Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə dəstəyi və iştirakı ilə 80-ci illərin sonundan başlayaraq, Azərbaycana qarşı 30-dan artıq terror-təxribat əməli törədilib
Arannews - "Terrorizm Ermənistanın
dövlət siyasətinin tərkib hissəsidir və Ermənistan Respublikası terroru dəstəkləyən
dövlətdir".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri E.Nalbəndyanın
oktyabrın 24-də mətbuat konfransında səsləndirdiyi fikirlərini şərh edərək
bildirib.
H.Hacıyev qeyd edib ki, Ermənistanın xüsusi xidmət orqanlarının
bilavasitə dəstəyi və iştirakı ilə 80-ci illərin sonundan başlayaraq, Azərbaycana
qarşı 30-dan artıq terror-təxribat əməli törədilib: “Bu terror əməllərinin Ermənistanın
xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat-istintaq yolları ilə
tam şəkildə sübut olunub. 19 mart və 3
iyul 1994-cü il tarixində Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları
tərəfindən törədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatında
terrorun əsasını qoyub. Ermənistan
xüsusi xidmət orqanlarının bu ənənələri əsasında 10 il sonra Madrid və London
metrolarında terror aktları törədilib”.
XİN rəsmisinin sözlərinə görə, Ermənistan dünyada yeganə ölkədir ki,
faşist müharibə cinayətkarı “general
Dro” və qatı terrorçu Monte Melkonyan Ermənistanın milli qəhrəmanları
elan edilib və onların şərəfinə Yerevanda abidələr qoyulub: “Dünyada terrorizmə
qarşı mübarizədə “erməni terrorizmi” (Armenian terrorism) və onun “modus
operandi”si xüsusi bir sahə kimi öyrənilir. Tarixdən danışan Ermənistan xarici
işlər nazirinə XİX əsrdən başlayan daşnak erməni terrorizmi, hələ Çar
Rusiyasının 12 iyun 1903-cü il tarixli qərarı, beynəlxalq terrorun tərkib hissəsi
olan və Ermənistanın xüsusi xidmət orqanlarının tərkibinə keçən ASALA terrorunu
xatırlatmaq lazımdır”.
“Azərbaycan Respublikası bu gündə Ermənistan tərəfindən dövlət səviyyəsində
aparılan terrorizm və beynəlxalq terrorizmlə üz-üzədir və Azərbaycanın beynəlxalq
terrorizmə qarşı mübarizədə verdiyi töhfələri dünya birliyi tərəfindən layiqincə
qiymətləndirilir”, deyə H.Haciyev vurğulayıb.