiz kommunist rejiminin hakimiyyəti cəmiyyətdə öz dərin izlərini buraxıb və bu gün toplumumuzun çox az hissəsi Kərbəla məktəbinin həqiqi mahiyyətilə tanışdır. Bu, əksəriyyət üçün sadəcə bir ənənə və hüzn hadisəsidir. Hərçənd ki, bu məktəbin daha dərin dərslərini keçməmizə, onun fəlsəfəsi ilə tanışlığa böyük ehtiyac var. Təəssüflər olsun ki, mövcud dini təsisatlar bu sahədə lazımi iş aparmırlar, maarifçiliklə məşğul olmurlar. Kərbəla hadisəsi əsasən Məhərrəm ayında yada düşür ki, bundan da din adı ilə çıxış edən bəzi dairələr yalnız öz mənfəətləri üçün istifadə edirlər. Aşura biriləri üçün həyat fəlsəfəsi, qeyrət məktəbidir, azadlığı simvolizə edən zirvədir, digərləri üçün isə gəlir mənbəyidir. Ümumilikdə, hiss olunur ki, cəmiyyətimizin əsasən yeni nəsli, yeniyetmə və gənclərimiz bu məktəbi daha dərindən öyrənməyə çalışırlar. Belə bir şəraitdə bu sahəyə xüsusi diqqət yetirmək tələb olunur ki, gənclər bu məktəbin ölməz qəhrəmanı İmam Hüseyni (ə) daha yaxından tanısınlar. Bir epizodik hadisə kimi yalnız Aşuranı, Məhərrəm ayını deyil, Həzrət Hüseynin (ə) bütün şərəfli həyat yolunu dərindən öyrənsinlər.
Onun bütün davranışları iman, təqva, elm və əxlaqın ən parlaq nümunələrindəndir. İmam Hüseyni öyrəndikcə gəncliyimiz əlinə Quran alacaq və bu İlahi Kitabı öz ruhuna, düşüncələrinə və əməllərinə hopdurmağa çalışacaq. Eyni zamanda, dünyəvi elmləri də dərindən öyrənəcək, imanda da, elmdə də ən öndə olmağa çalışacaq. İmam Hüseyn (ə) kimi islahatçı olacaq, özü düz insan olmaqla yanaşı, cəmiyyətini islah etməyə çalışacaq. Sözün həqiqi mənasında Allah bəndəsi olmağı öyrənəcək. Ən əsası, qanı ilə qılınc üzərində qələbə qazanmış İmam Hüseyndən (ə) ölməzlik sirlərini öyrənəcək. Bu məktəbi keçmiş yeni nəslin quracağı cəmiyyət köklü şəkildə kommunistlərdən miras qalmış bugünkü cəmiyyətimizdən fərqli olacaq. Bu məktəb bizlərə cəmiyyətdə ədalətin bərqərar olmasını, insan haqları və azadlıqlarının təmin edilməsini, insanlığa dəyər verilməsini, qorxmazlığı, şücaəti, cəsarəti aşılayır. Elə bir cəmiyyət ki, orada zülmə, haqsızlığa, rüşvətə, böhtana, narkomaniyaya, cəhalətə, təkəbbürə, bir sözlə, hər cür rəzalətə yer yoxdur. Elə bir cəmiyyət ki, orada öndər haqsızlıq qarşısında əyilmir, sınmır, həssas anda dəyərlərini tapdaq altına atmır, zülmkar qarşısında boyun əymir, milləti qoyub qaçmır - əksinə, bütün vücudu ilə haqsızlıq qarşısında ləyaqətlə dayanır. Hətta canı bahasına olsa belə. Bax, budur şəhadət məktəbi və ölməzliyin sirri".
bu məktəb elə bir Allah adamı yetişdirir ki, onun hər bir hərəkətindən özü də, ailəsi də, çevrəsi də, bütövlükdə cəmiyyət də yalnız fayda almış olun. Bir sözlə, bu məktəbin həqiqi tələbələri ən layiqli insan olmağı öyrənə bilərlər. Bu isə şüarla yox, şüurla olur! Öyrənmək, anlamaq, düşünmək və həyata keçirmək.
Kərbəla məktəbi insanlıq, özünün və yaşadığı cəmiyyətin taleyinə biganə qalmayan islahatçılar yetişdirən məktəbdir. Rəmzi günlərdə bu böyük məktəbi xatırlamaq və onun dəyərlərinə sarılmaq imkanı əldə edirik. Amma bir daha vurğulayım ki, ilin yalnız bu günləri bu dəyərləri yaşatmaq üçün yox, onun dərsini ilin bütün günlərinə, bütövlükdə həyatımıza daşımaq üçün. Cəmiyyətimizə, xüsusilə də yeni nəsilə İmam Hüseyn məktəbinin layiqli tələbələrindən olmaq arzulayıram.
---------------------------------------------------------------
Bu gecə qəlbimə röyada elə qəm gəldi,
Yuxudan durdum, oyandım ki, Mühərrəm gəldi.
Mən Hüseyn adını çəkdim elə qəmləndi könül,
Boğazı tutdu qəhər gözlərimə nəm gəldi.
Mürtəzanın qızı ol Zeynəbi Kübraye ərəb,
Körpə qızlarla bərabər və dəmadəm gəldi.
Nəhri əl qəmdə görüb qolları yox Səqqanı,
Bu kədərnən o şah öz qəddin edib xəm gəldi.
İndi gör Əsğər üçün Tanrı nələr xəlq eliyib,
Canını verməmiş İsmailə Zəm-Zəm gəldi.
Bu bəlalar elə yandırdı o gün Zəhranı,
Fatimə naləsinə Həzrəti Məryəm gəldi.
Bütün əflak o güni duydu Rüqəyya səsini,
Nə fələklər, nə mələklər, bütün aləm gəldi.
Fariz öz şahıvə yazdı neçə misra qəzəli,
O zaman ki, bu könül mülkünə matəm gəldi.