Ötən il Azərbaycanın turizm sektorunda inkişaf müşahidə olunub. Ölkədə fəaliyyət göstərən turizm müəssisələrinin sayı 10,5 faiz artaraq 276 olub.

AranNews- ın AzərTAc saytına istinadən verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 2011-2014-cü illər ərzində ölkə ərazisindəki yerləşdirmə obyektlərinin sayı artaraq 508-dən 527-yə çatıb.
2014-cü il ərzində yerləşdirmə obyektlərindəki yerlərin sayında 6 faiz, otaqların sayında 7 faiz, yerləşdirmə vasitələrində çalışanların sayında isə 5,8 faiz artım qeydə alınıb.
Respublika üzrə yerləşdirilmiş şəxslərin 80 faizi turizm məqsədi ilə gələnlər olub.
Xarici ölkələrdən Azərbaycana gələn vətəndaşların böyük əksəriyyəti əvvəlki illərdə olduğu kimi, Rusiya, Gürcüstan və Türkiyə vətəndaşlarıdır. Fransa, İspaniya, İtaliya, Norveç, Yunanıstan, Xorvatiya, Böyük Britaniya, Almaniya, Belçika və dünyanın digər ölkələrindən gələnlərin sayında ötən illə müqayisədə artım müşahidə edilib.