Tarix : 2015 Mar 24
Kod 45609

Həzrət Fatimənin (s) əzəməti Peyğəmbərin (s) dilincə

Rəsuli-əkrəm (s) dəfələrlə Fatiməni (s) tərifləmiş və onun əzəməti haqda danışmışdır.

AranNews- Bir neçə dəfə Fatimə (s) barədə "atası ona qurban olsun" demişdir. Peyğəmbər (s) bəzən də əyilib Fatimənin (s) əlindən öpürdü.  Səfərə çıxdıqda ayrıldığı sonuncu şəxs Fatimə (s), səfərdən qayıtdıqda ilk getdiyi yer Fatimənin (s) evi olurdu .
Bütün məzhəb və əqidədə olan müsəlman mühəddislər bu hədisi nəql edirlər ki, Peyğəmbər (s) buyurdu: "Fatimə mənim bədənimin bir parçasıdır, onu qəmləndirən məni qəzəbləndirib". Digər tərəfdən də Qurani-kərim Peyğəmbərin (s) heç vaxt nəfsi istəklər üzündən danışmadığını və onun dediklərinin yalnız vəhy əsasında olmasını açıq-aydın bildirir. Deməli, belə nəticəyə gəlmək olar ki, Peyğəmbərin (s) Fatiməni (s) bu qədər tərifləməsi və əzizləməsinin arxasında ata-övladlıq hislərindən ayrı səbəblər vardır .
Peyğəmbər (s) özü də bu mövzuya işarə edir və bəzən gileylənənlərin cavabında bunun Allah-taala tərəfindən bir əmr olmasını bildirir və buyurur: "Mən behiştin iyini Fatimədən (s) alıram ".
Mövzuya digər bucaq nöqtəsindən  baxsaq və Peyğəmbərin (s) hədisini Quran ayəsi ilə uyğunlaşdırsaq görərik ki, Qurani-kərim Peyğəmbəri (s) incidənləri dərdli əzab gözlədiyini bəyan edir. Yaxud buyurur ki, Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab hazırlamışdır !
Beləliklə, çox aydıncasına məlum  olur ki, Fatimənin (s) razılığı Allahın razılığı, onun  qəzəbi Allahın qəzəbidir. Başqa sözlə desək, Fatimə (s) Allahın razılıq və qəzəb məzhəridir. Çünki bir kəs Fatiməni  (s) və Peyğəmbəri (s) incitsə, bununla da o şəxs İlahi əzaba düçar olmağa layiq olsa, amma Allahın o şəxsdən və əməlindən razı olması və razılığı ilə eyni zamanda onu ağır cəzalandırması mümkün deyil .
Bu hədisi Quran ayəsi ilə uyğunlaşdırdıqda nəticə alınan digər bir məsələ budur ki, Fatimənin (s) razılığı yalnız haqq yolu tutmaqla qazanılır və onun qəzəbi yalnız insanın haqq yoldan sapınması və Allahın əmrindən çıxması ilə hasil olur. Bu məsələdə azacıq da olsun nəfsi istəklər və hissi maraqlar təsirli deyil. Çünki bir kəsi başqa birisinin nəfsi istəklərindən qalxan qəzəbinə görə, cəzalandırmaq Allahın ədalət məqamı ilə uyğun deyil .

  • Yazılıb
  • da (də) 2015 Mar 24