Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinlə görüşüb.
AranNews- Görüşdə iki ölkə arasında rəsmi və qeyri-rəsmi səviyyələrdə münasibətlərin daha da yaxşılaşması, bu münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsiri, QHT-lərin, elm və təhsil müəssisələrinin əməkdaşlığı və digər məsələlər müzakirə olunub.
QAT sədri Azərbaycanla İran arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsinin, bu münasibətlərdə QHT-lərin rolunun artırılmasının, İranda QAT-ın nümayəndəliyinin yaradılmasının vacibliyini vurğulayıb.
QAT-ın mətbuat xidmətindən aldığımız məlumata görə, səfir qoyulan məsələlərə müsbət yanaşdığını, bu əlaqələrə dəstək verməyə hazır olduğunu, ümumiyyətlə, ölkəsinin Dağlıq Qarabağ məsələsinin həllində istənilən dəstəyi verməyə hazır olduğunu, bu yöndə konkret təkliflər verdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl QAT-ın Gürcüstan və Türkiyə nümayəndəlikləri yaradılıb.