dünya bazarında metanolun qiymətinin aşağı düşməsinə görə mövcud müqavilədə nəzərdə tutulan qiymətlə "Qazprom" şirkətindən qazın alınması zavod üçün sərfəli deyil.
Arannews- AzMeCo (Azərbaycan metanol zavodu) Rusiyanın "Qazprom" şirkətindən qazın alınmasını dayandırıb .
AzMeCo-dan verilən məlumata görə, dünya bazarında metanolun qiymətinin aşağı düşməsinə görə mövcud müqavilədə nəzərdə tutulan qiymətlə "Qazprom" şirkətindən qazın alınması zavod üçün sərfəli deyil .
"Mövcud qiymətlərlə qazın alınmasına davam etmək, istehsalın zərərlə işləməsinə səbəb olur, ona görə də "Qazprom" şirkətindən qazın alınmasını dayandırmaq haqqında qərar qəbul olunub" - AzMeCo-dan bildirilib .
Müqavilənin qüvvədə olduğu vaxt ərzində AzMeCo 100 milyon kubmetrdən çox qaz alıb .
Qeyd edək ki, bu il sentyabrın 11-də AzMeCo Rusiyanın "Qazprom Export" şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, "Qazprom" AzMeCo-ya ildə 2 milyard kubmetr həcmində qaz satmalı idi. "Qazprom"un satacağı bu təbii qaz Qaradağ metanol zavodunun tam gücü ilə işləməsini 100% təmin edəcəkdi .
AzMeCo 2007-ci ildə yaradılıb və 2013-ci ilin dekabrında istismara verilib. Zavodun istehsal gücü ildə 720 min ton təşkil edir .