Tarix : 2015 May 25
Kod 45958

İslamçılar günahsız yerə həbs olunan ruhanilərə verilən işkəncələrə etiraz etdilər

İslamçılar Azərbaycan zindanlarında həbsxana həyatı yaşayan və mömin insanların, ruhani alimlərin məhbəslərdə müxtəlif işgəncələrə məruz qalmalarına qarşı ciddi etiraz etdiklərini dilə gətirdilər.

Arannews - Azərbaycan İslam Partiyası mərkəzi qərargahında Səudiyyə Ərəbistanı hakimiyyətinin edam hökmü çıxardığı İslam alimi Ayətullah Şeyx Nimrin müdafiəsi və Azərbaycanda günahsız yerə həbs olunan ruhanilərin - Mövsüm Səmədov, Abgül Süleymanov, Fəramiz Abbasov, Taleh Bağırov, Elşən Mustafaoğlu,  Ceyhun Cəfərov, Ruhulla Axundzadə və digərlərinin hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçirildi .

Mətbuat konfransında AİP sədri Elçin Manafov, AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydırli, tanınmış ruhani alim İlham Əliyev, Milli-Mənəvi Dəyərlər ictimai birliyinin sözçüsü Mehdi Məmmədov, İslamçıların Müdafiə Komitısinin sədri Natiq Kərimov və digər iştirakçılar çıxış edərək Səudiyyə Ərəbistanı dövlət ittihamçılarının və məhkəməsinin günahsız ruhani aliminə qarşı ədalətsiz və qeyri-insani davranış göstərərək edam hökmünə məruz qoymasını və qılıncla başının kəsilməsi kimi İŞİD terrorçularına bənzər qəddarlıqla edam formasının tətbiq olunması qərarını verməsini kəskin tənqid etdilər .

Toplantı iştirakçıları, həmçinin, Azərbaycan zindanlarında həbsxana həyatı yaşayan və mömin insanların, ruhani alimlərin məhbəslərdə müxtəlif işgəncələrə məruz qalmalarına qarşı ciddi etiraz etdiklərini dilə gətirdilər .

Mətbuat konfransında bəyanat qəbul edildi. Bəyanatda Səudiyyə krallığının Ayətullah Şeyx Nimr haqqında çıxardığı edam qərarı kimi səhv addımdan geri çəkilməsi tələb olunmaqla, onun azad edilərək İslamın inkişafı və təbliği prosesində çox əhəmiyyətli fəaliyyətinin davam etdirilməsi üçün şərait yaradılmasının zəruriliyi qeyd edildi. Sənəddə habelə ölkəmizdəki məhbus ruhani alim və möminlərin azad olunmaları, cəmiyyətə faydalı və əhəmiyyətli bu insanların zindanlarda işgəncələrə məruz qoyulmasına son verilməklə onların dini fəaliyyətlərinin davam etdirilməsindən ötrü azadlıq hüquqlarının hakimiyyət tərəfindən tanınması tələb edildi.

  • Yazılıb
  • da (də) 2015 May 25