BMT TŞ-nın tərkibi və onun qərarları ədalətli deyil və adətən bu şuranın qəbul etdiyi qərarlar məzlumun deyil, zalımın xeyrinə olur.
Arannews - İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayinin müsahibəsi :
Sual :
- Cənab səfir, ilk olaraq istərdim ki, ötən ay İran İslam Respublikasının müdafiə naziri, general Hüseyn Dehqanın Azərbaycana reallaşan səfərindən danışaq. Bölgədə baş verən proseslər foununda Cənab Dehqanın Bakıya səfərinin mühümlüyünü anlamaq elə də çətin deyil. Bizə maraqlı olan məqam odur ki, konkret olaraq İran Azərbaycana hansı silahları satmağa hazırdır? Və yaxud da Azərbaycan tərəfi İrandan hansı silahları almağa maraq göstərir?
Səfir Möhsün Pakayin:
- Bu səfərdə iki ölkənin müdafiə sahəsində əməkdaşlıqlarının ümumi xətləri aydınlaşdı. Qərara alındı ki, iki ölkənin müdafiə nazirlərinin başçılığı ilə İran və Azərbaycan Respublikasının müştərək müdafiə komissiyası yaradılsın və bu komissiya əməkdaşlıq imkanlarını və sahələrini, eləcə də onların icra olunması yollarını aydınlaşdırsın.
sual:
- Dağlıq Qarabağ münaqişənin nizamlanmasında ölkənizin mövqeyi dəfələrlə ən yüksək səviyyədə bildirilib. Prezident Həsən Rühani Bakıda səfərdə olanda bəyan etmişdi ki, “Biz Qarabağın bugünkü vəziyyətini bəyənmirik. Bu, müharibə yolu ilə həll olunası məsələ deyil. Ona görə də bu istiqamətdə bütün köməyimizi göstərməyi öz vəzifəmiz hesab edirik və bunu etməyə hazırıq”. Son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrlərindən Böyük sülh sazişi ilə bağlı çağırışın edilməsinə baxmayaraq ortada bir dəyişiklik yoxdu. Hətta həmsədr ölkələrə Almaniya və Türkiyənin qoşulması ideyası verildi. Cənab Ruhaninin də dediyi kimi, dost və qardaş İran münaqişənin həll variantına köməkliyini hansı yolla təklif edə bilər?
Səfir Möhsün Pakayin:
- Biz düşünürük ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün münaqişənin həllində vasitəçi olan qrup boynuna düşən vəzifəni beynəlxalq hüquqa əsaslanaraq bitərəf və ədalətli şəkildə yerinə yetirməlidir. Münaqişənin tənzimlənməsi üçün qəbul edilən beynəlxalq qətnamələrin icrası həll yollarından biridir və əgər lazım olsa İran da münaqişənin həlli prosesinə öz köməyini edə bilər.
Sual :
- Bəzən deyirlər ki, dünyanın yenidən bölüşdürülməsinə start verilib. Ukraynada baş verənlər, bizə yaxın coğrafiyada özlərini müsəlman adlnadıran İŞİD-in İraq və Suriyanın süverenliyinə təhlükə yaratması, “Ərəb baharı” adlandırılan hadisələrdən sonra Liviya, Tunis, və Misirdə hələ də qeyri-stabil vəziyyət, təbii ki, Fələstində tez-tez atəşin bərpa edilməsi onu göstərir ki, bölgədə gərgin vəziyyət hökm sürür. Son zamanlar isə Yəməndə yaranan gərginlik... Xüsusilə İŞİD barədə sizinlə ərtaflı danışmaq istəyirik. Qərb dövlətlərinin yaratdığı koalisiya indiki vəziyyətdə demək olar ki, bir müvəffəqiyyət qazana bilməyib. Terror təşkilatı həmçinin İrana yaxın sərhədlərin hüdudunda fəaliyyət göstərdiyi üçün təbii ki, ölkənizi narahat etməyə bilməz. Bu baxımdan soruşmaq istərdim ki, İŞİD-i məhv etmək bu qədərmi çətindir?
Səfir Möhsün Pakayin:
- İŞİD Qərbin super gücləri və bir neçə region ölkələrinin dəstəyi ilə yaradılan terrorçu qrupdur ki, ABŞ və İsrailin maraqlarını qorumaq məqsədi ilə müsəlman ölkələrində sabitliyi pozmaq üçün fəaliyyət göstərir. Dünya ölkələri, xüsusilə İslam dünyası bu terrorçu qrupu məhv etmək və onun kökünü kəsmək üçün ciddi cəhdlə çalışmalı və vahid cəbhədən çıxış etməlidir. Biz Qərb ölkələrinin, xüsusilə ABŞ-ın İŞİD-lə mübarizə aparmaqda ciddi olduğunu düşünmürük və onların bu terrorçu
Sual :
- Son zamanlar İranın beynəlxalq müstəvidə apardığı yeni uğurlu addımların şahidi oluruq. Artıq Altılıq ölkələri ilə çərçivə sazişi imzalanıb. Sazişə görə, İran özünün nüvə sentrifuqlarının sayını üçdə iki hissə ixtisar etməli, bunun müqabilində isə Qərb sanksiyaları qaldırılmalıdır. Lakin burada qeyri-müəyyən vəziyyət yaranır. Hər iki tərəf ilk addımın məhz qarşı tərəfin atmasını istəyir. Cənab Səfir, çərçivə sazişinin imzalanması üçün tərəflər iradə nümayiş etdirə biləcəklərmi? Nəzərə alsaq ki, indiyədək Qərblə İran razılığa gəlməyə bu qədər yaxın olmayıblar.
Səfir Möhsün Pakayin:
- Tərəflər arasında razılaşdırılan və bizim üçün qəti olan odur ki, razılaşma icra olunmağa başladığı gündən bütün iqtisadi və maliyyə sanksiyaları ləğv edilməlidir. Əslində razılaşmanı imza etdiyimiz andan bizim tərəfimizdən razılaşmanın bəndləri icra olunacaq və təbii ki, bütün iqtisadi və maliyyə sanksiyaları da elə həmin andan ləğv edilməlidir.
Sual :
- Türkiyə prezidenti R.T.Ərdoğan tez-tez BMT Təhlükəsizlik Şurasına iradlar edərək dünyanın taleyinin 5 daimi ölkənin əlində olduğunu bildirir və Təhlükəsizlik Şurasında mütləq şəkildə müsəlman dövlətinin təmsil olunmasını qeyd edir. İran İslam Respublikası müsəlman dövlətləri arasında istər ərazi, istər əhali, istərsə də nüfuz baxımından böyük dövlətdir. Siz necə fikirləşirisiniz? Ölkəniz BMT TŞ-da müsəlman dünyasını təmsil etmək vəzifəsini daşımaq istərdirmi? Məsələyə başqa bir tərəfdən yanaşsaq, indiki vəziyyətdə müsəlman ölkələri məzhəb məsələlərini kənara qoyaraq bu məsələdə iradə ortaya qoymağa qadirdirlərmi?
Səfir Möhsün Pakayin:
- Biz də düşünürük ki, BMT TŞ-nın tərkibi və onun qərarları ədalətli deyil və adətən bu şuranın qəbul etdiyi qərarlar məzlumun deyil, zalımın xeyrinə olur. Hal-hazırda TŞ-da hökm sürən ədalətsizlik fonunda İslam ölkələrinin, o cümlədən İranın bu şuraya üzv seçilməsi real deyil.
Sual :
- Türkiyə demişkən, cənab Səfir, Yəməndə baş verən məlum hadisələrdə prezident R.T.Ərdoğanın İranı günahlandırması, üstəlik bu ittihamları İrana səfəröncəsi ünvanlaması Ankara və Tehran arasında gəginlik yaşatdı. Təbii ki, Türkiyənin bir neçə min üsyançı Yəmən xalqına qarşı Səudiyyə Ərəbsitanının başında durduğu ərəb ölkələrindən ibarət 10-luq koalisiyasının yanında olmağı ədalətli mövqe hesab edilə bilməz. Hərçənd sonradan cənab Ərdoğanın İranda səfəri zamanı həmkarı cənab Həsən Ruhani ilə birgə mətbuat konfransında “bizi məshəb deyil, müsəlmanlar maraqlandırır” bəyanatını səsləndirməsi özü-özlüyündə elə sözdə bəyanat olaraq qaldı. Bu zaman belə bir sual yaranır. Türkiyə-İran münasibətlərində fikir ayrılığı yalnız məzhəbdən dolayı yaranır, yoxsa?
Səfir Möhsün Pakayin:
- İranla Türkiyənin münasibətləri dost və strateji münasibətlərdir və aydın gələcəyi var. Düzdür regional hadisələrdə, o cümlədən Suriya və Yəmən hadisələrində bəzi fikir ayrılıqlarımız vardır ki, intensiv müzakirələrlə bu fikir ayrılıqları azalıb.
Sual :
- Cənab Səfir, icazənizlə gəlin söhbətimizin ikinci hissəsinə keçək.
İki ölkə arasında ticarət dövriyyəsi bir neçə ildir demək olar ki, 500 milyon dollar səviyyəsindədir. Ancaq İran və Azərbaycanın potensialını nəzər alsaq bu qat-qat aşağı göstəricidir. Hər dəfə iki ölkə rəsmiləri tərəfindən bununla bağlı çağırışlar edirlər. Nəhayət ki, bu il ticarət dövriyyəsini 500 milyondan yuxarı səviyyəyə qaldırmaq mümkün olacaqmı?
Səfir Möhsün Pakayin:
- İran və Azərbaycan arasında ticarət dövriyyəsini artırılması üçün özəl sektorların münasibətlərini yaxşılaşdırmaq lazımdır.
Hər iki tərəf mal ixrac və idxal edir. Qarşımızda olan bəzi maneələr ya aradan qaldırılır, ya da azaldılır. Hazırda sərhəd keçid məntəqəsində yük maşınlarının sayında artım müşahidə olunur. Bundan əlavə, Azərbaycan Respublikasının İran vətəndaşlarına vizanın verilmə proseduru nisbətən asanlaşıb.
İki ölkə arasında mövcud iqtisadi və ticarət potensiallarını nəzərə alaraq, eləcə də gömrük maneələrinin azaldılması və vizaların verilməsində sadələşdirmənin tətbiq edilməsi ilə iki ölkənin ticarət dövriyyəsinin 2015-ci ildə iki dəfə artacağını gözləyirik.
Sual :
- “TAP” və “TANAP” layihələri bu gün regionda gündəmdə olan enerji layihələrindən biridir. Bir neçə gün öncə İranın Neft Nazirliyi sözgüdən layihələrə qoşulmağın mümkünlüyünü açıqladı. Bəs İranın bununla bağlı açıq mövqeyi nə yerdədi?
Səfir Möhsün Pakayin:
- İndiyə qədər mövzu araşdırma səviyyəsindədir. Lakin biz əvvəlcə ixrac potensialını artırmalıyıq. İranın Fars korfəzində olan bir neçə yataqları var ki, onlar aktivləşməlidir. Əgər bizim qaz ixracatımız lazımı səviyyəyə çatsa və təbii ki, İranın mənafeyinə uyğun olsa bu layihələrə qoşula bilərik.
Hazırda İran il ərzində 700 milyard kubmetr qaz istehsal edir və yaxın bir-iki ildə isə 1 milyard 100 milyon kubmetrə çatdırmağı planlaşdırır. 2018-ci ilədək hasilat planlaşdırılan səviyyədə olsa, regional layihələrdə iştirak edə bilərik. Bildiyiniz kimi, “TAP” və “TANAP” layihəsi ilə qaz ixracı 2018-ci ildə planlaşdırılır. Bizim fikirləşməyə hələ vaxtımız var.
Sual :
- Son vaxtlar İran-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. Ötən il hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, daha sonra yüksək səviyyəli rəsmilərin səfərləri bu əlaqələri daha da möhkəmləndirib. Bildiyimizə görə, Qəzvin-Rəşt-Astara dəmir yolu xətti layihəsi üzərində işlər gedir. Bu layihə İran, Azərbaycan, daha sonra Rusiya ərazisindən keçməklə Avropaya qədər uzanacaq xəttdir. Bilmək istərdik ki, hazırda vəziyyət nə yerdədir, hansı işlər görülür?
Səfir Möhsün Pakayin:
- Dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsinin tikintisi artıq bitmək üzrədir və ümid edirik bu hissə ilin sonuna qədər tamamlansın. Rəşt-Astara hissəsinin tikintisi üçün Tehran, Moskva və Bakı arasında əməkaşlıq barədə hal-hazırda danışıqlar gedir. / todaynews.az