Tarix : 2014 Dec 23
Kod 45038

Nurçularla mübarizənin miqyası genişlənir

Türkiyədə nurçulara qarşı başlanan yeni əməliyyatlar getdikcə daha çox diqqət cəlb etməkdədir. Çünki hazırda yaşanan proseslərə Qərb tərəfindən kifayət qədər həssas reaksiya nümayiş etdirilir. Lakin Türkiyə də geri çəkilmək niyyətində deyil.

AranNews- Xatırladaq ki, nurçuların lideri, hazırda ABŞ-da yaşayan Fətullah Gülən haqqında həbs-qətimkan tədbiri seçilib.
Gülən haqqında «terror təşkilatına liderlik etmək» ittihamı əsasında həbs qərarı çıxarılıb. Dekabrın 14-də həyata keçirilən əməliyyat zamanı Türkiyə polisi nurçuların media orqanlarının bəzi rəhbərləri və əməkdaşlarını, eləcə də bu cərəyanın nümayəndələri olan bəzi keçmiş polis rəislərini saxlayıb. «Gülən camaatı»na yaxınlığı ilə tanınan və keçirilən əməliyyatlar zamanı saxlananlar barəsində məhkəmə qərar da çıxarıb. Saxlanan şəxslərdən STV-nin baş direktoru Hidayet Karaca və başqa 3 nəfərə həbs cəzası verilib.
«Zaman» qəzetinin baş redaktoru Əkrəm Dumanlı və digər 7 nəfər isə sərbəst buraxılıb. Proseslərin gedişi Gülən ətrafında halqanın daraldığını göstərir. Fətullah Gülən haqqında həbs-qətimkan tədbirinin seçilməsi onun durumunu daha da ağırlaşdırır. Lakin ABŞ-ın bu şəxsi asanlıqla Türkiyəyə verməyəcəyi də dəqiqdir. Artıq ABŞ Dövlət Departamentinin təmsilçisi Cen Psaki ölkəsində yaşayan nurçu liderin saxlanmasına dair verilən məhkəmə qərarına münasibət bildirib.
Xanım Psaki jurnalistin «ABŞ Güləni Türkiyəyə təslim edəcəkmi» sualını belə cavablandırıb: «Xəbərləri gördük. Siyasətimizə uyğun olaraq, Dövlət Departamenti təslim tələbi ilə bağlı şərh verə, belə bir tələbin olduğunu təsdiq və ya təkzib edə bilməz. Buna görə də ətraflı məlumatı Türkiyə hökumətindən almalısınız». Lakin yayılan məlumatlardan belə bəlli olur ki, ABŞ Güləni asanlıqla Türkiyəyə vermək istəmir.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, buna rəğmən, Gülən barəsində həm «qırmızı bülleten» çıxarılacağını, həm də ekstradisiyasını tələb edəcəklərini deyib. Ekstradisiya tələbinə ABŞ-ın müsbət cavab verəcəyinə ümid etdiklərini deyən Bozdağ Gülənin indi yaşadığı ünvandan qaça biləcəyini də istisna etməyib. Qərb isə, baş verənlər fonunda, Türkiyənin Avropa dəyərlərinə qarşı gəldiyini və Gülənə yaxın media orqanlarında çalışan bəzi şəxslərin həbsinin qəbuledilməz olduğunu bəyan etməkdə davam edir. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, bu həbslər siyasi motivli deyil. Xatırladaq ki, o, Fətullah Gülənə və ona yaxın media qurumlarına qarşı cinayət təhqiqatını şəxsi nəzarətə götürdüyünü bildirib və bu xüsusda maraqlı fikirlər səsləndirib: «Nə olsun ki, həbs olunanlar jurnalistdir? Jurnalistlər cinayət törətmir? Jurnalistikadan pərdə kimi istifadə edirlər».
Hazırda maraq doğuran məqam STV-nin və «Zaman» qəzetinin gələcək taleyidir. Məlumatlara görə, polis STV-nin və «Zaman» qəzetinin redaksiyalarında araşdırmalara davam edir. Bu media şirkətlərinin işçilərinin terrorizmlə əlaqəli olduğu iddia edilir. Qəzetin ingilis dilində çapının baş redaktoru Bülent Kenes deyir ki, yeni qanunvericilik hər iki şirkəti müsadirə etməyə imkan yaradır: «Çox ehtimal ki, yeni qanuna əsasən, hökumət «Hizmət» hərakatına yaxın olan media orqanları, habelə STV-nin və «Zaman» qəzetinin əmlakını müsadirə edə bilər».

Polisin STV və «Zaman» qəzetinə qarşı əməliyyatından bir gün əvvəl qüvvəyə minmiş yeni qanuna əsasən, terrorizmə görə istintaqı aparılan şəxslərin əmlak və şirkətləri müsadirə edilə bilər. Hətta bu şəxslər cinayət törətməmiş olsalar belə, onların günahkar sayılması üçün əsaslı şübhə varsa, qanunun tətbiqi mümkün olur. Təhlilçilər deyir ki, yeni qanun Gülən hərakatının biznes imkanlarını məhdudlaşdıra bilər. İstanbulda yerləşən Qlobal Mənbə Tərəfdaşlarından təhlilçi Atilla Yeşilada deyir ki, media orqanlarına qarşı aparılan istintaqın Türkiyə iqtisadiyyatına geniş təsirləri ola bilər: «Gülənçi biznes təşkilatı Tuskonun 75000-dən çox üzvü var. Biz bir neçə şirkətdən danışmırıq. Mənim fikrimcə, hökumətin əmlak müsadirəsi ilə bağlı yeni qanunu STV və «Zaman» qəzeti qrupuna tətbiq ediləcək». Ancaq təhlilçilərin fikrincə, əmlak və mülkiyyətin müsadirəsi sadəcə Türkiyə iqtisadiyyatına təsiri ilə məhdudlaşmır.
«Finansbank» şirkətinin baş iqtisadçısı İnan Dəmir deyir ki, belə bir mühitdə Türkiyə tərəfinin bu addımlarına Qərbdən yumşaq reaksiya verilməyə bilər: «Ümumi iqtisadi həssaslıq güclüdürsə, insanlar bu kimi hadisələrə iqtisadi təhdid kimi deyil, adi bir qəza kimi baxır. Ancaq investorlar çox pozitiv olsalar belə, bu kimi addımlar yardımçı olmur». Artıq Qərbin gedişləri fonunda Türkiyə valyutasının kəskin düşməsi müşahidə olunur. Hələlik ölkənin baş bankı bunun qarşısını alır. Lakin Güləni dəstəkləyən bəzi Qərb ölkələrinin bu istiqamətdə Türikyəyə təzyiqlərini davam etdirəcəyi də qaçılmaz sayılır.

  • Yazılıb
  • da (də) 2014 Dec 23