Arannews - Noyabrın 9-u Bakıda «Məhsul» stadionuna toplaşan vətəndaşların aksiyasında çıxış edən AXCP sədri Əli Kərimli qeyd edib: “Bu gün ölkədə şər meydan sulayır. Azərbaycanda bütün repressiyalara baxmayaraq xalq meydandadır, şərə etiraz edir. Bu fenomendir”.
Əli Kərimli həbsdə olan hüquq müdafiəçilərinin, jurnalistlərin, siyasətçilərin adlarını çəkərək cəmiyyətin onlara arxa durduğunu vurğulayıb.
Müxalif Milli Şuranın mitinqi saat 15-dən 17 radələrinədək “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı stadionda keçirilib. Aksiyanın əsas tələbi siyasi məhbusların azad edilməsi olub.
Aksiyada Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, iqtisadçı ekspert Nemət Əliyev çıxış edərək hakimiyyəti siyasi məhbusları azadlığa buraxmağa, demokratik islahatlar aparmağa, Avropa İttifaqına inteqrasiya siyasəti yeritməyə çağırıblar.
Hüquqşünas Namizəd Səfərov deyib ki, ölkədə tam hüquqsuzluq hökm sürür. Xalqın bu cür idarəçilikdən azad olmaq niyyətində olduğunu deyən hüquqşünas vurğulayıb ki, meydana toplaşanlar kölə kimi yox, məddahlıqla yox, azad insan kimi ləyaqətlə yaşamaq istəyirlər.
Hüquqşünas Vidadi Mirkamal qeyd edib ki, 2013-cü ilin prezident seçkisindəki saxtakarlıqdan sonra rejimin xalqa nifrəti artıb: “Çünki xalq ona səs vermədi. Bunu ATƏT də təsdiqlədi. Bu rejimin saxtalığını dünyaya yayan insanlar – Anar Məmmədli, Bəşir Süleymanlı, Leyla Yunus, İntiqam Əliyev və başqaları indi həbsdədir”.
Jurnalist Rahim Hacıyev deyib ki, xalq öz hüquqları uğrunda mübarizə aparmalıdır: “Heç bir qəddar rejim xalqın gücü qarşısında dayana bilməz. Buna görə də vicdanlı və vətəndaş məsuliyyətini bilən insanlarımız öz mübarizəsi ilə bu hakimiyyətə qalib gələcək”.
AXCP-çi Nemət Əliyev deyib ki, xalq müstəqilliyini qazanıb ki, yaxşı yaşasın: “Amma hakimiyyəti qəsb edənlərin bacarıqsızlığı, korrupsionerliyi bizi bundan məhrum edib”.
Milli Şuranın sədri Cəmil Həsənli çıxışında tanınmış məhbuslardan Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Anar Məmmədli, Taleh Bağırov, Əvəz Zeynallı, Nemət Pənahlı və başqalarının adlarını sadalayaraq onlara azadlıq istəyib. O, hakimiyyətin ictimai-siyasi, sosial-iqtisadi kursunu kəskin tənqid edib və deyib ki, zülm olan yerdə dirəniş olmalıdır.
Aksiyanın qətnaməsini “Nida” Vətəndaş Hərəkatının öncüllərindən olan Məcid Mərcanlı oxuyub. Qətnamədə siyasi məhbuslara azadlıq, fundamental azadlıqların təmin olunması, seçki islahatlarının həyata keçirilməsi, Avropa İttifaqı ilə inteqrasiya, korrupsiyaya son qoyulması, sosial müdafiəni gücləndirmək tələbləri yer alır.
Qeyd edək ki, 9 noyabr, Bakıda «Məhsul» stadionuna toplaşan vətəndaşlar hakimiyyətdən repressiyaların dayandırılmasını, siyasi məhbusların azad olunmasını tələb ediblər. “İnşaatçılar” metrosunun yaxınlığındakı “Məhsul” stadionunda keçirilən mitinqdə əsas şüar kimi “Siyasi məhbuslara azadlıq” tələbi səsləndirilib.