Tarix : 2014 Dec 12
Kod 44963

Türkiyə-Ermənistan sərhədi minalardan niyə təmizlənir?

Türkiyənin Ermənistan, İran və Azərbaycanla sərhəddə 225 minalı ərazinin təmizlənməsi üçün tender elan edilib. Tenderə sənədlərin qəbulu artıq yekunlaşıb.

AranNews- BMT İnkişaf Proqramının dəstəyi ilə gerçəkləşəcək, ümumi dəyəri 80 milyon dollar təşkil edən layihəyə Türkiyənin yerli firmaları nə müstəqil, nə də konsorsium şəklində qatılacaq.
Türkiyə firmaları tenderə qatılmaq üçün BMT İnkişaf Proqramı tərəfindən təşkil olunan qiymətləndirmə ballarını toplaya bilməyib. Layihəyə nəzarəti Türkiyənin Daxili İşlər Nazirliyi həyata keçirəcək. Türkiyənin Ermənistan, İran və Azərbaycanla sərhədində layihə üzrə milyon kvadratmetr ərazinin təmizlənməsi nəzərdə tutulur. Minatəmizləmə işləri Ərdahan, Qars, İğdır, Ağrı və Van vilayətlərində həyata keçiriləcək. Belə bir vaxtda isə Türkiyənin ana müxalifəti sayılan Milliyyətçi Hərəkat Partiyası (MHP) məsələ ilə bağlı maraqlı məqamlara toxunub. MHP Ermənistanla sərhədin açılmasına yönələn üstüörtülü fəaliyyətlərdən narahatlığını bildirib. MHP Antalya millət vəkili Mehmet Günal Ermənistan sərhədindəki minaların təmizlənməsinin yenidən gündəmə gətirilməsinə etiraz edərək "Niyə məhz indi" deyə hökumətə sual edib. Məsələ ilə bağlı "virtualaz" portalının məlumatına görə, Mehmet Günal Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında minalardan təmizlənmə planının "soyqırım"ın 100-cü ildönümü ərəfəsində gündəmə gətirilməsini təsadüfi hesab etməyib: "Nəyə görə minaların təmizlənməsi üçün tenderi əvvəlcə Avropa İttifaqı, daha sonra BMT İnkişaf Agentliyi keçirir? Türkiyənin öz sərhədində minaları təmizləmək üçün 80 milyon avro pulu yoxdur? Bundan əvvəl Suriya sərhədindəki minaları təmizləmək üçün ayrıca qanun çıxarıldı, indi Ermənistanla sərhəddə minaları təmizləmək üçün qanuna ehtiyac yoxdur? Qanunsuz şəkildə Avropa İttifaqı və BMT İnkişaf Agentliyi ilə protokol imzalayıb minaların təmizlənməsinə qərar verirlər. Bu necə olur? Bütün bu suallara cavab verilməlidir". M.Günal bildirib ki, 2015-ci ildə "erməni soyqırımı"nın 100 illiyinin qeyd olunması ərəfəsində "soyqırım"ın tanınması və sərhədlərin açılması məsələsi vaxtaşırı olaraq gündəmə gətirilir.

Qeyd edək ki, Türkiyə rəhbərliyi dəfələrlə Ermənistanla sərhədlərin açılmasının gündəmdə olmadığını, bu məsələnin Qarabağ münaqişəsi nizamlanmadan həll edilməyəcəyini bildirib. Lakin belə görünür ki, məsələ heç də sadə deyil. Özü də bütün bunlar Roma Papası Fransiskin sərhədlə bağlı səsləndirdiyi fikirlərdən sonra baş verir. Xatırladaq ki, Papa Türkiyəyə 3 günlük səfəri zamanı sərhədlərlə də bağlı açıqlama vermişdi. O, Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinin onun qəlbində olduğunu bildirmişdi: "Kaş o sərhəd açılsa...
O qədər gözəl bir şey olar ki... Mən o bölgədə sərhədlərin açılmasını çətinləşdirən geosiyasi problemlərin olduğunu bilirəm. Xalqlar arasında anlaşma olması üçün dua edək".
İndi isə Türkiyə-Ermənistan sərhədlərində minaların təmizlənməsi gündəmə gəlib və bu proses praktiki icraya yönləndirilmək üzrədir. Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bu xüsusda sərt mövqe açıqlayıb": Roma Papasının qondarma "erməni soyqırımı" ilə bağlı açıqlaması bir siqnaldır. Bu, qondarma "erməni soyqırımı" ilə bağlı iddiaların 2015-ci ildə ən yüksək səviyyəyə çatacağı barədə xəbərdarlıqdır. Papa, sanki bunun xəbərini verirmiş kimi danışdı, ona aid olmayan işlər barədə açıqlama verdi".
Bundan sonra gündəmə gələn digər məsələ Hrant Dink Vəqfinin təşkilatçılığı ilə Ankara Universitetində "Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi" mövzusunda keçirilən 2 günlük beynəlxalq konfrans oldu və burada da sərhədlərin açılması əsas müzakirə predmetinə çevrildi. Bunlar o fonda cərəyan edir ki, az əvvəl Türkiyə baş naziri Əhməd Davudoğlu erməni əsilli jurnalist Etyen Mahçupyanı özünə baş müşavir təyin edib. Xatırladaq ki, baş nazirlə Mahçupyanın tanışlığı uzun illər əvvələ təsadüf edir. Məlumata görə, Davudoğlunun xarici işlər naziri kimi fəaliyyəti dövründə də onların görüşləri mütəmadi olaraq davam edib.


  • Yazılıb
  • da (də) 2014 Dec 12