Sarkisyanın prezident vəzifəsində uğursuzluqları, demək olar, ölkə həyatının bütün sahələrini əhatə edir
Arannews - Serj Sarkisyan Ermənistanın
1991-ci ildə müstəqillik qazanmasından etibarən bu ölkəyə rəhbərlik etmiş ən zəif
prezidentdir. O, prezidentliyi dövründə sələfləri Levon Ter-Petrosyan və Robert
Koçaryanla müqayisədə "çox əzabkeş" erməni millətinin əzablarını daha
artırıb. Sarkisyanın prezident vəzifəsində uğursuzluqları, demək olar, ölkə həyatının
bütün sahələrini əhatə edir.
Başlayaq
iqtisadiyyatdan. Ölkəyə rəhbərlik etməzdən əvvəl sələflərinin rəhbərliyi
altında müxtəlif güc strukturlarında rəhbər vəzifələrdə işləmiş Sarkisyan hərbi
iqtisadi rejim tətbiq edib. Ölkədə hərbi xuntaya rəhbərlik edən Sarkisyan yerli
iş adamlarına qarşı terror siyasətini dövlət səviyyəsinə yüksəldib. Təsadüfi
deyil ki, erməni sahibkarlar arasında intihar halları artmağa başlayıb.
Onun
prezidentliyi dövründə ölkə iqtisadiyyatı eniş dövrünü yaşayır, investisiyalar
kəskin azalıb, yoxsulluğun səviyyəsi isə artıb. Ermənilər daha yaxşı həyat
arzusu ilə kütləvi şəkildə Rusiyaya üz tuturlar. Sarkisyanın idarəçiliyində ölkənin
Rusiya tərəfindən özəlləşdirilməsi prosesi başa çatıb. Prosesin son mərhələsi
isə Ermənistanın Avrasiya Gömrük İttifaqına qoşulması oldu.
İqtisadi cəhətdən
Rusiyadan tam asılı vəziyyətə düşən Ermənistan bunun əziyyətini Moskvaya tətbiq
edilən sanksiyalar zamanı bir daha hiss etdi. Rublun dəyərdən düşməsi avtomatik
olaraq Ermənistan dramını hörmətdən saldı, ölkə valyutası devalvasiyaya uğradı.
Siyasətlə davam
edək. Prezidentliyə mart hadisələrində xalqın qanını tökməklə gələn Sarkisyana
qarşı ölkə tarixində ən güclü müxalifət bloku yaradıldı. "Çiçəklənən Ermənistan",
"Ermənistan Milli Konqresi" və "İrs" üçlüyü mütəmadi olaraq
əhalini mitinqlərə və rejimə qarşı mübarizə aparmağa səsləyir. Rusiyalı hərbçinin
7 ermənini qətlə yetirməsi zamanı isə Sarkisyanın mövqesizliyi onun oyuncaq
fiqur olduğunu göstərdi.
Sarkisyan
xarici arenada da etibarsız siyasətçi kimi ad qazanıb. "Futbol"
diplomatiyası ilə başlayan və sonra əlaqələrin normallaşdırılmasını nəzərdə
tutan protokolla davam edən Türkiyə-Ermənistan münasibətlərində Sarkisyan səmimi
davranmadı. Bura Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqları da
aid etmək olar.
Bu proseslər onu
göstərdi ki, Sarkisyanla deyil, onun himayədarları ilə danışıqlar aparmaq daha
səmərəlidir. Sarkisyanın bir siyasətçi kimi tam gözdən düşməsi isə Avrasiya
Gömrük İttifaqının iclasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin
çıxışı ilə baş tutdu. O, Nazarbayevə yalnız mat vəziyyətində baxmaqla yadda
qaldı.
Son olaraq hərbi
sahə barədə. 1994-cü ildə atəşkəsin elan olunmasından etibarən Ermənistan tərəfinin
ən çox itki verdiyi dövr məhz Sarkisyanın prezidentliyi dövrünə düşür. Düşmən tərəfin
canlı qüvvəsi ilə yanaşı, hərbi texnikaları da sıradan çıxarılır. Cəbhə boyunca
daim təxribatlara əl atan Sarkisyan rejimi hər dəfə itki verməklə geri çəkilir.
Onun dövründə Ermənistan ordusu da etibarını itirib.
Sadalan
faktları nəzərə alaraq demək olar ki, o, Ermənistan tarixinin ən zəif
prezidentidir.