Tarix : 2015 May 04
Kod 45811

İran ilə Azərbaycan arasında dini təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

İran Islam Respublikasinda səfərdə olan Azərbaycan Respublikasinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Iranin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

Arannews - İran Islam Respublikasinda səfərdə olan Azərbaycan Respublikasinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Iranin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri İbrahim Türkman ilə görüşüb .

Azərbaycan Respublikasinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qeyd olunub ki, Azərbaycan Prezidenti xarici siyasətdə İranla əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. prezidentlərin siyasi iradəsi nəticəsindədir ki, tarixən qonşu olan Azərbaycan və İran arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Artıq iqtisadi, siyasi, ticarət, mədəniyyət sahələrində nəzərə çarpacaq dərəcədə yaxınlaşma müşahidə edilir. Bunlarla yanaşı, hər iki xalqın eyni dinə mənsub olması da din sahəsində də əlaqələrin inkişaf etdirilməsi zərurətini meydana gətirib. Bu baxımdan din xadimlərinin və müvafiq dövlət qurumlarının qarşılıqlı səfərləri və mövcud problemlərin müzakirə edilərək aradan qaldırılması hər iki dövlətin maraqlarına uyğundur. İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın azad edilməsi məsələsini gündəliyə gətirərkən İranın dəstəyini hiss edib. Azərbaycan Prezidenti də birmənalı şəkildə bəyan edib ki, rəsmi Bakı heç bir zaman öz ərazisindən İrana qarşı istifadə olunmasına yol verməyəcək. Qeyd olunub ki, son vaxtlar dünyanın bəzi regionlarında islamafobiya halları artmışdır. Bəzi qüvvələr İslam dinini olduğu kimi yox, vəhşiliyi təbliğ edən bir din kimi qələmə verib öz maraqlarını güdürlər. Yaxın Şərqdə baş verən bəzi münaqişəli siyasi proseslər narahatlıq doğurmaya bilməz. İslam dini adından istifadə edən radikal qruplaşmalar böyük qüvvələrin əlində oyuncağa çevrilərək əhaliyə zülm edirlər. Bu kimi halların ölkələrimizə yayılmaması üçün qarşılıqlı fəaliyyət göstərmək zəruridir. M.Qurbanlı nəzərə çatdırdı ki, hər iki ölkənin din xadimləri ilə yanaşı, dövlət qurumları da İslamın düzgün təbliğatını aparmalı və gənclərin yanlış təbliğata uymasının qarşısını almalıdırlar. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən işlər haqqında məlumat verən komitə sədri bildirdi ki, Azərbaycan dövləti yeni məscidlər inşa edir, köhnə məscidləri bərpa edərək din xadimlərinin istifadəsinə verir, onların ibadət etməsi üçün geniş imkanlar yaradır. İslam dini insanları düzgün əxlaqa, saf həyat tərzinə dəvət edən bir dindir. Ona görə də bu dinin radikal cərəyanlar tərəfindən təhrif olunmuş şəkildə gənclərə çatdırılmasının qarşısı birgə əməkdaşlıqla alınmalıdır. Dəvətini qəbul edib İrana səfər etdiyinə görə M.Qurbanlıya təşəkkür edən İbrahim Türkman bildirdi ki, İran hər zaman radikal dini qruplaşmalarla mübarizə aparır və bu halların ölkədə yayılmasının qarşısını qətiyyətlə alır. Bakıya etdiyi səfərini xatırlayan İ.Türkman Azərbaycanın inkişafının İranı sevindirdiyini nəzərə çatdırdı. İbrahim Türkman bildirdi ki: “Eyni dinə mənsub olan xalqların daha sıx əlaqələrini təmin etmək lazımdır ki, inanclara xələl gətirilməsinin qarşısı alınsın. İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və ona hörmətlə yanaşır. Bəzi qüvvələr iki qardaş dövlətin münasibətlərinə ziyan vurmağa çalışırlar. Odur ki, biz qarşılıqlı faydalı əməkdaşlıqla bu qüvvələrin istəklərinin həyata keçməsinə imkan verməməliyik”. Görüşdə dini təhsil sahəsində əməkdaşlıq, regiondakı siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edirıb.

  • Yazılıb
  • da (də) 2015 May 04