Arannews - Haci Mövsüm Səmədova
atasının dəfnində iştirak etməsi üçün icazə verilməməsi ictimaiyyətdə birmənalı
qarşılanmayıb
Xəbər verdiyimiz kimi, Azərbaycan İslam Partiyasının sədri, islamçı məhbus
Mövsüm Səmədovun atası Mərdan Səmədov yanvarın 6-sı axşam saatlarında dünyasını
dəyişib. M.Səmədov dünən yaşadığı Quba rayonunda dəfn olunub.
Mövsüm Səmədovun atasının dəfnində iştirak etməsi üçün müvafiq orqanlara
müraciət edilsə də, hələ ki müraciət cavabsız olaraq qalıb. Baxmayaraq ki,
vaxtı ilə valideyni vəfat etdiyi üçün dəfndə iştirak etməsinə şərait yaradılan
bir neçə məhbuslar olub. Hətta dövlətə xəyanətdə ittiham olunan elə siyasi məhbuslar
olub ki, valideyni vəfat etdiyinə görə, dəfndə, yas mərasimində iştirak etməsi
üçün azadlığa buraxılıb. Bu cür humanist yanaşmanın AİP sədrinə şamil
olunmaması isə ilahiyyatçı-ekspertlər arasında birmənalı qarşılanmayıb. Məsələ
ilə bağlı ekspertlər islamazeri.az-a münasibət bildiriblər.
“Hakimiyyət bu cür münasibət göstərməklə öz imicinə zərbələr vurmuş olur”
AİP rəsmisi Elçin Manafov qeyd edib ki, bu,
hakimiyyətin birmənalı şəkildə qərəzli mövqeyinin göstəricisidir: “bu,
çox pis yanaşmadır. Qərəzli mövqenin göstəricisidir. Hacı Mövsüm atasının yeganə
oğludur. Əslində, hakimiyyət bu cür münasibət göstərməklə öz imicinə zərər
vurmuş olur. Öz nüfuzuna xələl gətirir. Biz özümüz də AİP olaraq bu gün ölkə
başçısına müraciət etmişik ki, M.Səmədovun atasının dəfnində iştirak etməsi
üçün şərait yaradılsın. Bundan əlavə, vəkili vasitəsilə də QHT-lərə müraciət
etmişik”.
“Mən şəxsən hakimiyyətin bu cür yanaşmasını onun qərəzi kimi dəyərləndirirəm”
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov isə hesab edir ki, M.Səmədovun dəfndə iştirak
etməsi üçün buraxılmaması tam qanunsuzluqdur. Onun sözlərinə görə, həbsxana
işçilərindən tutmuş hakimiyyətin ən yuxarı instansiyasına kimi hər bir kəs
bilir ki, M.Səmədov qanunsuz olaraq həbs olunub və onun həbsi şər və böhtandan
başqa bir şey deyil: “Onun həbsi şər və böhtandan ibarətdir, bu, siyasi
xarakter daşıyır. Hakimiyyət insanlıq naminə bir humanistlik göstərməlidir. Onu
mərasimdə iştirak etməsi üçün azadlığa buraxmalıdır. Çünki, ölüm təbii bir
hadisədir. Hər kəsin başına gələcək. Heç kim razı olmaz ki, bir oğul öz
valideyninin dəfn mərasimində iştirak etməsin. Mən şəxsən hakimiyyətin
bu cür yanaşmasını onun qərəzi kimi dəyərləndirirəm. Çünki, misal olaraq deyim
ki, vaxtı ilə Hilal Məmmədov da
valideynin dəfnində iştirak etməsi üçün buraxılıb. Amma bu gün şahidi oluruq
ki, hakimiyyət özünü qınaq obyekti edəcək bir şəkildə göstərir”.
“İstənilən insan həbs olunursa, o, vətəndaşlıq hüququndan deyil, sadəcə
azadlıqdan məhrum edilir”
Azərbaycan Birlik Təşkilatının sədri,
şərqşünas Vüsal Hətəmovun fikrincə, belə bir həssas məqamda hər bir məhbusun
ictimai-siyasi görüşləri kənara qoyulmalı, onun
insanlıq hüquqları bərpa olunmalıdır: “Əqidəsindən, tutduğu yolundan, vəzifəsindən
asılı olmayaraq, yaxınını itirən məhbuslarla humanist rəftar etmək lazımdır.
Çünki, istənilən məhbusun əziz adamını
itirməsi və dəfnində iştirak etməməsi onun üçün bu ikinci ən böyük mənəvi zərbədir.
Hacı Mövsüm Səmədovun da atasının dəfnində iştirak etməsinə buraxılmaması
ictimai qınaq kimi dəyərləndirilir. İstənilən insan həbs olunursa, o, vətəndaşlıq
hüququndan deyil, sadəcə azadlıqdan məhrum edilir. Heç bir kəs insan hüququndan
məhrum oluna bilməz. Həm yaxın keçmişdən bizə məlumdur ki, elə siyasi məhbuslar
olub ki, valideynlərinin dəfnində iştirak etməsi üçün buraxılıb. Yəni, insan məhbus
olsa belə, sadəcə azadlıqdan məhrum edilir, daha vətəndaşlıq və insanlıq
hüququndan deyil”.
“Bundan əvvəl də Qənimət Zahidin, Rauf Mirqədirovun və s. əzizləri vəfat edəndə
dəfndə iştirak etmələri üçün buraxılmışdılar”
Yazar-jurnalist Kənan Rövşənoğlu isə hesab edir ki, Mövsüm Səmədovun
atasının dəfnində iştirak etməsi üçün buraxılması daha yaxşı olardı: “Bundan əvvəl
də Qənimət Zahidin, Rauf Mirqədirovun və s əzizləri vəfat edəndə dəfndə iştirak
etmələri üçün buraxılmışdılar. Fikrimcə, bu ənənəni davam etdirsələr yaxşı
olardı. Bu ənənənin Hacı Mövsümə də şamil olunması müsbət irəliləyiş kimi nəzərə
çarpardı”.