Tarix : 2014 Nov 04
Kod 44590

Yəmənin "Ənsarullah hərəkatı", İslamın uğurlu hərəkatlarından bir nümunədir

AranNews- Zeydi firqəsindən sayılan Husi şiələri əsrlər boyu ardıcıl olaraq Yəməndə hökuməti öz əllərində saxlayıblar. Hal-hazırda ölkə əhalisinin yarısını təşkil edən şiələr əsasən, ölkənin şimalında yerləşən Saada əyalətində məskunlaşıblar. Onlar, Birinci Dünya Müharibəsindən və Osmanlıların ordan çıxarılmasından sonra yenidən siyasi səhnədə göründülər və dörd onillikdən yuxarı (1918-1962) ölkəyə rəhbərlik etdilər.
Bu arada Yəməndə "Ənsarullah" hərəkatı daha çox təsirli nüfuza malik olduğundan onların düşüncələri, ideologiya və əqidə əsasları, onun geosiyasi əsaslarının təsirləri ilə tanış olmaq üçün Yəmən məsələləri üzrə ekspert Cəfər Qənnadbaşi ilə söhbətimiz olub, bu hərəkatın uğurları və digər məsələlər barədə təhlillər aparılıb.

- Ənsarullah hərəkatı nə vaxt təsis edildi?

- Ənsarullah, Yəmənin son illərinin məhsuludur və son 10 ildə bu hərəkat yaranmışdır. Həqiqətdə Ənsarullah, husilərin nümayədəsi olan bir qrupdur. Onlar Zeydi firqəsindən olaraq, Yəmənin şimalında məskunlaşıblar. Husilərin bu müddət ərzində dövlətə qarşı çoxlu mübarizələri olub və çox vaxt da onların qiyamları yatırılıb. Yəməndə yaşayan şiələr bu ölkənin şimal, cənub və qərb hissələrində pərakəndə halda yaşayırlar. Amma əsasən Saada əyalətində və ölkənin şimal bölgələrində məskunlaşıblar. Bu əyalət şimaldan Ərəbistanla sərhəddir. Onlar Parlamentdə bir siyasi partiya kimi yer tutmaq istədikdə Ənsarullah adı altında zühur etdilər. Onların nümayəndəsi də bir zaman parlamentdə yer tutdu. Onun məclisdən uzaqlaşdırılması ilə bu partiya təqribən müxalif partiyata çevrildi və Əli Abdullah Salehin siyasətləri ilə müxalifətçilik etdi. İndi də öz səyləri nəticəsində xalqın geniş sevgisini qazana biliblər. Bu sevgi onların uzun illər mübarizəsi, ağıllı hərəkətləri və onlara göstərilən təzyiqlərə dözdüklərinə görədir.

- Ənsarullah hansı ideologiya və əqidə əsaslarına söykənir?

- Onlar Zeydi şiələri olmalarına baxmayaraq, ideoloji sahədə məhdud hərəkət etməyiblər. Onlar geniş əməl edərək Yəmən şafeiləri ilə yaxşı münasibətlər qura biliblər. Hal-hazırda Yəməndə İslam üçün yaranmış şəraitə uyğun olaraq Ənsarullah, öz dini vəzifəsini yerinə yetirməyə çalışır. Onlar siyasi səhnəyə məntiq üzündən yanaşmaqdan əlavə, din və xalqa olan sevgi üzündən də daxil olublar. Yəni pak dini hissləri onları siyasi səhnəyə daxil olmağa sövq edib.
Ənsarullahın güclənməsinə səbəb olan amillərdən biri də vəhabilərin onlara qarşı hərəkatlarıdır. Vəhabilər, Ənsarullaha qarşı çoxlu tənqid və ittihamlar ortalığa atır və onlara qarşı təzyiqlər edirlər. Bu da Ənsarullahın əqidələrinin möhkəmlənməsinə səbəb olmuş və siyasi səhnədə iştiraka marağını artırmışdır.

- Ənsarullahı Yəmən şiələrinin ən mühüm siyasi və etiqadi hərəkatı hesab etmək olarmı?

- Dəqiqən belədir. Ənsarullah, Yəmənin siyasi səhnəsində şiələrin formalaşmış yeganə təşkilatıdır. Əlbəttə, onlar bu ölkədə "Husilər" kimi tanınır. Siyasi arenada da rəsmi təşkilat kimi tanınır və seçkilərdə iştirak edə bilərlər. Lakin onlar təkcə siyasi təşkilat kimi qalmaq yox, ölkənin bütün sahələrində iştirak etmək niyyətindədirlər.

- Ənsarullahın ideologiyasında vəhdət və yaxınlaşmaya nə qədər əhəmiyyət verilir?

- Yəməndə baş verən hadisələr Ənsarullahı digər qrup və təşkilatlarla daha yaxın əlaqələr qurmağa yönəltdi. İndi Ənsarullah, ABŞ, İngiltərə və digər küfr ölkələrinə qarşı mübarizə aparır, yəni onlar Yəməndə özbaşınalığın, imperializmin, küfr və allahsızlığın əleyhinədir. Ona görə də imperializmə qarşı çıxan bütün qrupları qəbul edir. Bu arada vəhabilər özgələrin siyasətlərinə xidmət göstərirlər.
Qeyd edim ki, Ənsarullah heç vaxt baş verənlərə qəbilə və tayfa baxışı ilə baxmayıb, onlar həmişə Yəməndə baş verən hadisələrə ölkə və ümumi-milli baxışla baxıblar.
Həmçinin, Ənsarullahın yazdığı kitablar hamısı Quran ayələri və hədislərə söykənir. Onlar Yəməndə İslam dəyərlərini dirçəltməyə çalışırlar.

- Teorizə olunmuş qarşılaşma Ənsarullahın hərəkət və rəftarında olubmu?

- Ənsarullah ötən on ildə çoxlu təzyiqlərə dözüb. Əgər son 20 ilə nəzər salsaq, görərik ki, onlar bu illər ərzində çoxlu basqılara məruz qalıb, sıxışdırılıb, 2000-ci ildən sonra onlara qarşı müxtəlif savaşlar açılıb və indiyə kimi onlara qarşı 6 mərhələdə 6 savaş olub. Hətta bu savaşlarda Yəmən ordusundan əlavə Ərəbistan da birbaşa iştirak edib. Cəbhədə vuruşmalı olan ordu öz xalqına qarşı döyüşüb. Bundan əlavə Ənsarullah, Əl-Qaidə və İŞİD-in də müxtəlif hücumlarına məruz qalıb. Özü zorakılığın qurbanı olmuş Ənsarullah, indiyə kimi əməli surətdə zordan istifadə etməmişdir və hərbi hücumlar qarşısında müqavimət göstərmiş, öz bölgələrini silahlı müdafiə edib. Həmçinin, onlar paytaxtda və şəhərdə əllərinə silah almayıb. Təkcə onlara hücum olan məntəqələrdə özlərini müdafiə üçün silaha əl atıb.

- Yəməndə ictimai qrup və təbəqələrin hədəfi nədir?

- Ənsarullahla birlikdə olan camaat öz vəzifələrini yerinə yetirməklə yanaşı, Yəməndə zülmə, özbaşınalığa şərait yaratmış, ölkənin geridə qalmasına səbəb  olmuş bir hökumətin siyasətlərinə dözmürlər. İctimai arenada da islami dəyərlərin icrasını və qərblə münasibətlərin dayandırılmasını istəyirlər. Onlar qərbdən gəlmiş mədəniyyətin yerinə yerli və İslami rəftarlara söykənmək istəyirlər. Onlar belə düşünür ki, qərb yumşaq proqram və mədəniyyət hücumu ilə müsəlman ölkələrinə, o cümlədən Yəmənə çoxlu mədəni ziyanlar vurub.

- Ənsarullahın hərəkat və mövqelərinin Yəmən və İslam dünyası üçün hansı təsirləri vardır?

- Ənsarullah, ötən bir ildə çox gözəl əməl etmişdir. Onlar milli müzakirələrdə Yəməndə təfriqəyə səbəb olmayacaq bir mövqe seçiblər. Bu bir ildə Yəmən dövlətinə də öz verdiyi vədlərə əməl etmək, ölkədə xalqın istəyinə cavab vermək üçün çox fürsətlər verdilər. Habelə, Əl-Qaidə və İŞİD-in təhdidləri qarşısında müqavimət göstərdilər. Heç nədən qorxub, çəkinmədilər, Ərəbistan sələfiləri qarşısında şücaətlə dayandılar.
Bu müddətdə Ənsarullahın müxalifləri də əllərində olan media-mətbuatdan istifadə edərək onların əleyhinə çoxlu mənfi təbliğlər apardılar, lakin bununla belə Ənsarullah xalqı özünə cəzb edə bildi və təbliğatın qarşısını aldı, xarici müdaxilələri və daxili özbaşınalığı xalqa çatdıra bildi. Həmçinin, onları şimal bölgələrinə qovmaq və vəhabilərin gücü altında olan ərazilərdə məhdudlaşdırmaq istəyən qüvvələrin qarşısında dayanaraq onların planlarının qarşısını aldılar.

  • Yazılıb
  • da (də) 2014 Nov 04