İki həftə bundan əvvəl Gürcüstan pilotsuz təyyarənin vurulduğunu başdan inkar etsə də daha sonra təyyarənin vurulmasında Rusiyanı təqsirləndirmişdi
Georgia Servisi/Aran Agentliyi
Rəsmi Tbilisi israr edir ki, bazar günü Tanınmamış Abxaziya üzərində vurulan iki pilotsuz kəşfiyyat təyyarəsi onun deyil və Suxuminin bu barədə ittihamları “ əsassızdır ”.
Suxumi rəsmilərinə əsasən vurulan təyyarələr vasitəsi ilə Gürcüstan Abxaziya üzərində havadan kəşfiyyat aparırdı.
"Saat 16 radələrində Abxaziya hava məkanı Gürcüstana məxsus pilotsuz təyyarə tərəfindən pozulmuşdur", - deyib Abxaziyanın müdafiə naziri Merab Kişmariya.
Merab Kişmariyanın dediyinə görə, vurulan təyyarənin biri Oçamçire, digəri isə Qali rayonu ərazisinə düşüb.
Suxumi hər iki təyyarənin qalıqlarının tapılıb tədqiq edildiyini bildirir.
Rəsmi Tbilisi heç bir təyyarəsinin ərazidə olmadığını bildirib.
" Bu tamamı ilə yanlışdır. Rusiya ilə Abxaziya Gürcüstanın müharibəyə hazırlaşdığını bildirirlər.Bu belə deyil ", - deyib Gürcüstan müdafiə nazirinin müavini Batu Kuteliya.
İki həftə bundan əvvəl Gürcüstan pilotsuz təyyarənin vurulduğunu başdan inkar etsə də daha sonra təyyarənin vurulmasında Rusiyanı təqsirləndirmişdi.
Tbilisi bildirir ki, Moskva digər təzyiqlərlə yanaşı Abxaziyaya əlavə sülhməramlı qüvvələri yerləşdirməyə başlayıb ki, bu da Gürcüstanın suverenliyinə qarşı təcavüzdür.