Türkiyənin tanınmış jurnalisti Mustafa Seyfullah Kılıç AzadXeber.az saytinın suallarını cavablandırıb.
AranNews- Hazırlanan müsahibəni təqdim edirik:
-Türkiyə nə üçün Suriya və Şimali İraqda əməliyyatlara başladı?
-Türkiyə əslində ABŞ-ın qərar verdiyi və özünəməxsus siyasəti olmayan bir qərarın icra edicisidir və daha çox qərbin vəkalət müharibəsində ən əhəmiyyətli fiqurlarından biridir.
Suriya və İraqdakı terrorçu qruplaşmalara şərait yaradan və onların sərhəddəki hərəkətinə maneə olmayan, hətta Milli Kəşfiyyat İdarəsi (MİT) tərəfindən təşkil edilən TIR-lar vasitəsi ilə istənilən logistik dəstəyi verən ölkə idik. İndi bu təhlükənin böyüməyinə baxmayaraq təhlükə siqnalı ilə əməliyyatlara başlaması da xarici siyasətdəki fərasətsizliyin və ABŞ-dan asılılığın göstəricisidir.
Məqsəd Suriya cəbhəsində dəstəklədikləri terrorçu qruplaşmaların rahat şəkildə nəfəs ala biləcəyi təhlükəsiz zonanı yaratmaqdır. İctimaiyyətdə yeni meydana gələn qruplaşmaların ehtimal olunan Türkiyəyə hücum qorxusunu bu istiqamətdə istifadə edən Türkiyə, İŞİD və PYD tərəfindən tutulan bölgələrdə müxalif qrupların yerləşməsi üçün addımlar atır. Beləliklə, bu bölgələrdə nəzarətdən çıxan İŞİD təhlükəsi sovuşdurulacaq, sərhəd bölgəsində olan köhnə düşmən YPG-PYD qruplaşmaları məhv ediləcək və bu bölgələrdə müxalif qrupların qərargahı yaradılacaq.
Bu səbəblə bölgədə müxtəlif vaxtlarda “İŞİD-ə qarşı əməliyyatlar keçirilir”görüntüsü yaratmağa çalışırlar. Digər tərəfdən bu əməliyyatların nə qədər təsiri olduğu başqa bir müzakirə mövzusudur.
-Sizcə vəhhabi terroru Qafqazda aktivləşə bilərmi?
-İŞİD və Nusra kimi terrorçu qruplaşmaların idealoji sturukturu yayılma özəlliyi daşıyır. Bu qruplar daxilində çox sayda Qafqaz əsilli nüfuzlu terrorçular da var. Bu terrorçuların liderləri müxtəlif zamanlarda etdikləri çıxışlarda müharibəni Qafqaza yayacaqlarını açıq şəkildə söyləyirlər.
Məsələn, “Ketibetul Muhacirun” adlı Səlahəddin Şişani liderliyindəki qruplaşma özlərini “Qafqaz Əmirliyi” olaraq adlandırır. Bunlar Qafqazdakı əmirlərinə bağlıdırlar. Yenə Cunduş Şam adlı Əbu Muslim Şişani liderliyindəki terrorçular eyni qruplaşma ilə bir yerdə olduqlarını və Qafqaza qayıdacaqlarını demək olar ki, bütün video görüntülərdə bildirirlər. Hər iki qruplaşmada çox sayda azərbaycanlı terrorçu var. Azərbaycanlıların bir qismi Türkiyə üzərindən, bir qismi də Əfqanıstandan gələrək yenə eyni yolla Suriyaya keçiblər.
Yenə Nusra Cəbhəsinin təmsil etdiyi əl-Qaidə terrorçu qruplaşmalarının içərisində olan qafqazlılar “Qafqaz Əmirliyi” terrorçu təşkilatını dəstəkləyir. İŞİD-in içərisindəki qafqazlılar isə Qafqazda öz “əmirliklərini” qurublar. Yəni həm Nusra, həm də İŞİD təfəkkürü faktiki olaraq Qafqazda formalaşıb.
Çeçenistandakı bir neçə “Qafqaz Əmirliyi”nə mənsub komandir ard-arda İŞİD lideri Əbubəkr Bağdadiyə beyət etdi. Movsar Zeynəlabidinov ilk olaraq İŞİD-ə qatılan komandirdir. Əmir Süleyman olaraq bilinən bu şəxs eyni zamanda Dağıstandakı terrorçu qruplaşmaların başçısı idi. Yenə sıra ilə Dağıstan Vilayətinin keçmiş əmiri Əbu Məhəmməd (Rüstəm Asildarov) və Məhəmməd Ağaçaulinski ilə Çeçen komandirləri Mahran və Usamə İŞİD-ə bağlı olduqlarını açıqladılar.
Baş verənlərə baxdığımız zaman Çeçenistanda başlayan və Qafazda yayılan bu hərəkat artıq “milli” olmaqdan çıxmış və bütün Qafqaza yayılacaq müharibəyə çevrilib. İŞİD-in də müdaxiləsilə bu qruplaşmalar həm öz aralarında, həm də bölgədəki hökumətlərə qarşı dərin muharibənin startını verdilər.
Mənim fikrimcə, yaxın zamanda xüsusilə İŞİD kimi yayılma özəlliyi daşıyan bu qruplaşmalar Qafqazda müharibənin baş aktyoru halına gələcəklər.
-Türkiyədəki müqavimət cəbhəsi bu gün nə qədər təsir gücünə malikdir?
-Türkiyədəki İslami müqavimət şüuru hələki uşaqlıq dövrünü yaşayır demək məncə, daha doğru olar. İslami müqavimət keçmişdə sosial faktorların təsiri ilə hicab qadağasını və sistemi tənqid edirdi.
Daha çox nəzəri fikirlərin ifadə olunduğu hərəkatın özünüifadə çətinliyi yaşadığı dövrdə birdən Suriya gündəmi ilə birlikdə meydanda daha təsirli olmağa başladı. Türkiyə İslami hərəkatı və müqaviməti Suriya hadisələri ilə birlikdə imtahan dövrünü yaşadı.
Müqavimət tərəfdarı kimi göstərilən və TV-də Suriyada öldürülən vəhhabi terrorçularını şəhid kimi göstərən müsəlmanların varlığı belə Türkiyədə başların nə qədər qarışıq olduğunu göstərir.
İnanıram ki, əvvəllər zəif çıxan və indilərdə isə konkret mövqeyə çevrilən müqavimətin səsi, Suriya hadisələrini daha yaxşı izləyərək hərəkatı inkişaf etdirəcək.
Tamamilə, ABŞ siyasətinin əsiri olan və təəssüf ki, İslami arqumentləri istifadə edərək xalqı aldadan iqtidar və sistemin onsuz da bu Suriya hadisələri ilə birlikdə oyunları ortaya çıxmışdı.
İslami müqavimət xətti Hizbullahi yola girir və inanıram ki, meydanda Türkiyə uğurlu İslami müqavimət xətti ortaya çıxaracaq.
Kənardan müşahidə etdikdə, müsəlman müqavimətçilər baxımından tamamilə, şər görünən bu işğal hərəkatının meydana gətirdiyi sorğulama və sonra gələn özünü yeniləmə müqavimət xətti içində görülən yaxşılarla pislərin ayrılması baxımından daha məhsuldar oldu.
-Hizbullah liderinin Türkiyə ilə bağlı etdiyi son çıxışı necə şərh edirsiniz?
-Hizbullah lideri Nəsrullahın (Allah onu qorusun) çıxışında ifadə etdiyi sözlər onsuzda gözlənilən idi.
Hizbullah lideri Nəsrullah, canavar olaraq adlandırdığı İŞİD-in bütün bölgəni təhdid edən və mütləq məğlub edilməsi zəruri olan bir qruplaşma olduğunu söylədi. Nəsrullah, İŞİD-in ABŞ, Körfəz ölkələri və Türkiyə tərəfindən dəstəkləndiyini və bu ölkərin təhlükə altında olduğunu bildirdi.
Türkiyə İŞİD-ə dəstək verməyinin qarşılığını mütləq alacaq dedi və dediyi də oldu. Beləliklə, İŞİD Türkiyə üçün də təhdid olmağa başladı, nəzarətdən çıxdı və sərhəd bölgəsində ciddi bir risk olaraq insanları narahat etdi. Hətta müxtəlif zamanlarda sərhəddəki əsgərlərə hücum edərək, Nəsrullahın ifadəsi ilə “tətbiq olunan layihə” olmadığını göstərmiş oldu.
Hizbullah liderinin əməliyyatlarla bağlı etdiyi “Türkiyə, İŞİD-in xətrinə dəyməmək üçün əməliyyatlara kürdləri və solçuları əlavə etdi” şəklindəki açıqlamasına baxdığımız zaman əslində, İŞİD-in yenə də tətbiq olunan layihə olduğunu göstərir. Hizbullah lideri əslində bütün baş verənlərin bölgə xalqları üçün bir fəlakətlə nəticələnəcəyi xəbərdarlığını etdi.