Alyansda hesab edirlər ki, Cənubi Qafqaz ölkələrinin Brüsellə arzuolunan münasibətlərini təmin etmək üçün öncə bir neçə təxirəsalınmaz addımlar atılmalıdır...1
Azerbaijan Servisi/Aran Agentliyi
ABŞ ölkəmizin hava limanlarından İran, İraq, hətta Çinin hava məkanına nəzarət etmək niyyətindədir
NATO-nun aprel ayının əvvəlində Buxarestdə keçirdiyi sammitindən sonra Brüsseldə Cənubi Qafqazın gələcəyi ilə bağlı planlar cızmağa başlayıblar.
Məqsəd Cənubi Qafqaz ölkələrinin qısa zaman kəsiyində NATO-ya tam və hərtərəfli inteqrasiyasına nail olmaqdır: "Bu inteqrasiya sonda Cənubi Qafqaz ölkələrinin alyansa üzvlüyünü təmin etməlidir".
Alyansda hesab edirlər ki, Cənubi Qafqaz ölkələrinin Brüsellə arzuolunan münasibətlərini təmin etmək üçün öncə bir neçə təxirəsalınmaz addımlar atılmalıdır:
1. Rusiyanın bu ölkələrdə iqtisadi, siyasi və nəhayət, hərbi maraqlarının azaldılması zəruridir. Bu çərçivədə Ermənistana iqtisadi, Gürcüstana hərbi, Azərbaycana isə siyasi dəstəyin verilməsi qaçılmazdır.
2. Cənubi Qafqazda mövcud olan münaqişələrin tərəflərin maraqlarına uyğun şəkildə həlli və bundan sonra bölgədə uzunmüddətli sülhə nail olunması vacibdir.
3. Rusiyanın Cənubi Qafqaz ölkələrində, xüsusilə Ermənistanda, habelə Azərbaycanda hərbi mövcudluğuna tamamilə son qoyulması lazımdır. Söhbət Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının və Azərbaycandakı Qəbələ radiolokasiya stansiyasının fəaliyyətinin tam dayandırılmasından gedir.
Qərb ekspertlərinin fikrincə, Azərbaycana bu siyasi oyunda xüsusi rol verilib. NATO və ABŞ üçün Azərbaycanın geosiyasi dəyəri ondan ibarətdir ki, ölkəmiz əhəmiyyətli dərəcədə neft ehtiyatlarına malikdir. Həmçinin Azərbaycanın ərazisindən NATO-nun Qafqazda və Orta Asiyada mövqelərinin güclənməsi və eləcə də müxtəlif növ hərbi-strateji tapşırıqların həlli üçün istifadə etmək olar.
"Azərbaycan İraqda və Əfqanıstanda əməliyyatlarla əlaqədar ABŞ və NATO-nun hərbi aviasiyasının yerləşməsi, İrana hərbi-siyasi təzyiqin göstərilməsi, eləcə də Bakı - Tbilisi - Ceyhan neft kəmərinin təhlükəsizliyinin təmin olunması üçün uyğun yer hesab edilə bilər.
Digər tərəfdən alyansın və onun ayrı-ayrı üzvlərinin Azərbaycan ərazisində hərbi mövcudluğunun bu ölkənin mövqeyinin möhkəmlənməsinə dəlalət edəcəyi şübhəsizdir", - deyə ekspertlər düşünürlər
Rusiya mətbuatının məlumatına görə, ABŞ Azərbaycanın hava limanlarından İran, İraq, hətta Çinin hava məkanına nəzarət etmək niyyətindədir. "Bu tapşırıqların öhdəsindən gəlmək üçün Azərbaycan geniş, kifayət qədər təchiz olunmuş aerodromlar şəbəkəsinə malikdir. Azərbaycanın özündə isə ABŞ və NATO qüvvələrinin yerləşdirilməsini ölkə üçün faydalı hesab edirlər. Düşünürlər ki, bu, Qarabağ probleminin həllinə yardım edəcək və alyans standartlarına keçən Azərbaycan ordusunun müasirləşdirilməsini və strukturun yenidən qurulmasını sürətləndirəcək", - deyə qeyd edilir.
Qərb mənbələri isə bildirirlər ki, ABŞ-la İran arasındakı münasibətlərin mövcud vəziyyəti Azərbaycanın ABŞ və NATO-nun planlarına daha fəal şəkildə cəlb olunması zərurətini ortaya çıxarıb: "Azərbaycan İrana qarşı əməliyyat baş verəcəyi təqdirdə zərbə aviasiyasının yerləşməsi üçün ən uyğun ərazi hesab edilir. ABŞ və NATO üçün Kürdəmir və Hacı Zeynalabdin Tağıyev aviabazaları cəlbedici görünür. Onların əməliyyat tutumu 90-100 təyyarə təşkil edir. Bu aviabazalardan İran ərazisindəki obyektlərə qədər məsafə minimaldır".
Ekspertlərin fikrincə, Azərbaycan NATO ölkələri içərisində daha çox Türkiyə və ABŞ-la hərbi sahədə sıx əlaqələrə malikdir. Belə ki, uzun müddətdir türkiyəli hərbi mütəxəssislər Azərbaycan ordusunu hazırlaşdırırlar. Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq isə hazırda keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu əməkdaşlığın prioriteti Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması, Azərbaycanın Hərbi Dəniz Donanmasının ölkənin dəniz sərhədlərinin təhlükəsizliyinin təmin olunmasındakı imkanlarının genişləndirilməsi, eləcə də ölkənin hava məkanının təhlükəsizliyi sisteminin standartlaşdırılmasıdır.
Rusiya mətbuatı bildirir ki, ABŞ Azərbaycanla 3 istiqamət: təcrübə mübadiləsi, ABŞ Silahlı Qüvvələrinin çevik birləşmələrinin Azərbaycanda müvəqqəti yerləşdirilməsi və Azərbaycan hərbi qulluqçularının təlimi üzrə hərbi əməkdaşlığa hazırdır. Bundan başqa, ABŞ Azərbaycanda ekstremizm və kütləvi qırğın silahının yayılmasına qarşı mübarizə üzrə birgə təlimlər keçirməyi planlaşdırır. "Bütün bu tədbirlərin gerçəkləşməsi ABŞ-ın regionda hərbi mövcudluğunun genişlənməsinə gətirəcək", - deyə Rusiyanın "Voyenno-promışlennıy kuryer" qəzeti yazır.
Qərbdə hesab edirlər ki, Amerika hərbçilərinin Azərbaycanda mövcudluğunun məqsədlərindən biri də Bakı - Tbilisi - Ceyhan boru kəmərinin təhlükəsizliyinin təmin olunmasıdır. Eyni zamanda Amerika - İran münasibətlərinin gərginləşməsi anında Azərbaycan ərazisindən İrana raket-bomba zərbələrinin endirilməsi üçün də istifadə oluna bilər...