Politoloq Zərdüşt Əlizadə: "Qərb özünə sadiq olan terrorçuları yaxşı, ona itaət etməyənləri isə pis terrorçu adlandırır."
Arannews- Politoloq Zərdüşt Əlizadə beynəlxalq siyasi gündəmlə bağlı müsahibəni təqdim edirik :
-Rusiyanın Suriyada İŞİD terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlar Qərb siyasi dairələrində bir narahatlıq yaradıb. Onlar Suriyada konstruktiv müxalifətin məhv olunması riskini nəzərə alaraq və dinc sakinlərin bombalamasına görə anti-Rusiya bəyanatları səsləndirirlər. Başa düşmək olar, amma sizə elə gəlmir ki, bunun kökündə böyük siyasi maraqlar dayanır ?
- ABŞ başda olmaqla Qərb Suriya konfliktini, Yaxın Şərqi öz monopoliyasında saxlamaq istəyir. Onlar elə hesab edirlər ki, münaqişələr məsələsində müstəsna hüquqa malikdirlər. Halbuki, beynəlxalq hüquq bu müstəsna hüququ onlara tanımır. Bəşər Əsəd Suriyanın qanuni prezidentidir. Bilirsiniz ki, o, Rusiya qoşunlarını Suriyaya dəvət edib. Qərbin etirazı əsassızdır .
- Nəzərə alaq ki, Qərb dairələrinin yaratdığı anti-İŞİD koalisiyası da Suriyada terrorçulara aviazərbələr endirir. Amma fikir ayrılıqları böyük siyasi uçurum yaradıb. Bu mövzuda da şərhinizi almaq istərdik .
- Anti-İŞİD koalisiyası guya İŞİD hədəflərini bombalayır. Amma eyni zamanda Bəşər Əsədə qarşı olan Azad Suriya Ordusunu dəstəkləyir. Yəni, İŞİD-ə qarşı əməliyyatlar adı altında ABŞ, Qərb terrorçulara da köməklik göstərir. Lakin Qərb özünə sadiq olan terrorçuları yaxşı, ona itaət etməyənləri isə pis terrorçu adlandırır .
- Rusiya döyüş təyyarələrinin Türkiyə hava məkanını pozması Ankara ilə Moskva arasında gərginlik yaradıb. Bu gərginlik pik həddə çata bilərmi ?
- Xeyr. Çünki bu adi bir epizoddur. Buna görə iki ölkə arasındakı münasibətlər gərginləşməz. Türkiyə və Rusiya bir-biri ilə yüksək iqtisadi, siyasi əlaqələrə malik olan dövlətlərdir. İndi təsadüfi olaraq Rusiya təyyarəsinin Türkiyə hava məkanına daxil olmasına görə bu dövlətlər arasında əlaqələr soyumaz. Məgər o qırıcı təyyarələr bir-iki dəqiqə Türkiyənin hava məkanında qalmaqla, Türkiyənin təhlükəsizliyinə ziyan gəlib?! Məsələni şişirdən Türkiyədir .
-Mətbuat səhifələrindən belə məlumatlar dolaşır ki, Rusiya bombardmançı təyyarələri Azərbaycan üzərindən uçaraq Suriyaya keçib. Eyni zamanda Rusiyanın Azərbaycanı Suriya məsələsində öz yanına çəkəcəyi də iddia olunur. Bu mümkündürmü ?
- Sualınızın ikinci hissəsindən başlamaq istəyirəm. Deyim ki, bu iddia səfeh söhbətlərdən başqa bir şey deyil. Azərbaycanla Rusiya arasındakı əlaqələr iqtisadi, siyasi əlaqələrə söykənir. Eyni zamanda müəyyən mənada hərbi sahədə də əməkdaşlıq var. Yəni, münasibətlərdə ciddi bir problem yoxdur .
Suriyaya Azərbaycan üzərindən silah göndərilməsi iddiasına gəlincə, deyim ki, bunun həqiqət olacağı təqdirdə də bir problem yaranacağını düşünmürəm. Azərbaycan üzərindən NATO Əfqanıstana silah daşıyıb. Burda bir problem olmayıb ki ?!
Xeyr. İndi Rusiyanın Azərbaycan hava məkanından Suriyaya hərbi qüvvə göndərməyi ilə dünya dağılmır. Burada Azərbaycanın təhlükəsizliyinə heç bir zərər dəyməyəcək.