Tarix : 2014 Nov 04
Kod 44580

İmam Rzanın (ə) Aşura barəsindəki kəlamı

Məhərrəm ayının ilk günü Rəyyan ibn Şəbib İmam Rzanın (ə.) yanına gəldi. Həzrət (ə.) ona buyurdu: Ey Şəbibin oğlu, Ərəblər cahiliyyət zamanı Məhərrəm ayında müharibə etməyi haram bilirdilər. Amma bu ümmət bu ayın ehtiramını və Peyğəmbərin (s.) hörmətini saxlamadı. Bu ayda bizim qanımızı halal bildilər, bizə hörmətsizlik etdilər, övladlarımızı və qadınlarımızı əsir götürdülər, xeymələrimizi yandırdılar və mallarımızı qarət etdilər. Bizim barədə Allahın Rəsulunun (s.) ehtiramına riayət etmədilər.
Həqiqətən Huseynin (ə.) şəhadət günü bizim gözlərimizin kipriklərini yaraladı, göz yaşlarımıza səbəb oldu və ürəklərimizi yandırdı. Əzizimizi Kərbəla torpağında zəlil etdi, möhnət və bəlanı qiyamət gününə qədər bizim üçün irs qoydu. Ağlayanlar gərək İmam Huseynə (ə.) ağlasınlar. Çünki İmam Huseynə (ə.) ağlamaq böyük günahları aradan aparır.
Ey Şəbibin oğlu, əgər ağlamaq istəsən, İmam Huseynə (ə.) ağla. O həzrəti (ə.) şəhid etdilər. Onunla bərabər Əhli-Beytdən (ə.) 18 nəfəri şəhid etdilər ki, yer üzündə oxşar və tayları yox idi. Yeddi qat səmalar və yerlər o Həzrətin (ə.) şəhadətində ağladılar. Aşura günü dörd min mələk o Həzrətə (ə.) kömək etmək üçün gəlmişdilər, onun şəhid olduğunu gördülər. Buna görə də peşiman və qubarlı halda o mütəhhər qəbrin yanında qalmağa məmur oldular ki, İmam Qaim (ə.f.) zühur etdikdə onun köməkçilərindən olsunlar. Şüarları “Ya ləsarətəl Huseyn” -dir.
Ey Şəbibin oğlu! Əgər behiştdə bizimlə ən ali dərəcədə birgə olmanı istəyirsənsə, bizim qəmgin anlarımızda qəmgin olub, şadlığımızda sevin. Bizim vilayətimizi sev, qəbul et. Əgər bir nəfər bir daşı da sevsə, Allah-Təala onun həmin daşla məhşərə gətirəcək...
Sənəd: Biharul-Ənvar, c.98,səh.12; c.14, səh.164; Əmali (Səduq), səh. 11; İqbal, səh.544; Uyuni-Əxbari-Rza (ə.), c.1,səh.233

Aşura haqqında hədislər

İmam Səccad (ə): «Gözləri Hüseynin (ə) öldürülməsindən ötrü ağlayan, ağlamaqdan göz yaşları yanaqlarından axan möminə Allah bunun səbəbinə cənnət köşklərində yer verər və uzun müddət orada yaşayar.» (Səvabul-Əmal, səh.108, hədis1)
İmam Baqir (ə) (Aşura günündə yaxın və ya uzaq məsafədən Hüseynin (ə) ziyarəti barədə hədisdə):«…Sonra Hüseynə (ə) ağlayıb inləsinlər, evində olanlara və onlardan təqiyyə saxlamayanlara da ağlamağı tapşırsın... Hüseynin (ə) müsibətinə görə bir-birinə başsağlığı versinlər. Dedim: Bir-birimizə necə başsağlığı verək. Deyin ki, Allah Hüseynin müsibətinə görə bizə çatan əcri böyütsün, bizi və sizləri onun «Vəliye dəm»i (qan sahibi) Məhəmməd ailəsindən olan İmam Mehdi ilə birgə onun qanını almağa qalxanlardan etsin.» (Misbahul-Motəhəccid, səh.772)
İmam Sadiq (ə): «Kim Hüseynin barəsində bir beyt şer yazıb özü ağlasa və on nəfəri da ağlatsa, özünün və həmin on nəfərin nəsibi cənnət olar (cənnətlik olar).» (Səvabul- Əmal, səh.110, hədis3)
İmam Rza (ə): «Aşura günü kimin yas, ağlama və kədər günü olarsa, Allah qiyaməti onun şadlıq və sevinc gününə çevirər.» (İləluş-Şərayyə, səh.227, hədis 2)
İmam Rza (ə): «Hüseyn kimi insana gərək ağlayanlar ağlasın. Çünki onunçün ağlamaq böyük günahları silər.» Həzrət sonra buyurdu: «Məhərrəm ayı girəndən kimsə atamı gülərüz görməzdi. On gün keçincəyə qədər yas və kədər ona hakim olardı. Onuncu gün də onun ağlamaq, yas və qəm günü idi və buyurardı: Bu Hüseynin öldüyü gündür.» (Vəsauluş-Şiə, c.10, səh.394, hədis 8)

  • Yazılıb
  • da (də) 2014 Nov 04