Tarix : 2015 Apr 30
Kod 45799

Möhsün Pakayin : Yəməndə bombardmanlar nəticəsində həlak olanların əksəriyyəti mülkü vətəndaşlardır

Təyyarələr əsasən xəstəxanaları, elektrik stansiyalarını, məktəbləri, infrastruktur obyektləri vurur

Arannews - İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsin Pakayinin Müsahibəsi :

 - Əvvəllər Yəməndə yaşayan bir neçə şiə mənşəli qrupla prezident Mənsur Hadi arasında müəyyən narazılıq vardı. Onu da deyim ki, bu, sadəcə, iqtidar-müxalifət müstəvisində fikir ayrılığı idi. Bir müddətdən sonra Səudiyyə Ərəbistanı hökumətindən ciddi dəstək alan Mənsur Hadi şiə qrupların təzyiqlərinə tab gətirməyib ölkənin cənubunda yerləşən Ədən şəhərinə qaçır. Qərbin bir sıra dövlətləri, eləcə də bəzi ərəb ölkələri Yəmənin parçalanması üçün eyni mövqedə birləşiblər. Onlar istəyirlər ki, Yəmən dövləti paytaxtları Ədən və Sənadan ibarət iki yerə bölünsün. Qeyd edim ki, bu ölkədə əvvəllər həm müxalifətlə iqtidarın, həm də müxtəlif qrupların öz aralarında yaxşı münasibətlər formalaşmışdı – ölkədə sülh vardı. Hətta Mənsurdan narazı qüvvələr belə ona deyirdilər ki, postuna qayıdıb, ölkəni idarə etməyə başlasın.

- Amma nə Mənsur qayıtdı, nə də ki qarşılıqlı sülhpərvər əlaqələrdən əsər-əlamət qaldı…

- Bu ölkəyə xarici müdaxiləyə ehtiyac yox idi. Biz sonradan eşitdik ki, Qərbdən ciddi dəstək alan Səudiyyə Ərəbistanı bir neçə ərəb ölkəsini də cəlb etməklə Yəməni bombalayır. Bu bütün beynəlxalq qayda-qanunlara ziddir. Yəməndə bombardmanlar nəticəsində həlak olanların əksəriyyəti mülkü vətəndaşlardır. Təyyarələr əsasən xəstəxanaları, elektrik stansiyalarını, məktəbləri, infrastruktur obyektləri vurur.

- Qərb demokratiyası insan hüquqlarının hərbi hücumla pozulmasını sükutla qarşılayır…

- Bəli, bu bütövlükdə insan hüquqlarının pozulduğunu göstərir. Fikir verin: ABŞ və digər qərb dövlətləri bizim ölkələrdə ən xırda məsələni şişirdərək insan haqlarının tapdanması kimi qələmə verir. Məsələn, Azərbaycanda «Azadlıq» radiosunun bağlanmasını az qala faciəyə çevirən Qərb Yəməndə günahsız insanların amansızlıqla qətlə yetirildiyini görmək istəmir. Nəinki görmək istəmir, hətta bu qanlı cinayətləri açıq-aşkar dəstəkləyir. Biz isə İran dövləti olaraq Yəmən xalqının yaşadığı müsibətləri görürük və hərbi müdaxilənin dayandırılmasını tələb edirik. Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsi ölkədaxili toqquşmaları daha da şiddətləndirib.

- Yəməndə məzhəb məsələsi bir yana, «Əl-Qaida»nın fəallaşdığı da deyilir. Bu barədə nə deyərdiniz?

- «Əl-Qaida» ABŞ başda olmaqla Qərbin, eləcə də bir sıra ərəb ölkələrinin himayəsi altında yaradılıb və onun bir qolu da Yəməndə fəaliyyət göstərir. Səudiyyə Ərəbistanının müdaxiləsindən sonra bu terrorçu təşkilatın «Ənsərullah»a qarşı hücumları şiddətlənib. Amma deyə bilərəm ki, Səudiyyə Ərəbistanının hərbi həmlələrinə baxmayaraq, «Əl-Qaida»nın «Ənsərullah»a hücumları nəticəsiz qalıb və artıq bu təşkilatın tör-töküntüləri ölkənin bir neçə kiçik şəhərində qalıb.

- Ümumiyyətlə, Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsinin nəticələrini necə şərh edərdiniz?

- Səudiyyə Ərəbistanı və başının koalisiyası Yəmənə hücum etməklə istəyirdi ki, Mənsur Hadini yenidən hakimiyyətə gətirsin. Çünki Yəmən xalqı suriyalılar kimi istəmirdi ki, hansısa xarici ölkə onların işlərinə qarışsın. Hazırda Səudiyyə Ərəbistanının Yəmənə hava hücumundan bir ay ötməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilməyib. Əvəzində isə Mənsur Hadi ölkədən qaçıb, Ədən şəhəri isə «Ənsərullah»ın əlindədir. Hətta bu ölkədə fəaliyyət göstərən «Əl-Qaida» da zəifləyib, məhv olmaq üzrədir. Xarici müdaxilə Yəməndə şiə-sünni vəhdəti yaradıb, hamı bir nəfər kimi müharibənin əleyhinədir. Bu gün insanların müdaxiləçi qüvvələrə qarşı nifrəti aşıb-daşır. Düşünmürəm ki, Yəmənə müdaxilənin uzanması Səudiyyə Ərəbistanına sevgi oyatsın. Hətta qeyd edim ki, dünya ictimaiyyəti arasında da Yəmənin bombalanması böyük narazılıq yaradıb. Əvvəl Səudiyyə Ərəbistanının koalisiyasına qatılacağını elan edən ölkələrdən bəziləri artıq bu birliyi tərk ediblər.

 

- Bəs İran bu məsələdə hansı mövqedədir?

- Biz İran dövləti olaraq Yəməndə heç bir rəqabətə qatılmırıq. Əksinə, biz Səudiyyə Ərəbistanı və digər ölkələrlə müdaxilənin yaşanmaması üçün danışıqlar aparmaq istəyirdik. Bizim Səudiyyə Ərəbistanı ilə münasibətlərimizdə heç bir problem yoxdur. Amma etiraf edim ki, Yəmənlə bağlı aramızda fikir ayrılıqlarının olması təbiidir. Düşünürəm ki, müdaxiləni dayandırmaq hələ gec deyil. Çünki Səudiyyə Ərəbistanı və ABŞ bu yolla heç nə qazana bilməyəcəklər. Bu müdaxilə nəinki ölkələrarası əlaqələrə mənfi təsir edər, hətta islam birliyini də sarsıdar. Məncə bu müharibədə udacaq tərəf yalnız İsraildir. Hətta bütün Qafqazın şeyxi, Şeyxülislam Allahşükür Paşazadə də Yəmənə hücumları ilk gündə pisləyərək, böyük cəsarətlə dedi ki, ərəb ölkələrinin İsrailə qarşı birləşməkdənsə Yəmənə qarşı koalisiya yaratması onda təəssüf oyadıb.

- Yaxşı, keçənə güzəşt deyərlər. İran münaqişənin dayandırılması üçün nəsə təklif edir?

- İranın döyüşlərə son qoymaq üçün dörd bənddən ibarət təklif paketi var. 1. Hücumlar dayandırılmalı, atəşkəs elan edilməlidir. 2. Siyasi cərəyanlar danışıqlara başlamalı və onların müzakirələrinə heç kim müdaxilə etməməli. 3. Yəməndə bütün cinahların razılıq əsasında, xalqın dəstəkləyəcəyi şəxsin başçılığı altında hökumət qurulsun. 4. Xalqa humanitar yardımlar çatdırılsın. Təəssüf ki, bu gün həm Yəmənin şəhərləri bombalanır, həm də insanlara göndərilən humanitar yardımların çatdırılmasına icazə verilmir. Mən deyərdim ki, yəməndə vəziyyət qəzza zolağındakından daha pisdir. Çünki Qəzzada heç olmaya israillilərə raketlə cavab verilir. Amma Yəmən ordusu Kəbənin və peyğəmbər evinin Səudiyyə torpaqlarında olmasına hörmət göstərərək, bu ölkənin ərazisinə zərbə endirmir.

 

- Yeri gəlmişkən. Bəzən mənə elə gəlir ki, hansısa qüvvələr Yəmən kartından istifadə edərək, İranla Səudiyyə Ərəbistanını üz-üzə qoymaq istəyir…

- Əslində bunlar beynəlxalq medianın oyunudur. Mətbuat Səudiyyə Ərəbistanının Yəmənə hücumunu diqqətdən kənarda saxlamaq üçün İranın adını hallandırır. Fikir verin: dünya mediası Yəməndə öldürülən insanlardan, dağıdılan infrastrukturdan heç nə yazmır, amma bacardıqca Səudiyyə – İran münasibətlərinin ixtilafa çevrilməsindən söz açır. Nə yaxşı ki, Yəmən ərazisində İran telekanalları, ümumiyyətlə, jurnalistləri var, yoxsa bu ölkədəki əsl həqiqəti heç kim bilməyəcəkdi.

- Maraqlıdır, Yəməndə münaqişə uzanan bir vaxtda İranla «5+1» qrupu arasında nüvə enerjisinə dair danışıqlar müsbət nəticələndi…

- Hə əlbəttə, İsveçrənin Lozanna şəhərində belə bir razılıq əldə edilib, amma rəsmi müqavilənin imzalanması üçün hazırlanacaq layihədəki bəndlər tərtib olunmalıdır. Artıq dünəndən layihənin yazılmasına start verilib. Doğru deyirsiniz, həmin müqaviləni imzalamaq üçün bir sıra məhdudiyyətlərlə razılaşmışıq. Əvəzində isə şərt qoymuşuq: indiyədək İrana tətbiq olunmuş bütün sanksiyalar aradan qaldırılacaq.

 

- Deyə bilərsinizmi ki, həmin sanksiyalar il ərzində İrana nə qədər ziyan vurur?

- Bu barədə əlimdə dəqiq məlumat yoxdur. Amma fikrimcə, elə böyük ziyanı yoxdur. İran qüdrətli ölkədir, neft-qaz ehtiyatlarımız var. Yeri gəlmişkən, İran dünya ölkələri arasında qaz ehtiyatına görə 2-ci, neft sərvətinin miqdarına görə isə 4-cü yerdədir. Ölkəmizin mədən sənayesi, dənizçilik sektoru və sair də güclü inkişaf edib. Elə bu səbəbdəndir ki, çox böyük uğurlar əldə etmişik. Bu illərdə ölkəmiz daxilində elə ciddi problemlə üzləşmədik. Onu da vurğulayım ki, bir çox ölkələr İrana qarşı sanksiyalara qoşulsa da, əslində hər cür əlaqələrini davam etdirirlər. Məncə sanksiyalar elə onu qoyanların özlərinə təsir göstərib. Çünki neftimizdən-qazımızdan məhrub olublar, ölkəyə investisiya qoya bilmirlər, 90 milyonluq İran bazarı əllərindən çıxıb və sair. Hətta İranla mübarizə aparmaq üçün onlar terrorçu təşkilatlar yaratmaq məcburiyyətində qalıblar.

 

- Azərbaycanla İran arasında iqtisadi-ticarət əlaqələrinin həcminin yarım milyard dolları aşmaması da beynəlxalq sanksiyaların nəticəsidirmi?

- Bəzi sanksiya növləri var ki, bütün ölkələrin onlara qoşulması məcburdur. Bunlar əsasən bank sektoruna aiddir. O cümlədən, Azərbaycan bankları da bu embarqolara qoşulublar. Amma ümumilikdə yanaşsaq prosesə, Azərbaycan ilk gündən İrana qarşı sanksiyaların əleyhinə çıxıb. Hətta Azərbaycan bizim nüvə enerjisi hüquqlarımızı da dəstəkləyib.

- Amma yenə də rəqəmlər iki qonşu ölkə arasında az görünür…

- Bu mümkün potensialın göstəricisidir. Nəzərə alaq ki, bu yarım milyard dollarlıq ticarət tamamilə qeyri-neft məhsulları üzərində qurulub. Türkiyə ilə İranın ticarəti ildə 20 milyard dollardan artıqdır. Amma bu rəqəmin çox böyük hissəsi yanacaq sektorunun payına düşür. Əgər İranla Azərbaycan arasında neft və ya qaz alqı-satqısına dair müqavilə bağlanarsa, güman ki, həcm də artacaq. Ona görə də deyirəm ki, hətta sanksiyalar tamamilə aradan qaldırılsa belə İranla Azərbaycan arasında ticarət əlaqəsinin həcmi nəzərəçarpacaq dərəcədə dəyişməyəcək.

- Bu gün İranın Azərbaycandan Avropaya uzanacaq qaz kəmərinə – TANAPA qoşulması məsələsi də danışılır. Yəqin bu barədə ölkənizin mövqeyi bəllidir…

- Əslində bu kəmərin tikintisinə hələ 2018-ci ildə başlanılacaq. Yəni o vaxtadək çox var. Buna baxmayaraq, İranın istər TANAP-la, istərsə də digər vasitələrlə öz məhsulunu dünya bazarına çıxarmaq planları masadadır. Bu məsələ İran üçün həmişə aktualdır.

 

- Son olaraq deyərdiniz: İran tərəfi Azərbaycan media nümayəndələrini həmsərhəd vilayətlərə səfərlərini təşkil etməklə, əslində çox müsbət layihə həyata keçirir. Maraqlıdır, bu səfərlərin ikitərəfli əlaqələrə təsiri hiss olunurmu?

- Əlbəttə, çox böyük köməyi dəyir. Artıq bir çox ticarət adamları əlaqələr qurublar. Azərbaycanın xeyli sayda iş adamı Araz, Ənzəli və sair azad iqtisadi zonalarına səfərlər edib, danışıqlar aparıblar. Hansı ki, onların bu barədə əvvəllər məlumatları olmayıb. Bu gün ölkələrimiz arasında gediş-gəliş çox sıxlaşıb. Məlumata görə, Azərbaycandan İrana ildə 1 milyondan çox turist səfər edir. Oradan da ölkənizə gələnləri sayı artıb. Bir sıra vilayətlərimizin tixcarət palatalarının rəhbərləri Azərbaycana səfər ediblər. Naxçıvanla əlaqələr genişlənib, Gəncədə sərgi keçiriblər və sair. Ümumiyyətlə, əlaqələr durmadan yüksəlməkdədir./hafta.az

  • Yazılıb
  • da (də) 2015 Apr 30