Tarix : 2015 Apr 04
Kod 45654

Rövşən Əhmədli : İran xalqı tarixən dəyanətli və dözümlü xalq olub

sanksiyanın ləğv edilməsi onu sübut edir ki, İran üzərinə qoyulan sanksiya Amerikanin istədiyi nəticəni vermədi

Arannews -  “Əvvəla, Amerika başda olmaqla bir sıra dövlətlər İrana qarşı həmişə ədalətsiz mövqedən çıxış edirdilər. Son zamanlar da nüvə enerjisini istifadə etmək üçün İranın müstəsna haqqına, hüququna Amerika və tərəfdaşları tərəfindən qeyri-qanuni sanksiyalar tətbiq edilmişdi. İran xalqı tarixən dəyanətli və dözümlü xalq olub. Bu xalq öz haqqı uğrunda mübarizə aparmağı bacarır. Yəni, bu cür sanksiyalarla İran xalqının yaşayış rifahını əllərindən almaq olar, amma mübarizə əzmini qıra bilməzlər. Nəhayət, uzun sürən qanunsuz müdaxilə və sanksiyalar bir nəticə vermədi. Bu məsələdə İranın ədalətli mövqeyi müdafiə olundu. İran regionda ən qüdrətli dövlətlərdən biridir. İran qədər Azərbaycana tarixi bağlılığı olan ikinci bir ölkə yoxdur”.

Bunu islamazeri.az-a açıqlamasında uzun illərdir İran üzərinə qoyulan sanksiyaların ləğv edilməsi məsələsinə aydınlıq gətirərkən Rövşən Əhmədli deyib.

O bildirib ki, İran həm regionun təhlükəsizliyi baxımından, həm də regional iqtisadi layihələrin həyata keçirməsi baxımından etibarlı tərəfdaşdır: “Azərbaycan-İran münasibətləri  kənar qüvvələrin, regionda marağı olan güc dövlətlərinin müxtəlif təzyiqlərinə baxmayaraq, durmadan inkişaf edir. İran üzərindən sanksiyaların ləğv olunması regionumuzun aparıcı ölkələrindən biri kimi onun güc strukturunu daha da artırır. Ümid edirik ki, sanksiyanın ləğvi ilə İran başda Azərbaycan olmaqla qonşu dövlətlərlə iqtisadi münasibətləri kifayət qədər tənzimləyəcək. Hesab edirəm ki, bundan sonra İranla qonşu olan bütün dövlətlər İranla münasibətlərinin yaxşılaşdırma və inkişafetdirmə xəttini tutacaqlar. Əlbəttə ki, bu məsələ regionun bütün dövlətlərinin marağını kəsb edir. Gələcəkdə də perspektiv imkanlarının həyata keçirilməsinə güman edirəm”.

R.Əhmədli qeyd edib ki, Amerikanın hegemonluğu o demək deyil ki, müəyyən qüdrətə sahib olduğuna görə, istədiyi kimi rəftar edə bilər.

Onun sözlərinə görə, dünyada mövcud olan beynəlxalq qanunlar imkan verməz buna: “Çox təəssüflər olsun ki, bəzən beynəlxalq hüquq normalarına əməl etmirlər. Bu məsələlərdə İran daim sabit bir mövqe tutub. Amerika öz iqtisadiyyatını gücləndirmə xəttini çox yaxşı bilir. Satın aldığı dövlətlərə silah-sursat satır. Amma sanksiyanın ləğv edilməsi onu sübut edir ki, İran üzərinə qoyulan sanksiya onların istədiyi nəticəni vermədi. Hesab edirəm ki, Amerika istəmədiyi halda belə İranla razılığa gəlib. Məcburiyyət üzündən olub. İran kimi qüdrətli bir dövlətin üzərinə qoyulan sanksiyanın aradan qaldırılması təbii ki, gözlənilən idi. Sadəcə, buna bir müddət vaxt lazım idi ”.

 

  • Yazılıb
  • da (də) 2015 Apr 04